EN

Avropanın təhlükəsizliyi: Ukraynanın roluna ehtiyac var

Son 4 ildə Ukrayna Rusiya ilə müharibədə öz müdafiəsini təmin etməkdən ötrü kollektiv Qərbin, xüsusilə də Avropa İttifaqının (Aİ) hərtərəfli dəstəyindən bəhrələnib. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalar, Ukraynaya göstərdiyi davamlı maliyyə və texniki dəstək bu ölkənin müqavimət imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

İndi isə dəyişən geosiyasi şəraitdə elə bir vəziyyət yaranıb ki, Ukraynanın özü Aİ-nin təhlükəsizliyinin təmin olunmasında rol ala bilər. Bu barədə Volodimir Zelenski növbəti dəfə müraciətində bildirib. Xatırladaq ki, bu mövzuda müzakirələr xeyli müddət bundan əvvəl başlayıb. Aİ məkanında xüsusilə də Ukraynanın dron, pilotsuz uçuş aparatları (PUA) texnologiyalarına maraq getdikcə artır.

Kiyevin Yaxın Şərq təcrübəsinə istinad

Prezident Volodimir Zelenskinin müraciətində vurğulanır ki, Ukrayna əvvəllər Yaxın Şərqdə və Fars körfəzi ölkələrində keçirilən danışıqlarda qəbul edilmiş təhlükəsizlik üzrə öz təkliflərinin Avropa hissəsini hazırlayır. Dövlət başçısının müraciətində Yaxın Şərq təcrübəsinə istinad olunması təsadüfi deyil. Məlumdur ki, bir qədər bundan əvvəl V.Zelenski İran-İsrail-Amerika Birləşmiş Ştatları müharibəsinin aktiv fazada olduğu həssas bir dönəmdə regionun ayrı-ayrı ölkələrində səfərdə olub. Bu səfərlər çərçivəsində müzakirələr əsas etibarı ilə təhlükəsizlik məsələləri ətrafında aparılıb.

İndiki məqamda Ukraynanın və Yaxın Şərq ölkələrinin maraqları müəyyən mənada kəsişir və onları ortaq məxrəcə gətirən bir sıra vazkeçilməz amillər var. Artıq beşinci ildir ki, müharibə vəziyyətində olan Ukraynanın maliyyəyə, Yaxın Şərq və körfəz ölkələrinin isə müdafiə sistemlərinə kəskin ehtiyacları var. Səfər çərçivəsində aparılan müzakirələrdə tərəflərin bu kimi maraqları uzlaşdırılıb, bir sıra önəmli razılaşmalar əldə edilib və böyük maliyyə tutumuna malik müqavilələr imzalanıb. Mart ayında reallaşan səfərdən sonra V.Zelenski Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İordaniya kimi ərəb dünyasının aparıcı ölkələri ilə “tarixi” adlandırdığı 10 illik strateji hərbi əməkdaşlıq müqavilələrinin detallarını açıqlayıb. Bu razılaşmalar bütün tərəflər üçün əhəmiyyətlidir. Ukrayna lideri qeyd edib ki, hazırda rəsmi Kiyevi ən çox maraqlandıran məsələ kəskin qıtlıq yaşanan raket-interseptorların (raket əleyhinə raketlər) tədarüküdür. Bunun müqabilində Ukrayna ərəb tərəfdaşlarına dünyada analoqu olmayan dəniz dronlarının tədarükü və onların idarə edilməsi üzrə unikal təcrübəsini təklif edib.

Zelenski tərəfindən açıqlanan strateji razılaşmaların əsas bəndləri bunlardır:

Məxfi dəniz dronları tədarükü: Ukrayna Qara dənizdə Rusiya donanmasını iflic edən “Sea Baby” və “Magura” tipli dəniz dronlarını ərəb ölkələrinə tədarük etməyə razılıq verib. Bu dronlar Körfəz ölkələrinin sahil mühafizəsini gücləndirmək üçün istifadə olunacaq.

Enerji təhlükəsizliyi zəmanəti: Körfəz ölkələrinin liderləri Ukraynanın enerji sistemini bərpa etmək və yanacaq ehtiyaclarını qarşılamaq üçün uzunmüddətli dəstək vədləri veriblər. Artıq bu istiqamətdə konkret razılaşmaların olduğu bildirilir.

10 illik hərbi çətir: Hər bir ərəb ölkəsi ilə fərdi şəkildə imzalanan bu müqavilələr təkcə silah alış-verişini deyil, həm də birgə hərbi istehsalı və kibertəhlükəsizlik sahəsində koordinasiyanı əhatə edir.

Bildirilir ki, Ukraynanın “təhlükəsizlik donoru” kimi çıxış etməsi və ərəb dünyasına müasir müharibə texnologiyaları təklif etməsi regionda dəniz təhdidlərinə qarşı yeni bir balans yaradır.

Aİ ölkələri ilə birgə istehsal, modernləşdirmə və maliyyələşdirmə proqramları

Biz yuxarıda artıq 4 ili geridə qalan Rusiya ilə müharibədə Qərbin, o cümlədən də Avropa İttifaqının Ukraynaya kritik önəm daşıyan dəstəyini qeyd etdik. Lakin ötən müddətdə dünya Ukraynanın unikal təcrübəsinin şahidi olub. Belə ki, bu ölkə Rusiyaya qarşı müqavimətini yalnız Qərbdən gələn dəstək hesabına təmin etməyib, paralel şəkildə özünün müdafiə sənayesini inkişaf etdirib, müxtəlif növ yeni nəsl silah-sursat istehsalını artırıb.

Azərbaycanın qələbəsi ilə sonuclanan 44 günlük müharibə hərb tarixində artıq yeni bir dönəmin başladığını təsdiqlədi. Bu müharibədə dronların, PUA-ların nə qədər effektiv olduğu üzə çıxdı. Yaxın Şərqdə və Şərqi Avropada gedən müharibələrdə İranın və Ukraynanın daha çox istifadə etdikləri ucuz dronları və PUA-ları zərəsizləşdirməkdən ötrü rəqiblər istehsal dəyəri kifayət qədər böyük olan raketlərdən istifadə etmək məcburiyyətində qalırlar. Beləliklə də, ucuz başa gələn uçan aparatlar qarşı tərəf üçün müharibəni daha bahalı edir. Tam qətiyyətlə deyə bilərik ki, Ukrayna dronların və PUA-ların istehsalında inqilabi sayıla biləcək uğurlara imza atıb. Artıq bu ölkənin müvafiq texnologiyalarına Avropanın özündə, hətta ABŞ-da da ehtiyac yarandığı açıq şəkildə etiraf olunur. Qeyd edək ki, Ukrayna 2026-cı il iyunun 30-dək Vaşinqtonla planlaşdırılan razılaşma çərçivəsində ABŞ-a dron tədarükünə başlamağı planlaşdırır. Bu barədə Ukrayna hökumətinin Ali Radaya təqdim olunmuş 2025-2026-cı illər üzrə fəaliyyət proqramında bildirilib.

Həmçinin Avropa İttifaqı ölkələri də dron, PUA və digər innovativ texnologiyaların istehsalında Ukraynanın təcrübəsindən bəhrələnmək niyyətindədirlər. O cümlədən “Rheinmetall”,  “Thales”, “KNDS”, “Kongsberg D&A” kimi aparıcı Avropa silah istehsalçıları ilə birgə müəssisələrin yaradılması da gündəmdədir. “Növbəti həftələr Avropadakı tərəfdaşlarımızla işlər birgə istehsal, modernləşdirmə və müdafiə sahəsində maliyyələşdirmə proqramları, təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətlərin koordinasiyası üzrə aparılacaq”, - deyə V.Zelenski bəhs olunan müraciətində vurğulayıb.

Xatırladaq ki, Ukrayna 2024-cü il üçün təxminən 1 milyon dron almağı planlaşdırmışdı. 2025-ci il üçün isə müxtəlif təyinatlı 4,5 milyon pilotsuz uçuş aparatının tədarükü nəzərdə tutulmuşdu. Ukraynanın müdafiə nazirinin müavini Sergey Boyevin  məlumatına görə, bu ölkə  2026-cı ildə 7 milyondan çox pilotsuz uçuş aparatı istehsal etməyi hədəfləyir. Yeni hədəflər dron istehsalının hərbi strategiyada əsas prioritetlərdən birinə çevrildiyini göstərir.

Mübariz FEYİZLİ

Chosen
11
1
yeniazerbaycan.com

2Sources