EN

Vəhşi təbiətdə inanılmaz savaş: Şimpanzelər bir-birini qırdı

Uqandanın Kibale Milli Parkında yaşayan dünyanın ən böyük vəhşi şimpanze qrupu sayılan “Nqoqo icması”nın öz daxilində parçalanaraq uzun illər davam edən qanlı qarşıdurmaya girdiyi sənədləşdirilib.

“Yeni Sabah” Science-ə istinadla xəbər verir ki, vaxtilə vahid olan bu şimpanze topluluğunun sonradan bir-birinə düşmən iki qrupa ayrılması insan cəmiyyətindəki daxili münaqişələrə ən yaxın paralellərdən biri hesab olunur.

Tədqiqatçılar 1995-2015-ci illər arasında sosial baxımdan birgə yaşayan “Nqoqo” şimpanzelərinin zaman keçdikcə 2 hissəyə bölündüyünü müəyyən ediblər. "Qərb" və "Mərkəz" adlandırılan qruplar arasında gərginlik 2018-ci ilə qədər davam edib və sonda daimi ayrılıqla nəticələnib.

"Qərb" qrupu 7 il ərzində "Mərkəz"ə qarşı 24 planlı və koordinasiyalı hücum həyata keçirib. Bu qarşıdurmalar nəticəsində ən azı 7 yetkin erkək və 17 bala şimpanze ölüb.

Araşdırmada qeyd olunur ki, buna bənzər hadisəni 1970-ci illərdə Ceyn Qudoll Tanzaniyadakı “Qombe” şimpanze qrupunda da müşahidə edib. Lakin həmin dövrdə elmi imkanların məhdudluğu ucbatından bu proses tam şəkildə daxili müharibə kimi qiymətləndirilməyib.

Primatoloq Aron Sandel topluluğun parçalanmasına səbəb olan bir neçə əsas amili önə çəkib. Onun sözlərinə görə, 2015-ci ildə alfa erkəyin mövqeyini itirməsi və yerinə yeni liderin gəlməsi icma daxilində qütbləşməni gücləndirib.

Bundan başqa qrup daxilində fərqli əraziləri bir-birinə bağlayan yaşlı və nüfuzlu şimpanzelərin ölümü sosial əlaqələri zəiflədib. 2017-ci ildə baş verən xəstəlik yayılması isə həm fiziki, həm də sosial baxımdan qrupu daha zəif vəziyyətə salaraq bölünməni qaçılmaz edib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
28
yenisabah.az

1Sources