EN

Rusiya Bakının təhvil verməkdən imtina etdiyi “qızıl hakim”i axtarır

Krasnodar məhkəməsinin keçmiş hakimi, Azərbaycan oxucusu üçün də tanış olan Yelena Xaxalevanın adı yenidən gündəmə gəlib.

Musavat.com xatırladır ki, 2017-ci ildə qızının dəbdəbəli toyu ilə gündəmə gələn Xaxaleva barəsində cinayət işi açılıb.Mətbuatda yayılan məlumatlara görə, toya təxminən 2 milyon dollar xərclənib və tədbirdə məşhur estrada ulduzları çıxış edib. O, iddiaları təkzib edərək toyun xeyli daha az xərclə təşkil olunduğunu, ifaçıların isə dostluq münasibəti ilə çıxış etdiyini bildirib. Lakin hakim maaşı ilə belə bir dəbdəbə arasındakı kəskin uyğunsuzluq hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və geniş araşdırmalara yol açıb. Aparılan yoxlamalardan sonra Xaxaleva barəsində “xüsusilə külli miqdarda dələduzluq” və “vəzifə saxtakarlığı” maddələri ilə cinayət işi açılıb. O, qiyabi qaydada həbs edilərək beynəlxalq axtarışa verilib. İstintaqın məlumatına görə, keçmiş hakim 2021-ci ilin dekabrında Rusiyanı tərk edərək Ermənistana uçub və daha sonra geri qayıtmayıb.
İşin ən diqqətçəkən mərhələsi isə 2025-ci ilin yanvarında baş verib. Yelena Xaxaleva Azərbaycanın paytaxtı Bakı şəhərində hava limanında Dubaya getmək istərkən saxlanılıb. Bakı Apelyasiya Məhkəməsi onun barəsində seçilmiş həbs qərarını ləğv edib, qətimkan tədbirini dəyişdirib və ən əsası, Rusiya Federasiyasına ekstradisiyadan imtina qərarı verib. O, daha sonra Azərbaycan ərazisini tərk edib.
2026-cı ilin aprelində isə qalmaqal yeni istiqamət alıb. Rusiya Ali Məhkəməsi Xaxaleva ailəsi ilə bağlı geniş antikorrupsiya yoxlamalarına start verib. Bu dəfə diqqət keçmiş hakimin bacısı, Arbitraj Məhkəməsinin hakimi Natalya Xaxalevaya yönəlib. İstintaq materiallarına əsasən, bacıların qərarları nəticəsində minlərlə hektar kənd təsərrüfatı torpağının dövlət mülkiyyətindən çıxarıldığı iddia olunur. Ziyanın 1,8 milyard rubldan çox olduğu bildirilir.
Bundan başqa, Natalya Xaxalevanın bəyannamələrində göstərilməyən lüks əmlaklara sahib olduğu, o cümlədən bahalı evlər, torpaq sahələri və yüksək dəyərli avtomobilinin olduğu iddia edilir.

Musavat.com

 
Chosen
36
musavat.com

1Sources