EN

Kişi heç bir halda soyadını dəyişməməlidir. O kişi olaraq qalır, qadın isə...

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda ailə və nikah ənənələri uzun illərdir müəyyən sosial normalar üzərində qurulub. Bu normalardan biri də adətən qadının nikahdan sonra həyat yoldaşının soyadını qəbul etməsidir. Lakin son illərin statistikası göstərir ki, bu ənənə tədricən dəyişməyə başlayır. Belə ki, cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını götürüb. Əvvəlki illərlə müqayisədə də oxşar tendensiya müşahidə olunur.Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, çox maraqlı və həssas məqamlardan biridir:“Düzdür, bu 6 nəfərin öz həyat yoldaşının soyadını götürməsi nəyisə köklü şəkildə dəyişmir, amma ümumilikdə Azərbaycan və dünyada, hətta ən inkişaf etmiş ölkələr üçün belə bu, qeyri-real və qeyri-ciddi yanaşma kimi görünür. Yəni hər bir halda ailə qurulursa, bu təbii ki, vətəndaşın şəxsi seçimidir. Amma ictimai qınaq deyilən bir məqam da var. Bu isə mentalitetdən, müəyyən dəyərlərdən və qlobal səviyyədə formalaşmış stereotiplərdən irəli gəlir. Xanım ailə qurarkən həyat yoldaşının evində qərarlaşdığı və əsas məsuliyyət daha çox kişinin üzərinə düşdüyü üçün, həm psixoloji, həm fizioloji, həm də digər məsələlərdə qərarvermə amili kişilərin məsuliyyət sferasına daxil olur. Eyni zamanda ailə başçısı ənənəvi olaraq kişi sayıldığı üçün, bütün müsbət və mənfi xüsusiyyətlərlə birlikdə, kişinin soyadının qəbul edilməsi təbii və normal hesab olunur. Bu, ailənin vahidliyini, bütövlüyünü və nəslin davamlılığını ifadə edən bir xüsusiyyətdir. Genetika da bunu müəyyən mənada təsdiqləyir. Düzdür, genlər bərabər bölünür, lakin ata xətti üzrə ötürülən xüsusiyyətlər var. Yəni kişi xromosomu kişidən kişiyə keçir və bu, tibbi baxımdan məlum olan bir faktdır. Bu kimi dəyişikliklər təkcə gender rollarının dəyişməsi ilə bağlı deyil, həm də gender bərabərliyinin bəzən yanlış yozulması ilə əlaqələndirilir. Bu yanaşma bəzən bərabərlik anlayışının qadınların xeyrinə dəyişməsi kimi təqdim olunur. İstisna hallarda müəyyən səbəblər başa düşülə bilər, lakin belə halların artması gələcəkdə cəmiyyət üçün xoş olmayan tendensiyalar yarada bilər”.O qeyd edib ki, ənənəvi kişi-qadın rollarının dəyişməsi, ümumilikdə cəmiyyətin sabit və dəyərlərə əsaslanan strukturunun dəyişməsi deməkdir:“Sabit və rifahlı cəmiyyətin təməli isə ənənələrə söykənən, dəyərlərə sadiq qalan və qarşılıqlı bağlılığı ifadə edən ailə modelidir. Burada uşaqların olması da vacib amildir. Ailədə nəslin artımı olmalıdır ki, cəmiyyət inkişaf etsin və genişlənsin. Əks halda, demoqrafik artım olmadıqda cəmiyyət texnoloji inkişaf etsə belə, potensial baxımından yerində sayır və bu, sonradan tənəzzülə səbəb ola bilər. Bu baxımdan sosial dəyişikliklərin təhlili üçün artıq gecikmişik. Əgər ənənəvi kişi tərbiyəsindən danışırıqsa, kişi heç bir halda soyadını dəyişməməlidir. Kişi kişi olaraq qalır, qadının da öz yeri var. Ailə qurarkən birgəlik naminə qadının kişinin soyadını qəbul etməsi dəyərlərin və bağlılığın simvolu hesab olunur. Bu, kiminsə dəyərlərini qəbul etməyi ifadə edir və əsasən qadınlara aid bir məsələdir. Kişilərin bu addımı atmasının səbəbləri isə tam aydın deyil və suallar doğurur. Bu, təkcə Azərbaycan üçün deyil, Avropa, Şərq, Qərb, Hindistan, Çin, Amerika və Afrika üçün də qeyri-adi haldır. Ümumilikdə bəşəriyyətdə qəbul olunmuş norma ondan ibarətdir ki, ailə quran qadın həyat yoldaşının soyadını qəbul edir. Bu, könüllü əsasda baş verir və qadın istisna hallarda öz soyadını da saxlaya bilər. Lakin kişilərin soyadını dəyişməsi nadir və mübahisəli məsələ olaraq qalır. Bu gün 6 nəfərdirsə, sabah bu say arta bilər və daha geniş yayılma ehtimalı yaranar. Azlıqda olan hallar qlobal təsirlərlə tez bir zamanda çoxluğa çevrilə və ya belə bir təsəvvür yarada bilər. Bu səbəbdən məsələ ciddi sosial müdaxilə tələb etməsə də, mənəvi, hüquqi və mədəni tənzimləməyə müəyyən ehtiyac var. Ümumilikdə isə kişilərin soyadını dəyişməməsi daha doğru hesab olunur”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
demokrat.az

1Sources