EN

ADB: Yaxın Şərqdəki münaqişə region iqtisadiyyatlarına çoxkanallı təsir göstərir

Yaxın Şərqdəki münaqişə region iqtisadiyyatlarına çoxkanallı təsir göstərir.

APA-Economics” xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Qafqaz, Mərkəzi və Qərbi Asiya üzrə baş iqtisadçısı George Luarsabishvili brifinqdə deyib.

O bildirib ki, 2025-ci ildə inkişaf etməkdə olan Asiya və Sakit okean regionunda iqtisadi artım gözləntiləri üstələyib. Artım əsasən Hindistan iqtisadiyyatının güclü performansı hesabına təmin olunub və bu, Çindəki nisbi yavaşlamanı qismən kompensasiya edib.

George Luarsabishvili qeyd edib ki, regionda iqtisadi artım bir sıra ölkələrdə, xüsusilə Qazaxıstanda neft hasilatının artması hesabına sürətlənib. Türkiyədə isə artımın əsas drayveri kredit deyil, zəlzələdən sonra aparılan bərpa işləri ilə bağlı investisiyalar olub.
ADB rəsmisinin sözlərinə görə, Azərbaycan enerji sektorunda müəyyən çətinliklərə baxmayaraq, müsbət iqtisadi artım nümayiş etdirib, Gürcüstanda isə iqtisadi dinamika xarici maliyyə axınlarının davamlılığı ilə dəstəklənib.

O vurğulayıb ki, region üzrə inflyasiya ümumilikdə artıb və xüsusilə Qərbi Asiyada yüksək səviyyədə qalır. Bunun əsas səbəbləri arasında qlobal geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərqdə davam edən münaqişənin təsirləri göstərilib.

ADB nümayəndəsi qeyd edib ki, münaqişə iqtisadiyyatlara bir neçə kanal vasitəsilə təsir edir: təchizat zəncirlərində pozuntular, idxal inflyasiyasının artması, cari hesab riskləri və ticarət şərtlərinin pisləşməsi.

Bundan əlavə, o bildirib ki, qlobal maliyyə şəraitinin sərtləşməsi də əlavə risk yaradır. Belə ki, ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankının faiz endirimlərini dayandırması region ölkələrinin borclanma imkanlarını məhdudlaşdıra bilər.

George Luarsabishvilinin sözlərinə görə, bu amillər həm istehlakı, həm də investisiyaları zəiflədərək region üzrə iqtisadi artım tempinə mənfi təsir göstərə bilər.

Chosen
19
1
apa.az

2Sources