EN

Barışdıran adamın yoxluğu - Əliməmməd Nuriyev yazır

Mirkərim ağanın yoxluğunu cümlələrlə ifadə etmək ağırdır. 8 aprel günü təkcə Ərkivan kəndində yox, bütün elimizdə bir arxayınlıq azaldı. Hamının hörmətlə “Ağamız” dediyi Mirkərim ağa haqq dünyasına qovuşdu.
 

Onun haqqında çox söz demək olar. Din xadimi idi, seyid nəslindən idi. Amma el arasında ona “Ağa” deyilməsi təkcə nəsil mənsubiyyəti ilə bağlı deyildi. Bu müraciətin arxasında həm dini-mənəvi çəkisi, həm də öz şəxsiyyətinin qazandırdığı nüfuz dayanırdı. O, bu adı sadəcə daşıyanlardan deyildi, bu ada layiq yaşayanlardan idi. İnsanlar ona yalnız dini biliyinə görə yox, ədalətinə və düz sözünə görə bağlanmışdılar.

Onu fərqləndirən ən mühüm xüsusiyyət isə barışdırmaq bacarığı idi. El arasında deyirdilər ki, əgər Mirkərim ağa iki narazı insanın arasına girdisə, artıq o məsələ həllini tapacaq. Çünki onun sözü keçirdi. Bir kəlməsi kifayət edirdi ki, illərlə yığılıb qalan inciklik yumşalsın, qisas söhbəti dayansın, qan bağlansın, nifaq aradan qalxsın. Bu, sadəcə yaşın gətirdiyi hörmət deyildi, illərlə qazanılmış etibar idi. Hamı bilirdi ki, Mirkərim ağa haqsız tərəfi müdafiə etməz, söz deyəndə yalnız haqqı əsas götürər. Elə buna görə də onun dediyi qəbul olunardı.
O, insanları ayıran yox, birləşdirən adamlardan idi. Elin içində sakitlik yaradan, münasibətləri qoruyan insan idi. Belə adamlar olanda mübahisələr böyümür, incikliklər düşmənçiliyə çevrilmir.

Amma Mirkərim ağanı yalnız bununla xarakterizə etmək azdır. Onun Vətən sevgisi də fərqli idi. 44 günlük Vətən müharibəsi günlərində bu daha aydın göründü. Rayonda və kənddə keçirilən şəhid məclislərinin demək olar ki, heç biri onun iştirakı olmadan keçmədi. O, bu məclislərdə sadəcə iştirak etmirdi, millətin ağrısını bölüşür, şəhid ailələrinin yanında dayanırdı. Bu, onun dövlətinə bağlılığının, xalqına sevgisinin və Vətənə sədaqətinin təbii ifadəsi idi.

Haqsızlıq görəndə susanlardan deyildi. Bəzən hamının susduğu yerdə danışmaq lazım olur, o isə belə məqamlarda geri çəkilməzdi. Məclisə daxil olanda insanların ayağa qalxması da təsadüfi deyildi. Bu, qorxudan yox, hörmətdən doğan münasibət idi. Özü də hörmət etməyi yaxşı bilirdi, ziyalılara dəyər verər, elm adamlarına ehtiram göstərər, böyüklərin haqqını gözləyərdi. Davranışı ilə nümunə olmağa çalışardı.

Bu gün onun yoxluğu ona görə daha ağır hiss olunur ki, belə adamların yeri asan dolmur. Barışdıran insan tapmaq çətindir, etimad qazanmış insan tapmaq çətindir, hamının sözünə razı olduğu adam tapmaq çətindir.

8 aprel günü təkcə Ərkivan yox, bütün elimiz belə bir insanını itirdi.
Allah Mirkərim ağaya rəhmət eləsin. Ruhu şad olsun.


Əliməmməd Nuriyev

"Konstitusiya” Araşdırmalar Fondunin rəhbəri

Chosen
16
qht.az

1Sources