EN

Bu sui-istifadə üçün zəmin yaradır - Deputatdan ETİRAZ

Deputat dövlət vəsaitinin mənimsənilməsi hallarında məsuliyyətdən azadolma normasının məhdudlaşdırılmasını təklif edir

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, müzakirəyə çıxarılan Cinayət Məcəlləsinin 308-1-ci maddəsinə dəyişikliklər layihəsi ümumilikdə hüquqi baxımdan mühüm və zəruri addımdır. Onun sözlərinə görə, “dövlətə məxsus hüquqi şəxslər” anlayışının genişləndirilməsi və dövlət payı olan qurumların, xüsusən publik hüquqi şəxslərin məsuliyyət dairəsinə daxil edilməsi müasir idarəetmə prinsiplərinə uyğun yanaşmadır.

M.Məmmədli qeyd edib ki, layihəyə əlavə olunan və bu əməli ilk dəfə törədən şəxsin vurduğu ziyanı tam ödədiyi halda cinayət məsuliyyətindən azad olunmasını nəzərdə tutan müddəa daha ciddi yanaşma tələb edir.

Deputat vurğulayıb ki, burada söhbət adi hüquq pozuntusundan deyil, dövlət büdcə vəsaitini idarə edən vəzifəli şəxslərdən gedir: “Bu şəxslər dövlətin etimadını daşıyır və ictimai resursları idarə edir. Bu baxımdan "ziyanı ödə və məsuliyyətdən azad ol" yanaşması kifayət etmir və sui-istifadə üçün zəmin yaradır”.

O, çıxışında konkret faktlara da toxunub. Bildirib ki, Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarının sabiq direktoru külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunsa da, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün şərti cəza alıb və sonradan özəl sektorda məsul vəzifələrdə fəaliyyətini davam etdirib.

Deputat əlavə edib ki, Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində də külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq maddələri ilə cinayət işi aparılsa da, dəymiş ziyanın ödənilməsi əsası ilə cinayət məsuliyyətindən azad olunub. Daha sonra isə həmin şəxs yenidən yüksək vəzifələrə təyin edilib.

M.Məmmədli hesab edir ki, bu cür hallar göstərir ki, məsuliyyətdən azadolma mexanizmi geniş tətbiq edildikdə idarəetmədə ciddi problemlərə yol aça bilər. Onun fikrincə, bu yanaşmaya yenidən baxılmalı və xüsusilə böyük məbləğli hallarda tətbiqi məhdudlaşdırılmalıdır.

Chosen
2
3
sabahinfo.az

4Sources