EN

"Süni intellekt vasitəsilə təhlükəsizlik sistemlərinə müdaxilə edilir" - Deputat

"Süni intellektlə bağlı hallarda hər hansı şəxsin şərəf və ləyaqətinə zərər vurulub-vurulmadığı konkret şəkildə qiymətləndirilməli və belə hallarda şəxs məhkəməyə müraciət etməlidir. Məsələn, reallığı əks etdirməyən bir görüntüdə mənim iki övladımla olan şəklim süni intellekt vasitəsilə dəyişdirilərək guya üç övladım varmış kimi təqdim edilə bilər. Bu reallığı əks etdirmir, lakin burada mənim şərəf və ləyaqətimə və ya işgüzar nüfuzuma zərər vuran məqam yoxdur. Bu halda mənim razılığım olmadan yayılsa belə, həmin şəxs barəsində cinayət işi başlanması üçün müraciət etmək əlavə vaxt itkisinə və məhkəmənin yüklənməsinə səbəb olar".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirdi.

O əlavə etdi ki, məhz buna görə də bir çox hallarda cinayət tərkibi olmayan, zərər elementi daşımayan məsələlərlə bağlı istintaq orqanları əlavə araşdırmalara maraq göstərmir:

"Hazırda 148.1-ci maddə müzakirə olunur və digər məsələlər də gündəmdədir. Bu kontekstdə qeyd etmək istəyirəm ki, əməlin süni intellekt texnologiyalarından və ya xüsusi proqram təminatlarından istifadə edilməklə törədilməsi ayrıca nəzərə alınmalıdır. Təklif edirəm ki, Cinayət Məcəlləsinin 61-ci maddəsində cəzanı ağırlaşdıran hallarda bu məsələ ayrıca göstərilsin. Həmin maddənin 61.1.10-cu bəndində artıq qeyd olunur ki, cinayətin partlayıcı vasitələrdən, digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi ağırlaşdırıcı hal sayılır. 61.3-cü bəndə görə isə, xüsusi hissədə artıq cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulan hallar cəza təyin edilərkən təkrar nəzərə alınmır.

Hesab edirəm ki, süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə edilməsi də xüsusi təhlükəli üsul kimi bu maddədə ayrıca qeyd olunmalıdır. Çünki müasir dövrdə baş verən hadisələr göstərir ki, bu texnologiyalar vasitəsilə təhlükəsizlik sistemlərinə müdaxilə edilir, müxtəlif əməliyyatlar həyata keçirilir və ciddi nəticələrə səbəb olur. Bu baxımdan həmin üsulların hüquqi olaraq təhlükəli metod kimi tanınması daha məqsədəuyğun olar".

NURİYYƏ

 

Chosen
19
1
redaktor.az

2Sources