EN

Mis qabın çatı, qaynaq aparatının odu, ağzımızın dadı...

Bakı, 10 aprel, AZƏRTAC

İçəri daxil olan kimi səssizliklə üzləşirsən. Lakin bu sakit guşədə diqqətlə iş görüldüyü hiss olunur. Ətrafa müxtəlif ölçüdə olan köhnə samovarlar, mis qablar, məcməyi, sərnic, tava, çaydan, təmizlənib par-par parıldayan əşyalar düzülüb. Bu əşyalar sadəcə məişət avadanlığı deyil, onların hər biri keçmişdən gələn xatirə, bir evin izi, bir ocağın yaddaşıdır. Bura qalayçı Əkrəm Məmmədovun emalatxanası, onun köhnə mis qabları yenidən həyata qaytardığı, od-alov, su, əski və zəhmətlə təzələndiyi məkandır.

İlk baxışda “mis qablar qəbiristanlığı”nı xatırladan emalatxana əslində köhnə məişət əşyalarının yenidən istifadəyə qaytarıldığı, təzələndiyi ünvandır. Amma səriştəli usta əlindən keçəndən sonra...

AZƏRTAC-ın müxbiri qalayçı Əkrəm Məmmədovun emalatxanasında olub. “Qabın vəziyyətindən çox şey asılıdır. Necə deyərlər, qab var, qab var... Qab var ki, onu bir neçə saata təmir etmək, yenidən istifadəyə qaytarmaq olar. Qab da var ki, səliqəsiz formada istifadə edildiyindən onun üzərində iki-üç gün işləmək lazım gəlir. Qabın necə istifadə edilməsindən çox şey asılıdır”, - deyə usta söhbət açıb.

O, özünün qalayçılıq təcrübəsindən maraqlı epizodlar xatırlayıb: “Elə olub ki, müştərinin əlini üzdüyü bərbad vəziyyətə düşmüş məişət əşyası gətiriblər, təmir edib, qaydaya salandan sonra sahibi həmin əşyanın ona məxsus olmasına inanmayıb. Hətta gedib həyat yoldaşını gətirib ki, görsün bu əşya onlarındır, ya yox. Məcbur olub əşyanın ilkin mərhələdəki görkəmini, sonrakı vəziyyətini əks etdirən şəkilləri göstərib müştərini inandırmışıq. Yaxud çirkli, kirin-pasın içində olan samovarı təmizləyib parıldadırsan, gəlib keçənlər deyir: "Heç bizim evdə gəlinlər samovarı belə təmizləmirlər". Hər cür hadisə ilə, hər xasiyyətdə olan müştəri ilə rastlaşırıq”.

Əkrəmin bu işə könül verdiyi 20 ildən çoxdur. Onu bu peşəyə yalnız ürəyinin hökmü və qalayçı peşəsinə olan məhəbbət gətirib. O, işə başlayanda əvvəlcə qabın içini, üzərindəki köhnə çatları, çirk və oksidləri təmizləyir. Qab odun üzərində qızdırılandan sonra onun daxili səthinə qalay sürtülür. Yüksək temperaturda əridilən qalay bərabər şəkildə qabın səthinə yayılır. Nəticədə qabın içində parlaq və gümüşü rəngli qoruyucu qat yaranır.

İlk baxışda sadə görünən bu sənət çox böyük dəqiqlik və səbir tələb edir. Qaynaq aparatındakı alovun istisi, metalın sərtliyi və incəlik bir araya gələrək köhnəlmiş, qaralmış, zədələnmiş mis qablara “ikinci həyat” verir, onları yenidən məişətə qaytarır. Ona görə də qalayçılıq təkcə sənət yox, həm də yaddaşın, ənənənin və keçmişin qorunmasıdır. Bunu Əkrəm özü də deyir: “Mis qazanda hazırlanan xörəyin dadını, misdən olan samovarda kömürlə qaynadılan çayın ləzzətini nə verə bilər? Bu peşəni öyrəndiyim qalayçıların bir sözünü həmişə xatırlayıram. Deyərdilər ki, mis qabın çatı, qaynaq aparatının odu, ağzımızın dadı... İlk vaxtlar bu sözün mənasına o qədər fikir verməsəm də, indi yaxşı başa düşürəm. Misdən hazırlanan qazanlar, tavalar, samovarlar seyrəldikcə, qalayçı peşəsi unudulduqca ağzımızın dadı da gedir. Həmin qablar istiliyi daha yaxşı saxlayır və yeməklər daha dadlı bişir. Lakin bununla yanaşı mis metalının qida ilə təması, onun içərisində çox qalması zəhərlənməyə səbəb ola bilər. Qalaylanmış qablar isə qidanın metal ilə birbaşa təmasını azaldır, yeməyin dadını dəyişmədən qoruyur, qabın ömrünü uzadır və daha təhlükəsiz hesab olunur”.

Qədim xalq sənətini yaşadan qalayçı bu peşəni öyrəndiyi təcrübəli ustalar - Zahid Eyvazovun, Ramiz Soltanovun, Yusif Əliyevin, Şəmsəddin Soltanovun adlarını minnətdarlıq hissi ilə çəkir: “Onlar əsl sənətkar bu işin mükəmməl biliciləridir. Əbəs yerə deməyiblər ki, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Onlardan çox şey öyrənmişəm və yenə də öyrənirəm. İşi görüb qurtarandan sonra deyərdilər ki, görülən işdən gül iyi gələr. Üstü toz-torpaqla örtülmüş, içərisini pas tutmuş, iç səthi keyfiyyətini iyirmi qab-qacaq usta əli ilə təmirdən çıxandan sonra üzə gülür, par-par parıldayır, iki göz istəyir ki, tamaşasına dursun”.

Təəssüf ki, müasir dövrdə qalayçılıq bir peşə kimi get-gedə unudulur, bu peşəni yaşadanlar isə barmaqla sayılacaq qədərdir. Zavod istehsalı olan ucuz metallardan istehsal edilən qablar, texnologiyanın inkişafı və sürətli həyat tərzi qədim sənətləri kölgədə qoyur. Yaxşı ki, tək-tək də olsa Əkrəm kimi ürəyinin səsi, qədim sənəti yaşatmaq arzusu ilə bu peşəyə gələnlər var. Emalatxanada yan-yana düzülən köhnə, qədim məişət əşyaları zamanın kir-pasından təmizlənərək usta əllərinin naxışı ilə yenidən həyata qayıdaraq istifadəyə yararlı hala gəlir. Ustanın işi sanki bir həqiqəti xatırladır: köhnəni atmaq əvəzinə onu yeniləmək, qorumaq və yaşatmaq lazımdır. Bəlkə də ona görə deyiblər: Ən yaxşı yenilik unudulmuş köhnəlikdir.

Emalatxanadan çıxıb uzaqlaşırıq. Lakin qalayçının çəkici, qaynaq aparatı və mis qabların səsi qulağımızda qalır...

Chosen
21
1
azertag.az

2Sources