EN

“Hər layihəni qəbul etmək doğru deyil” – Aktrisa ilə MÜSAHİBƏ

“Mənim üçün ən vacib məsələ oynadığım obrazın mənəvi tərəfidir”.

Bu sözləri tanınmış aktrisa Əsmər Rüstəmli Hit.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

-    Əsmər xanım, aktrisalığa yeni başlamış biri olaraq karyeranız necə gedir? İnsanların reaksiyaları necədir?
-    Aktrisalığa yeni başlamış olsam da, bu yol mənim üçün çox maraqlı və dinamik keçir. İlk mərhələdə insanların diqqətini o qədər hiss etmirdim. Lakin zaman keçdikcə reaksiyalar artmağa başladı. Artıq küçədə baxışlardan, sosial şəbəkələrdə yazılan xoş sözlərdən hiss edirəm ki, insanlar məni tanımağa başlayır. Bu da mənə həm motivasiya verir, həm də məsuliyyətimi artırır.

-    Artıq yeni film, serial təklifləri almağa başlamısınızmı?
-    Bəli, artıq müəyyən təkliflər almağa başlamışam. Bu da mənim üçün çox sevindirici haldır. Amma düşünürəm ki, hər layihəni qəbul etmək yox, doğru layihəni seçmək daha vacibdir. Ona görə də seçimlərimdə bir az seçiciyəm. Hələlik bəzi maraqlı planlar var, ancaq hələlik kiçik bir sirr olaraq qalsın.

-    Maraqlıdır, hazırda davam edən hansı türk serialındakı obrazı oynamaq istəyərdiniz?
-    Açığı, serialları çox izləyən biri deyiləm. Lakin ümumilikdə məni daha çox dərin psixoloji və detektiv janr maraqlandırır. Bu baxımdan Aslı Enverin oynadığı layihələr mənə çox yaxındır. Xüsusilə “Arayış” filmindəki atmosfer və obrazların dərinliyi mənə çox təsir edib. Özümü bu tip rollarda da görürəm.

-    Aktrisa olaraq “qırmızı xətt”iniz nədir?
-    Mənim üçün ən vacib məsələ oynadığım obrazın mənəvi tərəfidir. Süni, mənasız və ya sadəcə diqqət çəkmək üçün olan səhnələr mənə uyğun deyil. Mən istərdim ki, oynadığım hər obrazın mesajı və dəyəri olsun. Yəni tamaşaçıya nə isə ötürə bilmək istəyirəm. Çünki mənim üçün aktrisalıq sadəcə görünmək yox, həm də onu hiss etdirməkdir.

-    Hazırda çəkildiyiniz “İki qapı arasında” serialının karyera başlanğıcı üçün doğru seçim olduğunu düşünürsünüz? 
-    Bəli, eynən elə düşünürəm. Çünki “İki qapı arasında” mənim üçün sadəcə bir layihə yox, həm böyük təcrübə, həm də bu sahədə inkişafım üçün çox önəmli bir addımdır. Bu işdə qazandığım hər şey çox dəyərlidir. Xüsusilə də layihənin rəhbəri və eyni zamanda serialda “Duyğu”nun baş bəlası, həyat yoldaşı “Sadiq”i canlandıran Elməddin Cəfərovu qeyd etmək istəyirəm. O, həm yaxşı dostum, həm də böyük hörmət etdiyim bir insan kimi çəkiliş meydançasında hər zaman dəstəyini hiss etdiyim insandır. Hazırda serialda hər şey çox gözəl gedir, reytinqlər və izləyicilərin marağı əladır. Məni bu layihəyə dəvət etdiklərinə görə bir daha başda Elməddin Cəfərov olmaqla, bütün yaradıcı heyətə ürəkdən təşəkkür edirəm.

Elmir Mustafa

Chosen
21
1
hit.az

2Sources