EN

Əmək Məcəlləsinə mühüm dəyişikliklər  

 
Milli Məclisin iclasında Əmək Məcəlləsinə və “Gender bərabərliyinin təminatları haqqında” qanun layihəsi müzakirə olunub.

Musavat.com xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Musa  Quliyev layihə barədə məlumat verib.  

Komitə sədri deyib ki, Azərbaycan Respublikası tərəfindən BƏT-in 10 fundamental Konvensiyasının, o cümlədən Əməyin Bərabər Ödənilməsi haqqında 100 saylı və ayrı-seçkiliyin aradan qaldırılması haqqında 111 saylı Konvensiyalarının qəbul edilməsi ölkəmizdə sosialyönümlü dövlət siyasətinin ardıcıl və uğurla həyata keçirilməsinin, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi prinsipinin tətbiq edilməsinin aydın təzahürü kimi BƏT-in Konvensiyaları və Tövsiyələrin tətbiq edilməsi üzrə Komitə tərəfindən daima yüksək giymətləndirilir: “Azərbaycanda qadınlar üçün əvvəllər qadağan olunmuş 674 peşə üzrə məhdudiyyətlərin aradan qaldırılması və şəffaflığın artırılması məqsədilə rəqəmsal əmək müqavilələrinin tətbiqi kimi son islahatlar Komitə tərəfindən xüsusilə qeyd olunur. Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə  bu prinsip yalnız “eyni və ya oxşar işlər” çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.

Bu xüsusda ölkəmizdə əməkhaqqı sahəsində gender bərabərliyinin ən yüksək səviyyədə təmin olunması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zərurətini şərtləndirən əsas amillərdən biri də, məhz qeyd olunan beynəlxalq öhdəliklərdən irəli gəlir. Təqdim olunan layihəyə əsasən, Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir. Belə ki, Məcəllədə işəgötürənin vəzifələrini nəzərdə tutan 12-ci maddənin “g” bəndi təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir”. 

Komitə sədri qeyd edib ki, eyni zamanda  Məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulan tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulub:

"Layihədə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliyə əsasən əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur. Müzakirənizə təqdim edilən Qanun layihəsinin qəbul edilməsi, ölkəmizdə əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazasının daha da təkmilləşməsinə, Azərbaycanın beynəlxalq reytinqinin yüksəlməsinə xidmət edəcək.

Qanun layihəsi konseptual baxımdan 1-ci oxunuşun tələblərinə cavab verir, layihə Əmək və Sosial Siyasət Komitəsində ətraflı müzakirə edilmiş və Milli Məclisin plenar iclasına müzakirə üçün təqdim olunub. Qanun layihəsin dəstəkləməyinizi xahiş edirəm”.
Müzakirələrdən sonra layihə qəbul olunub.

E.Paşasoy,
Musavat.com
Chosen
9
musavat.com

1Sources