EN

Kirayə mənzil vətəndaşlar üçün nə qədər əlçatandır?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Bu ilin I rübündə Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 1 ünvan üzrə 235 müqavilə rəsmiləşdirilib.

İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, dövlətə məxsus mənzillər Sumqayıt şəhərində 1 ünvanda yerləşən yaşayış komplekslərindən kirayəyə verilib.

Bu mexanizm vasitəsilə inidiyə qədər 9305 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60 %-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Ümumilikdə, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində Fond vətəndaşlara 17 ünvanda mənzillər təqdim edib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.

Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir.

Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Satmaq öhdəliyi ilə kirayə mexanizmi real bazar tələbatını nə dərəcədə qarşılayır? Gəlir tələbləri və ilkin ödəniş şərtləri orta statistik vətəndaş üçün nə dərəcədə uyğundur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, yüksək gəlirli şəxslər mərkəzə üstünlük verdiyi üçün bu layihələr bazara ciddi təsir göstərmir:

“Dövlət tərəfindən güzəştli şərtlərlə satmaq şərti ilə kirayə verilən mənzillər əsasən əhalinin aşağı təbəqəsi və nisbətən orta təbəqəli insanlar üçün əlverişlidir. Belə ki, bu mənzillər bir çox hallarda şəhərin kənarında və ya şəhərdən nisbətən uzaq ərazilərdə yerləşir.

Bu səbəbdən həmin mənzillərdən daha çox aztəminatlı ailələr və yeni ailə qurmuş gənclər yararlanmağa çalışır. Çünki normal gəliri olan, imkanlı şəxslər adətən bu ərazilərdə mənzil almağa üstünlük vermirlər.

Daha yüksək gəlirli və həyat şəraiti yaxşı olan insanlar şəhərin mərkəzində və daha əlverişli yerlərdə yaşamağa üstünlük verirlər. Bu baxımdan, həmin ərazilər onlar üçün cəlbedici hesab olunmur”.

Onun sözlərinə görə, şəhər mərkəzində mənzil qiymətlərinin yüksək olması gənclərin ev sahibi olmasını çətinləşdirir:

“Satmaq şərti ilə kirayə verilən mənzillər həm güzəştli qiymətlərlə təklif olunur, həm də ödəniş mexanizmi baxımından gənc və aztəminatlı ailələrin marağını artırmağa yönəlib.

Bu səbəbdən, bu mexanizmin daşınmaz əmlak bazarına ciddi təsir göstərməsi gözlənilmir. Burada əsas faydalanan qrup məhz gənc ailələr və aztəminatlı vətəndaşlardır.

Nəzərə alsaq ki, şəhərdə 1 otaqlı yeni tikili mənzillərin qiyməti 200 min manatdan başlayaraq yüksəlir, bu kateqoriyadan olan insanların mərkəzi ərazilərdə mənzil alması demək olar ki, mümkünsüz görünür.  Bu baxımdan, belə layihələrin davam etdirilməsi məqsədəuyğun hesab olunur”.

Ekspert qeyd edib ki, kiçik büdcəli ailələrin şəhər kənarından mənzil alması ümumi əmlak bazarına ciddi təsir edə bilməz:

“Çünki mərkəzə yaxın ərazilərdə satılan mənzillər onların maliyyə imkanlarına uyğun deyil. Ona görə də güzəştli mənzillərə yönəlmə bazarda ciddi dəyişiklik yaratmayacaq.

Əksinə, bu, kifayət qədər müsbət və faydalı bir layihədir. Belə təşəbbüslərin sayının artırılması, xüsusilə gənclər və aztəminatlı ailələr üçün daha geniş imkanların yaradılması daha məqsədəuyğun olardı.

Satmaq şərti ilə kirayəyə verilən mənzillərin ümumi sahəsi kvadratmetrə görə dəyişir. Buna uyğun olaraq həm aylıq ödəniş, həm də ilkin ödəniş mənzilin yerləşdiyi əraziyə, otaq sayına və ümumi sahəsinə görə fərqlənir. Yəni qiymətlər bu amillər nəzərə alınmaqla hesablanır”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

Kirayə mənzil Anar Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
1
cebheinfo.az

2Sources