EN

“Gənclər arasında asılılıq halları ciddi sosial və sağlamlıq problemlərinə səbəb olur" - Məleykə Əlizadə

Deputat Göydəniz Qəhrəmanlı çıxış edərək nikah zamanı narkoloji arayışın da tələb olunmasını təklif edib. O bildirib ki, narkotik vasitələrin qəbulu insan sağlamlığına ciddi zərər vurmaqla yanaşı, cəmiyyət üçün də böyük təhlükə yaradır və insanların taleyinə mənfi təsir göstərir.

Mövzu ilə bağlı Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlamasında ailə qurularkən sağlamlıq arayışına narkotik vasitə və psixotrop maddələrin istifadəsinin yoxlanılmasının daxil edilməsini vacib addım kimi qiymətləndirib.

Sədr bildirib ki, gənclər arasında asılılıq halları ciddi sosial və sağlamlıq problemlərinə səbəb olur.

M.Əlizadənin sözlərinə görə, “Bu, əslində çoxdan olmalı idi və cəmiyyətin gələcək sağlamlığı üçün atılan ən vacib addımlardan biridir".

O, qeyd edib ki, hazırkı dövrdə gənclər arasında narkotik vasitələrə və psixotrop maddələrə meyillilik ailələrin dağılması, cinayətlərin artması və sosial problemlərin yaranması ilə nəticələnir.

Məleykə Əlizadə bildirib ki, “Bu günlərin gənclərində təəssüflər olsun ki, asılılıqlar var və bu, təkcə sağlamlığa yox, gələcək nəsillərin də sağlamlığına ciddi təhlükə yaradır".

Sədr vurğulayıb ki, ailə qurulan zaman tələb olunan sağlamlıq arayışına bir sıra əlavə yoxlamaların daxil edilməsi vacibdir.

Onun sözlərinə görə, belə bir tələb gənclərin məsuliyyət hissini artıracaq və sağlam həyat tərzinə yönəlməsinə təsir göstərə bilər.

Sədr vurğulayıb ki, “Sağlamlıq arayışı təkcə formal sənəd olmamalı, bir çox vacib risk faktorlarını da əhatə etməlidir".

Məleykə Əlizadə həmçinin bu təşəbbüslə yanaşı, geniş maarifləndirmə işlərinin aparılmasının da vacibliyini qeyd edib. Onun fikrincə, yeniyetməlik dövründən etibarən gənclərin sağlam həyat tərzi barədə məlumatlandırılması gələcəkdə bu kimi problemlərin qarşısının alınmasına kömək edər.

Fatimə Nəbiyeva

Chosen
16
qht.az

1Sources