EN

Böhranlar dönəminin prezidenti: Pezeşkianı qarşıda nə gözləyir? – ÖZƏL

İranda prezident seçkiləri ilkin olaraq 2025-ci ildə keçirilməli idi. Lakin prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra növbədənkənar seçkilər elan olundu. Seçkilərin birinci turu 28 iyun 2024-cü ildə keçirildi, lakin heç bir namizəd səs çoxluğu qazana bilmədi. Nəticədə Məsud Pezeşkian  5 iyulda keçirilən ikinci turda  və Səid Cəlili ilə qarşılaşdı. Səsvermənin nəticələrinə əsasən Pezeşkian qalib gələrək 28 iyul 2024-cü ildə vəzifəsinin icrasına başladı. İslahatçı mövqeyi ilə tanınan və azərbaycanlı mənşəli prezident kimi təqdim olunan Pezeşkian son iki ildə gərgin siyasi dövr yaşayıb. Bu müddətdə İran 12 və 38 günlük müharibələrlə üzləşsə də, o, proseslərdən siyasi baxımdan mövqeyini qoruyaraq çıxmağı bacarıb.

Maraqlıdır, növbəti dəfə onun prezident seçilməsi mümkündürmü? Pezeşkianı hansı nəticələr gözləyə bilər? 

"Məsud Pezeşkian İran prezidentləri arasında daha demokratik, xalqın seçdiyi, hörmət etdiyi və rəğbət bəslədiyi siyasətçilərdən biri hesab olunur. Ümumilikdə demək olar ki, mövcud rejim daxilində müəyyən dairələr başqa namizədlərin seçilməsini istəsələr də, xalqın dəstəyi nəticəsində Pezeşkian prezident oldu".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, hazırda o, kifayət qədər təşəbbüskar və fəal görünür. Düzdür, İran siyasi sistemində prezidentin səlahiyyətləri məhduddur və son qərarverici fiqur deyil. Lakin buna baxmayaraq, Pezeşkian bu mürəkkəb və kritik dövrdə öz mövqeyini və nüfuzunu qoruyub saxlaya bilib. O, həm hakimiyyət daxilində əlaqələrini davam etdirə, həm də xalqla bağını qoruya bilib. Bu isə onun xüsusi kommunikasiya bacarıqlarına malik olduğunu göstərir. Nəzərə alsaq ki, son illər İran üçün olduqca çətin və gərgin keçib, müxtəlif siyasi və hərbi böhranlar yaşanıb, belə bir şəraitdə bir çox siyasətçilər ya nüfuzlarını, ya da mövqelərini itiriblər. Pezeşkian isə həm nüfuzunu, həm vəzifəsini qoruyub saxlayıb.

Siyasi şərhçinin fikrincə, İranın gələcəkdə yenilənməsi və müəyyən müsbət dəyişikliklərin baş verməsi məhz onun kimi fiqurların fəaliyyəti ilə bağlı ola bilər. Çünki İranın transformasiyaya ehtiyacı olduğu açıq görünür. Mövcud sistemin resursları tədricən tükənir, beynəlxalq müstəvidə qəbul səviyyəsi aşağıdır və xüsusilə ABŞ tərəfindən qəbul edilmir. Eyni zamanda, ölkə daxilində də müəyyən narazılıqlar mövcuddur. Müharibə və gərginliklər səbəbindən bu etirazlar bəzən açıq şəkildə görünməsə də, ümumi ictimai gözləntilər dəyişikliklərin labüd olduğunu göstərir. Bu baxımdan, daha dünyəvi və mülki idarəetmə modelinə keçid ideyası daha məqbul görünür. Pezeşkian həm dünyəvi düşüncəyə yaxın siyasətçi kimi, həm də hazırda populyar fiqurlardan biri kimi bu prosesdə önə çıxa bilər. Lakin onun gələcək siyasi taleyi həm öz nüfuzunu qoruyub saxlamasından, həm də sistem daxilində qəbul olunmasından asılıdır.

"Qeyd etmək lazımdır ki, onun yenidən namizədliyinin irəli sürülməsi müəyyən institusional qərarlardan, o cümlədən müvafiq qurumların təsdiqindən asılıdır. Bu isə İranın siyasi sisteminin spesifik xüsusiyyətlərindən irəli gəlir. Hazırkı çətin şəraitdə - iqtisadi problemlər, sosial gərginliklər və təhlükəsizlik riskləri fonunda - bu qədər yükə tab gətirmək asan deyil. Lakin onun sağlamlığı, siyasi təcrübəsi və indiyə qədərki fəaliyyəti belə bir rolu davam etdirməyə imkan verə bilər", - deyə ekspert əlavə edib. 

Siyasi şərhçi qeyd edib ki, əsas sual isə İranın gələcək siyasi modelinin necə olacağıdır. Mövcud sistem özünü qorumağa çalışsa da, uzunmüddətli perspektivdə bu modelin nə dərəcədə davamlı olacağı sual altındadır. Xalqın dəstəyi, beynəlxalq münasibətlər və daxili islahatların istiqaməti bu prosesdə həlledici rol oynayacaq. Bütün bu şərtləri nəzərə alaraq demək olar ki, əgər uyğun imkanlar yaranarsa, Pezeşkian növbəti seçkilərdə də iştirak etmək və yenidən prezident seçilmək istəyəcək. Hətta belə bir fikir də irəli sürmək olar ki, İranın yaxın illərdə mümkün dəyişikliklərində onun lider kimi rolu önəmli ola bilər. Ən azı yaxın 3-5 ildə, bəlkə də daha uzun müddətdə o, ölkənin siyasi proseslərində təsirli fiqur olaraq qala bilər. Bununla yanaşı, İranda hadisələrin çox sürətlə dəyişdiyini də unutmaq olmaz. Mövcud gərginliklər, müharibə ehtimalları və regional risklər vəziyyəti daha da mürəkkəbləşdirir. Bu baxımdan, gələcək ssenarilər hələ tam aydın deyil.

Ekspert bildirib ki, bütün çətinliklərə baxmayaraq, Pezeşkianın İran üçün daha müsbət perspektiv vəd edən siyasətçilərdən biri olduğu qənaəti qalmaqdadır. Xalqın dəstəyi davam edərsə, onun siyasi gələcəyi də bu dəstəkdən birbaşa asılı olacaq. Hazırda isə onun səlahiyyət müddətinin qarşıdakı iki ili həlledici mərhələ kimi qiymətləndirilə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
32
olaylar.az

1Sources