ABŞ ilə İran arasında atəşkəs razılaşması alqışlanan hadisədir, lakin ən optimist proqnozlara uyğun olaraq mövcud razılaşmalar qorunub saxlanılarsa, təchizat zəncirlərinin bərpası və münaqişədən əvvəlki səviyyəyə qayıtması aylar çəkəcək.
AZƏRTAC-ın məlumatına görə, bu açıqlamanı Türkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşek verib.
O, artan xərclərin və əmtəə qiymətlərinin qlobal inflyasiya gözləntilərini artırdığını qeyd edib: “Atəşkəs pozularsa, neft, təbii qaz və əmtəə qiymətləri yenidən yüksələcək ki, bu da iqtisadi artımın yavaşlamasına, daha yüksək inflyasiyaya və qlobal tənəzzül riskinə səbəb olacaq. Çox şey böhranın miqyasından və müddətindən asılıdır”.
Türkiyənin maliyyə naziri İran böhranından faydalanan ölkələrin olması ehtimalını istisna etməyib. O qeyd edib ki, hazırkı vəziyyətdə Türkiyə bir çox digər inkişaf etməkdə olan ölkələrə nisbətən daha böyük dayanıqlıq nümayiş etdirir.
Nazir xatırladıb ki, Türkiyənin ehtiyatları təxminən 162 milyard dollar təşkil edir ki, bu da ölkə iqtisadiyyatını xarici şoklardan qoruyan amillərdən biridir.