EN

Türk dünyası artıq qlobal nizamın formalaşdırıcı aktorudur - ŞƏRH

Bakı, 10 aprel, AZƏRTAC

Bakıda keçirilən Türk dövlətlərinin son toplantısı sıradan diplomatik görüş olmaqdan daha çox, dəyişən qlobal güc balansında Türk dünyasının artan rolunu nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı türkiyəli siyasi ekspert Kadir Uğur Yılmaz bildirib.

Onun sözlərinə görə, uzun illər boyunca beynəlxalq sistemdə Türk coğrafiyası ya nəzərdən kənarda saxlanılıb, ya da ikinci dərəcəli faktor kimi qəbul edilib.

“Qərb dünyası enerji və ticarət marşrutlarını planlaşdırarkən bu geniş coğrafiyanı çox zaman alternativsiz hesab etməyib. Lakin bu yanaşma artıq öz aktuallığını itirməkdədir. Yaxın Şərqdə baş verən proseslər göstərir ki, xarici müdaxilələr və süni siyasi konstruksiyalar uzunmüddətli sabitlik yaratmaq əvəzinə, əksinə, dərin böhranlara yol açıb. Bu reallıq fonunda enerji təhlükəsizliyi və dayanıqlı nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artıb. Məhz bu məqamda Türk dünyasının geosiyasi mövqeyi ön plana çıxır. Bakı–Tbilisi–Qars dəmir yolu, TANAP layihəsi, Orta Dəhliz və Zəngəzur istiqamətində formalaşan yeni nəqliyyat xətləri artıq regional təşəbbüs çərçivəsindən çıxaraq qlobal iqtisadi sistemin alternativ damarlarına çevrilməkdədir”, - deyə Kadir Uğur Yılmaz vurğulayıb.

Türkiyəli ekspert əlavə edib ki, Bakı toplantısında bu layihələrin genişləndirilməsi və Türk dövlətləri arasında iqtisadi, enerji və logistika sahələrində inteqrasiyanın gücləndirilməsi istiqamətində atılan addımlar Türk dünyasının strateji birlik kimi formalaşdığını açıq şəkildə göstərir.

Bu prosesdə Azərbaycan və Türkiyə aparıcı rol oynayır. Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar regionda əməkdaşlıq imkanlarını daha da genişləndirib. Bu gün Ankara və Bakı yalnız qardaş ölkələr deyil, həm də ortaq geosiyasi baxışa malik iki strateji mərkəz kimi çıxış edir.

“Bununla yanaşı, Türk dövlətləri arasında siyasi koordinasiyanın güclənməsi beynəlxalq münasibətlər sistemində yeni bir blokun formalaşdığını göstərir. Bu əməkdaşlıq modeli qarşılıqlı maraqların qorunmasına əsaslanır və regional sabitliyə töhfə verir. Dünya artıq çoxqütblü sistemə doğru irəliləyir. ABŞ-ın qlobal dominantlığı nisbi şəkildə zəifləyir, Çin yüksələn iqtisadi güc kimi mövqeyini möhkəmləndirir, Rusiya isə geosiyasi təsir imkanlarını qoruyur. Avropa isə enerji təhlükəsizliyi və iqtisadi çətinliklərlə üz-üzədir. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Türk dünyası balanslaşdırıcı və sabitləşdirici güc kimi çıxış etmək potensialına malikdir. Enerji marşrutları, ticarət yolları və coğrafi mövqe bu üstünlüyü daha da gücləndirir”, - deyə o vurğulayıb.

Kadir Uğur Yılmaz əlavə edib ki, Bakıda verilən mesaj aydındır: “Türk dünyası artıq qlobal proseslərin passiv izləyicisi deyil. O, yeni beynəlxalq nizamın formalaşmasında aktiv iştirak edən və təşəbbüs irəli sürən güc mərkəzlərindən birinə çevrilməkdədir. Bu baxımdan, Türk dünyasının gələcəkdə daha inteqrasiya olunmuş struktur kimi çıxış etməsi ehtimalı da istisna edilmir. Bu isə qlobal sabitlik və əməkdaşlıq baxımından yeni imkanlar vəd edir”.

Müxbir-Vüqar Qurbanoğlu

Chosen
16
1
azertag.az

2Sources