EN

Azərbaycan və BMT arasında Birgə Komitənin İclası keçirilib

“2026-2030-cu illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nə dair Birgə İstiqamətləndirici Komitənin İclası keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycanın 30 ildən artıq müddətdə BMT ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Tərəfdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, idarəetmə və institusional inkişaf, vətəndaşlar üçün bərabər imkanların yaradılması və digər istiqamətlərdə ardıcıl addımların atıldığı qeyd edilib. 

Bu günədək BMT ilə əməkdaşlığa dair 5 Çərçivə Sənədinin  hazırlandığı və hazırda 2026–2030-cu illəri əhatə edən 5-ci Çərçivə Sənədinin icra mərhələsinə daxil olduğu bildirilib. Yeni Çərçivə Sənədi inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi və ekosistemlərin qorunması, iqlimə davamlılıq, yaşıl artımın təşviqi kimi prioritet istiqamətləri əhatə edir. 

Bu prioritetlər bütün vətəndaşlar üçün keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsinə, layiqli məşğulluğun təmin edilməsinə, innovasiya və sahibkarlığın inkişafına, resurslardan səmərəli istifadəyə və ətraf mühitin qorunmasına xidmət edir.

Azərbaycanda BMT-nin  rezident əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç yeni Əməkdaşlığa dair Çərçivə Sənədinin daha məqsədyönlü və prioritetləşdirilmiş, Azərbaycanın milli inkişaf strategiyasına və ölkədə dəyişən vəziyyətə uyğunlaşdırıldığını bildirib. Artıq Çərçivə Sənədinin planlaşdırma mərhələsindən icra mərhələsinə keçdiyi, həmçinin Birgə İş Planlarının icra olunduğu qeyd edilib. 

Bildirilib ki, Azərbaycanın 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsi böyük qlobal əhəmiyyət daşıyan bir mərhələdir. Birləşmiş Millətlər Təşkilatı tədbirin uğurlu və təsirli həyata keçirilməsini təmin etmək üçün hərtərəfli dəstək göstərməyə hazırdır.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri xanım Kanako Mobuçi 2021–2025-ci illər Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin nəticələrinə dair təqdimatla çıxış edib. Daha sonra  2026-2030-cu illər üçün yeni Çərçivə Sənədinə dair ümumi baxış təqdim edilib. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda müvəqqəti nümayəndəsi Nasar Hayat iqlimə davamlılıq və yaşıl artım istiqamətlərini əhatə edən birgə iş planı, onun icrası üçün tələb olunan maliyyə resursları və donor dəstəyi barədə təqdimatla çıxış edib.

Tədbirdə 2026-cı il üçün prioritetlər üzrə müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb. Müzakirələrin nəticələrinə əsasən müştərək İş Planı çərçivəsində 2026-cı il üzrə fəaliyyətlər və prioritetlərin təsdiq olunduğu elan edilib.

Chosen
6
3
cebheinfo.az

4Sources