2026-cı ilin mart ayı qlobal temperatur göstəricilərinə görə tarixdə ən isti dördüncü mart kimi qeydə alınıb.
Day.Az Copernicus İqlim Dəyişiklikləri Xidmətinə istinadən xəbər verir ki, açıqlanan məlumatlarda bu ay Yer kürəsində orta səth temperaturu 13,94 dərəcə olub.
Bu göstərici sənayeöncəsi dövrlə müqayisədə 1,48 dərəcə, 1991-2020-ci illər ortalamasından isə 0,53 dərəcə yüksəkdir.
Hesabata görə, mart 2024 ən isti, mart 2025 ikinci, mart 2016 isə üçüncü ən isti mart ayı kimi qeydə alınıb. Eyni zamanda, qlobal dəniz səthi temperaturu 20,97 dərəcə ilə tarixdə ikinci ən yüksək mart göstəricisi olub. Avropada isə 2026-cı ilin martı ikinci ən isti mart kimi qeydə alınıb və temperatur normadan 2,27 dərəcə yüksək olub.
Mütəxəssislər bildirirlər ki, bu göstəricilər iqlim sisteminin artan təzyiq altında olduğunu göstərir. Carlo Buontempo qeyd edib ki, temperatur artımı, Arktikada dəniz buzlarının minimum səviyyəyə enməsi və okeanların isinməsi birlikdə qlobal istiləşmənin sürətləndiyini açıq şəkildə ortaya qoyur.