EN

Zəngəzur dəhlizi Qafqazın taleyini dəyişəcək strateji xətt, yoxsa yeni güc oyununun mərkəzi? -ŞƏRH

“TRIPP Cənubi Qafqazda və ondan kənarda sülh və rifahı təşviq etmək potensialına görə ABŞ-nin prioritetlərindən biri olaraq qalır. Tramp administrasiyası TRIPP-i gerçəkləşdirməyə sadiqdir".

Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi “Armenpress”in sorğusuna cavab olaraq bildirib.

Redaktor.az-a açıqlama verən millət vəkili Tural Gəncəliyev bildirdi ki, Zəngəzur dəhlizi və ya TRIPP marşrutu, Azərbaycanın postmünaqişə dövründə irəli sürdüyü ən strateji və möhtəşəm layihələrdən biri hesab olunur:

"Bu təşəbbüs beynəlxalq münasibətlər dilində "win-win" (qazan-qazan) modelinə əsaslanır, yəni proses iştirakçısı olan hər bir tərəf ondan iqtisadi və siyasi mənfəət əldə edir. Layihənin reallaşması hər hansı kənar gücün, o cümlədən ABŞ-nin dəstəyindən asılı olmayaraq mütləq bir zərurət kimi anlaşılmalıdır. Tarixi kontekstdə baxsaq, Zəngəzur hələ bir əsr əvvəl Azərbaycanın bütövlüyünü təmin edən, Naxçıvan və Qarabağ arasında təbii keçid rolunu oynayan bir coğrafiya olub. O dövrdə bir çox qlobal güclər hələ siyasi xəritədə indiki statusuna malik deyildi. Bu fakt dəhlizin süni bir layihə deyil, tarixi bir marşrut olduğunu sübut edir. Ermənistan tərəfi dərk etməlidir ki, bu dəhliz onların özü üçün də həyati əhəmiyyət kəsb edir. Azərbaycanın əsas hissəsinin Naxçıvanla birbaşa quru əlaqəsinin bərpası ilə yanaşı, Ermənistan illərdir davam edən özünütəcrid vəziyyətindən xilas olmaq imkanı qazanır. Bu layihəni müvəqqəti siyasi və ya hərbi konyuktura ilə əlaqələndirmək doğru deyil".

Deputat əlavə etdi ki, xarici ölkələrdə hakimiyyətə kimin gəlməsindən və ya onların maraqlarının dəyişməsindən asılı olmayaraq, regionun coğrafi reallığı dəyişməz qalır:

"Zəngəzur dəhlizi regional əməkdaşlıq üzərində qurulub və qonşu ölkələrin inkişafına birbaşa xidmət edir. Qlobal miqyasda bu marşrut dünyanın iqtisadi "arteriyası" və ya mühüm qan damarı hesab oluna bilər. Türkiyə üçün bu, Türk dünyası ilə fiziki birləşmə deməkdir. Avropa İttifaqı və Çin üçün isə bu dəhliz ən təhlükəsiz və səmərəli ticarət yoludur. Rusiya-Ukrayna müharibəsi səbəbindən şimal marşrutunun bağlanması, Yaxın Şərqdəki daimi gərginlik isə cənub yollarını riskli etməsi "Orta Dəhliz"in və Zəngəzurun aktuallığını artırır".

Müsahibimizin sözlərinə görə, dəniz və hava daşımalarının bahalı və riskli (məsələn, Hörmüz və Babülməndəb boğazlarındakı vəziyyət) olduğu bir şəraitdə, bu quru yolu Çin və Avropa arasındakı ticarət dövriyyəsi üçün əvəzedilməzdir.

"Nəticə etibarilə, Zəngəzur dəhlizinin reallaşması Azərbaycan dövlətinin və onun rəhbərliyinin yürütdüyü qətiyyətli siyasətin, hərbi zəfərin məntiqi nəticəsidir. Əgər bu qələbə qazanılmasaydı, hazırda belə bir qlobal layihədən danışmaq mümkün olmazdı. Bu layihə digər ölkələrin siyasəti ilə əlaqəli olsa da, onlardan asılı deyil. Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək tərəqqisini, sabitliyini və iqtisadi yüksəlişini təmin edən ən əsas sütundur".

Xədicə BAXIŞLI

Chosen
47
1
redaktor.az

2Sources