EN

Kinoteatrlarda dil problemi: Filmlər niyə azərbaycanca təqdim olunmur? AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı kinoteatrlarında Maykl Ceksonun həyatına həsr olunmuş bioqrafik filmin nümayişi geniş tamaşaçı marağı doğursa da, təqdimat formatı ilə bağlı narazılıqlar gündəmdədir. Belə ki, film əsasən rus dilinə dublyaj olunmuş şəkildə təqdim edilir, Azərbaycan dilində isə yalnız altyazı variantı mövcuddur. Bu isə bir çox izləyicinin seçim imkanlarının məhdudlaşdırıldığını düşünməsinə səbəb olub. Ümumiyyətlə kinoteatrlar tamaşaçı auditoriyasının dil üstünlüklərini nəzərə almalı, alternativ olaraq həm orijinal dildə, həm də Azərbaycan dilində peşəkar dublyaj variantlarını təqdim etməlidirlər. Filmlərin əsasən rus dilində təqdim olunması yerli tamaşaçının maraq və ehtiyaclarına tam cavab vermir və bu yanaşma artıq köhnəlmiş təcrübə kimi qiymətləndirilir. Yerli bazarda Azərbaycan dilində dublyajın inkişafı həm mədəniyyətin təşviqi, həm də tamaşaçı məmnuniyyətinin artırılması baxımından vacibdir. Əks halda, tamaşaçılar alternativ platformalara yönələ və kinoteatrlara maraq azala bilər.Bununla bağlı kulturoloq Aydınxan Əbilov Demokrat.az-a açıqlamasında deyib ki, Avropa və Amerikada, o cümlədən Avropa və Hindistanda çəkilən filmlərin böyük əksəriyyəti beynəlxalq yayım üçün nümayiş olunanda əsas dil kimi ingilis dili götürülür:“Amma elə ölkələr var ki, onlar dublyaj sənətinin yüksək səviyyədə inkişafı ilə əlaqədar olaraq özünə yaxın və dil baxımından yaratmış olduqları mühit üçün böyük dillərə bu filmlər tərcümə olunur. Ümumiyyətlə, dublyaj özü heç də ucuz başa gələn bir sənət növü deyil. Hər hansı bir filmin tamaşaçılar tərəfindən sevilməsi üçün onun tərcümə edilib normal aktyorlar tərəfindən səsləndirilməsi, dublyajına böyük ehtiyac var. Azərbaycan özü bir müddət keçmiş SSRİ-nin tərkibində olan zaman rusdilli mühitin arenasına daxil idi. Buna görə də bizdə xarici filmlərin böyük əksəriyyəti asan başa gəlsin deyə ya rus dilində nümayiş olunurdu, ya da alt-yazı olaraq Azərbaycan dilindən istifadə edilərək kinoteatrlarda, o cümlədən də televiziya kanallarında nümayiş olunurdu. Amma dil haqqında qanuna dəyişiklik edildikdən sonra istənilən xarici dil, hətta ən yaxın qardaş dil olan Türkiyə türkcəsi də Azərbaycanda bir növ yerli dilin üstünlüyünü ləğv etməmək üçün filmlərin məhz Azərbaycan dilində səsləndirilməsi və yaxud alt yazı ilə tərcüməsi, o cümlədən dublyajı dövlətin xüsusi diqqətindədir. Bununla bağlı xüsusi sərəncam da var idi. Təəssüf ki, kommersiya qurumları və ya kinoteatrlar buna bəzən fikir vermirlər. Qaldı Amerikan filmlərinin ingilis dilində deyil, niyə rus dilində tərcümə edilməsi məsələsinə, beynəlxalq yayım assosiasiyaları və ümumiyyətlə filmlərin yayımı və satışı ilə məşğul olan qurumlar prokata təqdim etdikləri məkanlara uyğun olaraq bəzən dublyaj variantlarını da hazırlayırlar. Eyni zamanda, bəzi böyük ölkələrdə və regionlarda məsələn, ərəb, ispan, ingilis dilləri, eləcə də Hindistan və Çində yerli böyük dillər üçün həmin filmlərin dublyajı təşkil olunur. Məsələn, mənim yadıma gəlir ki, İranda çəkilən filmlərin bir çoxu, xüsusən dini filmlər, Azərbaycanda nümayiş etdirilərkən xüsusi olaraq İranda dublyaj edilirdi. O cümlədən qeyd etdiyiniz Maykl Cekson haqqında bioqrafik film və digər yeni filmlərin rus dilində kinoteatrlarda nümayiş olunması siyasi tərəfləri kənara qoysaq məhz bu səbəblərlə izah olunur”. O qeyd edib ki, hər bir halda Azərbaycanda dublyaj sənəti inkişaf etdirilməlidir:“İnternetdə, xüsusilə YouTube platformasında və digər resurslarda artıq avtomatik tərcümə və süni intellekt əsaslı proqramlardan geniş istifadə olunur. Bu, platformalar üçün rahatdır, lakin kinoteatrlar və telekanallar üçün müəyyən çətinliklər yaradır. Bununla belə, telekanallar və kinoteatrlar dublyaj sənətini inkişaf etdirməklə yanaşı, daha sadə və daha az xərc tələb edən üsullardan da istifadə edə bilərlər. Məsələn, kinematoqrafiyanın ilkin dövrlərində səssiz, ağ-qara filmlər nümayiş olunarkən kinoteatrlarda xüsusi şəxslər fortepianoda canlı musiqi ifa edirdilər. Həmçinin xatırlayırsınızsa, kəndlərdə filmlər nümayiş etdirilən zaman rus dilində olan filmlər üçün kinomexaniklərlə yanaşı xüsusi diktorlar olurdu. Onlar əvvəlcədən hazırlanmış Azərbaycan dilində mətni oxuyur və ya rus dilini bildikləri halda sinxron tərcümə edərək tamaşaçılara kömək edirdilər. Əsas məsələ tamaşaçılara seçim imkanı yaratmaqdır. Yaşlı nəslə yönəldilən seanslarda rus dilində nümayiş mümkün ola bilər, çünki onların əksəriyyəti bu dili bilir. Lakin gənclər üçün nəzərdə tutulan nümayişlərdə filmlər ingilis və ya türk dillərində təqdim oluna bilər. Bununla yanaşı, bütün hallarda Azərbaycan dilində altyazı mütləq təmin edilməli, ideal halda isə dublyaj variantı hazırlanmalıdır. Alternativ olaraq, canlı sinxron tərcümə üsulundan da istifadə etmək olar. Bu üsul böyük maliyyə vəsaiti tələb etmir və praktik həll yolu hesab oluna bilər”.Həmçinin oxu:

İşıq pulunun 'qənimi' olan cihazlar

“Leysan” effekti: 14 milyonluq yeyinti üzə çıxdı — FAKTLAR

İş günü qısaldılacaq — Bu tarixdəO qeyd edib ki, yaxın gələcəkdə süni intellekt əsaslı qulaqlıqların tətbiqi də mümkündür:“Bu qulaqlıqlar kinoteatrlarda tamaşaçılara təqdim oluna və filmlərin avtomatik şəkildə Azərbaycan dilinə və ya digər dillərə tərcüməsini təmin edə bilər. Yeri gəlmişkən, sovet dövründə “stereo filmlər” adlanan format mövcud idi ki, bu da müasir 3D texnologiyasına bənzəyirdi. O dövrdə “Araz” kinoteatrında bu cür filmlər nümayiş olunarkən tamaşaçılara xüsusi eynəklər və qulaqlıqlar təqdim edilirdi. Bu vasitələrlə insanlar müəyyən mənada virtual reallıq təcrübəsi yaşayırdılar. Əgər bu cür texnologiyalar o dövrdə mümkün idisə, bu gün texnologiyanın daha da inkişaf etdiyi bir vaxtda bu imkanlardan istifadə etməmək üçün heç bir əsas yoxdur. Kinoteatrlar bu yenilikləri tətbiq etsələr, dil baryeri ilə bağlı problemlər də əhəmiyyətli dərəcədə aradan qalxa bilər. Bununla belə, rus dilinə qarşı həddindən artıq həssas yanaşma da düzgün deyil. Rus dili uzun illər ərzində bizim beynəlxalq əlaqələrimizdə mühüm rol oynayıb və müəyyən nəsillər üçün əsas ünsiyyət vasitəsi olub. Onu tam sıxışdırmaq nəsillər arasında anlaşılmazlıqlara səbəb ola bilər. Tarixdə də buna bənzər hallar olub - məsələn, sovet dövründə ərəb və fars dillərinin istifadəsinə qoyulan məhdudiyyətlər nəticəsində insanlar dini və tarixi mətnləri oxumaqda çətinlik çəkirdilər. Bu da nəsillər arasında müəyyən boşluqlar yaratmışdı. Eyni səhvi təkrarlamaq düzgün olmaz. Ümumilikdə, rus, ingilis, fars, ərəb və türk dilləri kimi böyük dilləri öyrənmək və istifadə etmək cəmiyyət üçün faydalıdır. Lakin əsas prioritet Azərbaycan dili olmalıdır. Bu dil inkişaf etdirilməli, bu dildə filmlər və seriallar çəkilməli, dublyaj sənəti gücləndirilməlidir. Bundan əlavə, süni intellekt və rəqəmsal texnologiyalar vasitəsilə Azərbaycan dilində kompüter proqramları, oyunlar və müxtəlif tətbiqlər hazırlanmalıdır. Yəni dilimizin həm real, həm də virtual mühitdə inkişafı təmin edilməlidir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
demokrat.az

1Sources