ain.az, Azertag saytına istinadən bildirir.
Naxçıvan, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp arasında əməkdaşlıq sazişi imzalanıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə Təhsil naziri Elxan Nəcəfov dövlət- özəl tərəfdaşlığı çərçivəsində imzalanan sazişin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, bu təşəbbüs Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi müstəvisində dövlət-özəl əməkdaşlığı olaraq ilk addımdır. Şirkətlə icra ediləcək bu əməkdaşlıq istedadlı şagirdlərin erkən aşkarlanması və onların beynəlxalq olimpiadalara hazırlanması üçün yeni imkanlar yaradacaq. Həmçinin müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi Naxçıvanda təhsilin keyfiyyətinin daha da yüksəlməsinə xidmət edəcək.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə bu sazişi imzalamaqdan çox məmnundur. Bu, əməkdaşlıq üçün bir başlanğıc nöqtəsidir və regionda bacarıqların uzunmüddətli inkişafına və potensialın gücləndirilməsinə verilən önəmi bir daha vurğulayır. Saziş birgə fəaliyyət üçün möhkəm zəmin yaradaraq yerli ehtiyaclar və prioritetlər nəzərə alınmaqla istedadlı şagirdlərə dəstək, tədris və öyrənmə imkanlarının genişləndirilməsi, eləcə də ümumi və peşə təhsili infrastrukturunun təkmilləşdirilməsi istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsinə imkan verəcək.
Sazişi Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov və bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.
Qeyd edək ki, sazişə əsasən bp tərəfindən muxtar respublikanın bir neçə təhsil müəssisələrində kimya laboratoriyalarının qurulması və ya mövcud laboratoriyaların zənginləşdirilməsi, peşə təhsili müəssisələrində isə istehsalat emalatxanalarının zənginləşdirilməsi və ya yeni emalatxanaların yaradılması nəzərdə tutulur. Həmçinin şirkət tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, yeni 2-i istehsalat emalatxanası Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində, 2 yeni laboratoriya isə Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yaradılacaq.
İmzalanma mərasimindən sonra laboratoriyaların və istehsalat emalatxanalarının yaradılacağı təhsil müəssisələrinə baxış keçirilib.
Müxbir - Nail Əsgərov






Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.