Məlum olduğu kimi, Rusiyada “WhatsApp”ın bloklanmasının ardınca “Telegram”a giriş də məhdudlaşdırılıb. Hakimiyyət alternativ olaraq Rusiya hökumətinə yaxın şirkət tərəfindən hazırlanan və Federal Təhlükəsizlik Xidmətinin (FTX) birbaşa nəzarətində olan “MAX” adlı “milli messenceri” təbliğ etməyə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu xidmətin ortaya çıxması Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra internet seqmentində baş verən kütləvi transformasiya ilə üst-üstə düşüb. Müharibənin dörd ili ərzində Rusiyada “Instagram”, “Facebook”, “Telegram” və “WhatsApp” daxil olmaqla bir sıra xarici platformalara giriş məhdudlaşdırılıb. Rusiya interneti qlobal şəbəkədən izolyasiya olunmağa başlayıb və ekspertlər bu sistemi artıq “rəqəmsal QULAQ” kimi xarakterizə edirlər.
Rusiyanın daxilində bu informasiya izolyasiyası siyasəti “rəqəmsal suverenlik” strategiyası kimi təqdim olunur – bu konsepsiya “yerli” rəqəmsal platformalardan istifadənin zəruriliyinə əsaslanır. “MAX” Rusiyada satılan yeni smartfonlarda quraşdırılması məcburi olan tətbiqə çevrilib. Üstəlik, onsuz bir sıra elektron dövlət xidmətlərinə giriş əldə etmək mümkün deyil. İT mütəxəssisləri və təhlükəsizlik ekspertləri əmindirlər ki, Rusiya xüsusi xidmət orqanları bu messencer vasitəsilə edilən zənglərə, mesajlara və göndərilən fayllara tam çıxış imkanına malikdir, həmçinin istifadəçilərin istənilən hərəkətini izləyə bilirlər. Rusiyalılar bloklamalardan VPN vasitəsilə yan keçməyə çalışsalar da, hakimiyyət buna cavab olaraq belə xidmətlərin işini məhdudlaşdırmağın yeni yollarını axtarır.
Rusiyada tətbiq edilən məhdudiyyətlər təkcə bu ölkənin vətəndaşlarına deyil, həm də Rusiyadakı qohumları və ya tərəfdaşları ilə əlaqə saxlamaq üçün “MAX”dan istifadə etməyə məcbur qalan digər ölkələrin sakinlərinə də təsir edir. “VK” şirkəti hələ keçən ilin oktyabrında messencerin təkcə Rusiyada deyil, Azərbaycan daxil olmaqla bir neçə MDB ölkəsində də aktiv olduğunu elan etmişdi. Bu ilin əvvəlində isə “MAX”ın 40-dan çox ölkədə işlədiyi və istifadəçi sayının 100 milyonu keçdiyi bəyan edilib.
“VK” qeyd edir ki, MDB ölkələrinin sakinləri qeydiyyatdan keçərkən ölkəni göstərməli və telefon nömrələrini daxil etməlidirlər. Təsdiq kodu alındıqdan sonra kontaktların sinxronizasiyasına razılıq verilməlidir. MDB-dən olan istifadəçilərlə ünsiyyət qurmaq üçün həmin şəxsin nömrəsi əvvəlcədən kontakt siyahısına əlavə edilməlidir, əks halda zənglər və mesajlar mümkün olmayacaq.
Azərbaycan daxilində ünsiyyət üçün “MAX”dan istifadə etmək ən azı məntiqsiz görünür, çünki ölkədə digər messencerlərə heç bir məhdudiyyət yoxdur. Lakin qohumları Rusiyada yaşayan azərbaycanlılar üçün “MAX” yeganə əlaqə vasitəsi ola bilər. Bu isə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarının Rusiya xüsusi xidmət orqanlarının əlinə keçməsi və ya kiberhücumların, internet dələduzluğunun hədəfinə çevrilməsi riskini yaradır.
Azərbaycanda “MAX” tətbiqini neçə nəfərin quraşdırdığına dair rəsmi statistika yoxdur. Lakin “Azadlıq Radiosu”nun Mərkəzi Asiya xidmətinin reportajında qeyd olunur ki, Qazaxıstanın şimal bölgələrinin sakinləri Rusiyadakı yaxınları ilə əlaqə saxlamaq üçün bu messencerdən aktiv istifadə edirlər. Məsələn, Uralsk sakini 67 yaşlı Natalya bildirir ki, “WhatsApp” və “Telegram” Rusiyada işləmədiyi üçün bacısı ilə danışmaq üçün “MAX”a keçib. O, siyasətə qarışmadığını və dövlətdən gizli nəsə olmadığını desə də, nəvəsi bu proqramı “casus proqramı” hesab edərək quraşdırmaqdan imtina edir.
Sərhədyanı rayonların sakinləri və logistika ilə məşğul olan sürücülər də iş üçün bu messenceri quraşdırmağa məcbur qaldıqlarını bildirirlər. Lakin “MAX”ın əsas problemi onun tamamilə Rusiya qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməsidir. Qeydiyyat zamanı göstərilən bütün fərdi məlumatlar Rusiyadakı serverlərdə saxlanılır.
Qazaxıstanda yaşayan rusiyalı İT eksperti Vladimir Fedorov qeyd edir ki, xaricilər üçün “MAX” ilk baxışdan təhlükəsiz görünsə də, əslində vəziyyət mürəkkəbdir. Qeydiyyat telefon nömrəsi ilə aparılır və bu nömrə vasitəsilə şəxsin bütün identifikatorlarına (məsələn, İİN) çıxış əldə etmək olar. Ekspertin fikrincə, bu milli messencer öz xüsusiyyətlərinə görə aqressiv casus proqramını xatırladır.
“MAX”da uçdan-uca şifrələmə (end-to-end encryption) yoxdur, şifrə açarları mərkəzləşdirilmiş serverdə saxlanılır ki, bu da FTX-yə istənilən yazışmanı oxumağa imkan verir. “Telegram”da xüsusi xidmət orqanları mesajlara çıxışı yalnız konkret cihaza fiziki giriş olduqda əldə edə bilirlərsə, “MAX”da FTX əməkdaşının “VK System”ə sorğu göndərməsi kifayətdir ki, istifadəçinin bütün tarixçəsini görsün.
Bundan əlavə, “MAX”da “qapalı çat” anlayışı yoxdur. İstənilən administrator yazışmaları oxuya bilər. Sistem həmçinin “feyk” və ya “diskrebitasiya” kimi təsnif edilən mesajlara avtomatik reaksiya verərək xüsusi şəxsləri məlumatlandırır. Ekspert həmçinin vurğulayır ki, “MAX”ın cihazdan tələb etdiyi icazələrin sayı (63 icazə!) və “Bluetooth”a çıxış istəməsi ciddi suallar doğurur. Messencer “Android” cihazlarda quraşdırılmış bütün proqramların siyahısını izləmək qabiliyyətinə malikdir ki, bu da istifadəçi haqqında nəhəng məlumat bazası toplamağa imkan verir.
Azərbaycanda rəsmən elan edilib ki, 2026-cı il ölkədə şəhərsalma ilidir və infrastrukturun inkişafı prioritetdir. Lakin rəqəmsal dünyada “infrastruktur” dedikdə həm də kibertəhlükəsizlik nəzərdə tutulur. Bu baxımdan, vətəndaşların xarici nəzarətdə olan platformalardan istifadə edərkən diqqətli olmaları tövsiyə edilir.
Əli Səfərli,
NOCOMMENT.az