EN

“Öz qızına yiyə dura bilmədi, mənim oğlumu öldürdü” - Müsahibə

2013-cü ildə qabaqcadan cinayət əlaqəsinə girərək əlbir olduğu qrupda xarici vətəndaş olan Vüsal Şilderin qəsdən öldürülməsində iştirak edən Azərbaycan vətəndaşı X.Əlizadənin yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub. O həbs edilib və ölkəyə gətirilib.

Bununla da, 13 il əvvəl Bakıda baş verən və uzun müddət ölkə gündəmindən düşməyən səs-küylü qətl hadisəsi yenidən diqqət mərkəzinə gəlib.

X.Əlizadənin Azərbaycana ekstradisiyası illər öncəki qanlı hadisənin detallarını yenidən gündəmə daşıyıb. Bu hadisə təkcə bir qətl işi kimi deyil, həm də adı illərdir müxtəlif müzakirələrdə hallanan Vüsal Şilderin taleyi baxımından yenidən maraq doğurub.

Vəhşicəsinə qətlə yetirilən Vüsal Şilderin anası Mətanət Şilderin “Yeni Sabah”a müsahibəni təqdim edirik:

- Oğlunuzun qətlini sifariş etməkdə ittiham olunan Xəyal Əlizadınin yaxalanaraq Azərbaycana gətirilməsi xəbərini necə qiymətləndirirsiniz?

- İlahi ədalət.. Əgər bu xəbər doğrudursa, mən çox şadam, reallaşmasına çox şadam. Çünki 13 ildir yaram qapanmayıb. Onsuz da ədalət, karma deyilən bir şey var, bir gün haqq öz yolunu tapacaqdı.

- Bu faciədən sonra nələr yaşadınız? Sizə hər hansı təzyiqlər oldumu?

- Ötən il bu cinayətin törədilməsində əli olanlardan biri tutulmuşdu. Mən həmin vaxt təsadüfən Azərbaycanda idim. Amma əsl cinayətkarın tapılması hər zaman marağımda olub.

- Bəs sizin Lalə Ağayeva ilə əlaqəniz olubmu? Paylaşımlarınızdan birində yazmısınız ki, cinayətin mərkəzində olan xanım ərindən boşanıb və daha sonra bir  rəqqasdan uşaq dünyaya gətirib. Anlaşılır ki, xanımın sonrakı həyatı ilə bağlı məlumatınız var.

- Yox. Bu barədə danışmaq istəmirəm. Xahiş edirəm təkid etməyin.

- Siz deyirdiniz ki, əsas cinayətkar əslində Xəyal Əlizadədir. Onunla üzləşmək istəyirsinizmi?

- O adamla üzləşmək istəyərəm. Mənim ona ilk sualım o olar ki, sən axı mənə, mənim evimdə söz verdin. Qızı qaytaraq, yenidən toy edək dedin.

Bu uzun bir hekayədir. Amma onların mənim oğluma qarşı etdiyi vəhşicəsinə cinayəti anlaya bilmirəm.

- Xəyal sizin evinizdə olub yoxsa Lalənin atası?

- Mən qızın atasının üzünü görməmişəm, təkcə anasını görmüşəm. Xəyal dayısı oğlu ilə bizim evimizdə olub. Mən bu barədə açıqlama vermişdim. Mən nə Azərbaycan mətbuatına inanıram, nə də sizlərə. Mən axırda Aslan İsmayılov daxil olmaqla, hər kəsə nifrət elədim. Çünki yalan idi, pullarım yeyildi. Hər şey gizlədildi, ört-basdır olundu. Mən də sonda İlahi ədalətə buraxdım ki, eybi yoxdur, həyat bir gün elə gətirəcək ki, hər şey yerini tapacaq. Görürsünüz, mən indi qıraqdayam. Amma Allah elə edəcək ki, bir gün qurduqları tələlər öz başlarına gələcək. Mən bu günün gələcəyinı inanırdım. Siz də bilirsiniz, hər şey ört-basdır edilib. Bu 13 ildə niyə dövlət səsini çıxarmırdı? İstəyəndə Almaniyadan da məhbus tutub gətirirlər. Demək ki, bu günə kimi bunların arxasında duranlar var idi. Amma yenə də deyirəm, Allahın ədalətindən heç kim qaça bilmir.

- Siz dediniz ki, Xəyal Əlizadə sizin evinizdə olub... Evinizə niyə gəlmişdi?

- Mənim oğlumla o qız sevgili olanda qardaşımın evinə qaçmışdılar. Bizi aldatdılar ki, qızı gətirib qoyun, toy edək, heç kim bilməsin. Məni aldatdılar, gətirdim. Bir həftə sonra bandit Xəyal və onun dəstəsi ilə mənim oğluma hədə-qorxu gəlib “qızı və aranızda olanları unudun, bizim sizə veriləsi qızımız yoxdur” deyib Laləni başqasına vermişdilər. Neçə aydan sonra Lalə ərindən ayrılmaq, acıq edib evdə oturmaqla oğlumun həyatını ölümə sürükləmişdi. Xəyal Lalənin bacısı Vəfanın əri olub.

Mən cinayəti kimin törətdiyini, kimin icra etdiyini bilmirəm. Bəlkə Lalənin atası Tariyel Ağayev imiş. Bəlkə heç Xəyalın günahı yox imiş, Tariyelin günahını Xəyala yükləyib həbsə saldılar. Mən bilmirəm. Bunu ancaq istintaq orqanları bilir. Amma cinayəti törədənlər Xəyalın olduğunu inkar etmədilər. Hamısı dedi ki, bizi Xəyal öyrədib. Amma Lalə həmin vaxt demişdi ki, atam çox qəddardır, atam evlənməyimizə imkan vermir. Mən nə vaxt o dünyada oğlumu görsəm, bağrıma basacam, onda mən ondan əsl həqiqəti öyrənəcəm. Həmişə suallar içində qalıram. Hər şeyi ört-basdır etdilər. Vüsalın telefonu hələ də ağır cinayətlər məhkəməsinddir. Telefonda Lalə ilə yazışmalar, səslər var idi. Halbuki Lalə istintaqa ifadə vermişdi ki, ərə gedəndən sonra Vüsalla bir dəfə də danışmamışam. Allahın ədalətinə baxın ki, mən keçən il də Bakıya gələndə bir cinayətkarı tutmuşdular. Həmin vaxt da məhkəmədə mənə yalvardılar ki, onu əfv edin. Dedim yox, Allah həvalə edirəm.

- Sizə indiyədək həbs olunan şəxslə üzləşdirilmisinizmi?

-  Bəli oldu. Mən məhkəməyə getmişdim. Binəqədidə məhkəmə olmuşdu. Məhkəmədə dedilər ki, üzr istəyək, bağışlayın. Mən onları niyə bağışlamalıyam? Övladımı gətirib qarışma qoyacaqlarımı? Yox.

- Arada “qanpulu” təklif etmə cəhdi oldumu?

- Hadisə təzə baş verəndə, olmuşdu. Amma mən həyatım boyu övladımı satmaram. Mən o ana deyiləm ki, övladımın ölümünü pula satım. Mənim o pula ehtiyacım yoxdur. Bu abırsızlığın son dərəcəsidir ki, bir anaya gəlib deyəsən ki, sənə qanpulu verirəm, övladının ölümünü mənə keç.

- “Qanpulu”nu sizə kim təklif etmişdi?

- Oğlumun nə “40”da, nə də “ilində” gəlib mənə başsağlığı vermədilər. Sonradan belə bir xəbər eşitdim. Deyəsən, vəkildən belə bir xəbər göndərmişdilər. Həmin vaxtlar başım qarışıq idi, xatırlamıram. Mən də qəti cavab vermişdim ki, oğlumun qanı satılacaq deyil.

İnanın ki, mənim oğlumun həyatı, özümün taleyim heç bir serialda yoxdur. Heç bir ədalətə sığmayan, planlı bir şəkildə, nə qədər qəddarcasına, vəhşicəsinə, insanlığa yaraşmayan ölüm planlayıblar. Halbuki bir qız üstündə valideyni çağırıb deyə bilərdilər ki, götürün, oğlunuzu aparın, mən qızıma yiyə dura bilmirəm, veridyim oğlanda oturmaq istəmir, üzümüzü qara edir. Mən oğlumu götürüb çıxara bilərdim burdan. Mənim buna imkanlarım da var idi. Oğlum Almaniyada yaşayırdı, oranın vətəndaşlığı var idi. Niyə görə məhz mənim övladımı vəhşicəsinə öldürmək?! Öz qızına yiyə dura bilmədin, mənim oğlumamı söz keçirdin? Acizliyin dərəcəsinə bax! Öz qızına yiyə dura bilmədi, mənim oğlumu öldürdü.

Allahın ədalətinə, böyüklüyünə bir daha əmin oldum.

İlhamə Qasımlı


Telegram kanalımız
Chosen
20
4
yenisabah.az

5Sources