EN

Milli Məclisin iclasında...

11 qanun layihəsi müzakirə olunub

Aprelin 10-da Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 11 qanun layihəsinin müzakirəsi daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova Milli Məclisin nümayəndə heyətinin martın 24-dən 26-dək Çin Xalq Respublikasına işgüzar səfəri barədə məlumat verib. Səfərdə məqsəd Asiya naminə Boao Forumunda iştirak etmək idi. Onun sözlərinə görə, Forum Asiya-Sakit Okean regionunun 26 ölkəsi tərəfindən 2001-ci ildə təsis edilib, sonradan daha 3 ölkə onlara qoşulub. Azərbaycan bu tədbirə xüsusi qonaq kimi dəvət olunub.

Spiker: Çinə işgüzar səfər uğurlu oldu

S.Qafarova Asiya naminə Boao Forumunun İllik Konfransında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının sədri Si Cinpinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Çin münasibətlərindən danışdığını söyləyib. Çıxışda Çin tərəfindən irəli sürülən və Azərbaycan tərəfindən dəstəklənən qlobal təşəbbüslərin əhəmiyyəti vurğulanıb, Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyi, “Bir Kəmər, Bir Yol” layihəsinin inkişafına fəal şəkildə töhfə verməyə davam etdiyi diqqətə çatdırılıb. Azərbaycan Çindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir. “Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha da artıracaq.Onu da deyim ki, 30 illik işğala son qoyan Azərbaycanın suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsiplərini daim dəstəklədiyini bildirdim. Azərbaycan dövlətinin irəli sürdüyü qlobal təşəbbüslər, Bakıda keçirilmiş və  keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər haqqında Forum iştirakçılarına məlumat verdim”,-deyən spikerin fikrincə, Çin Xalq Respublikasına işgüzar səfər uğurlu olub.

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

Daha sonra iclasın gündəliyindəki məsələlər müzakirə olunub. Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” təsdiq edilib. Sazişin imzalanmasında əsas məqsəd hər iki dövlət arasında avtomobil daşımalarının təhlükəsizliyini artırmaq, yol hərəkətini yaxşılaşdırmaq, sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etməkdir.Sazişə əsasən tərəflər səlahiyyətli qurumları tərəfindən öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq verilmiş daimi və etibarlı sürücülük vəsiqələrini qarşılıqlı olaraq tanıyırlar.

Sonra Əmək Məcəlləsi və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Dəyişikliyə əsasən bir sıra təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq.Bildirilib ki, qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb.

Layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi nəticəsində bu prosesin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olunacaq.

Süni intellektlə saxta görüntülər hazırlayanlar cəzalandırılacaq

İclasda, həmçinin Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda qəbul olunub.Layihə süni intellekt texnologiyalarından istifadə edilməklə reallığı əks etdirməyən foto, video və audio materialların hazırlanması və yayılması ilə bağlı hüquqi çərçivənin formalaşdırılması məqsədi daşıyır. Həmin halların qarşısının alınması məqsədilə qanunda müvafiq hüquqi məsuliyyət mexanizmlərinin müəyyən edilməsi nəzərdə tutulur.

Qanun layihəsində Cinayət Məcəlləsinə yeni maddələrin əlavə edilməsi təklif olunur. Yeni maddələrə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır. Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinə müvafiq dəyişiklik edilərək cinayət təqibinin həyata keçirilməsi ilə bağlı prosessual norma müəyyən edilir.Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara edilən dəyişikliklərlə süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış materialların yayılması ilə bağlı əlavə hüquqi tələblər və məhdudiyyətlər müəyyən olunur.

Terrorçuluq fəaliyyəti ilə bağlı yeni cəzalar...

Millət vəkilləri “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişikliyi birinci oxunuşda qəbul ediblər. Layihəyə əsasən, Cinayət Məcəlləsinə terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyətini müəyyən edən yeni 214-4-cü maddə əlavə olunur.Sənəd layihəsinə əsasən, bu Məcəllənin 102, 214, 214-1, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədilə terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etməyə görə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif olunur. Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etməyə görə isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma tətbiq ediləcək.

Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci maddəsi yeni redaksiyada verilir. Belə ki, 282.1-ci maddəyə elmi-texniki potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər əlavə edilir.Həmçinin, təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil edilir. 282.2-ci maddədə bir sıra yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur. Maddənin qeyd hissəsinə əsasən, təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqını dövlət ödəyəcək

İclasda Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda qəbul olunub. Bildirilib ki, bu qanun layihəsi minatəmizləmə fəaliyyəti həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə hazırlanıb.Layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını, “Təhsil haqqında” Qanuna təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycanın təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Layihənin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

Qeyd edək ki, iclasın gündəliyində olan digər qanun layihələri də qəbul edilib.

Nardar BAYRAMLI

1Sources