EN

Turizm bazarı daralır

Rusiyada 2026-cı ilin ilk rübündə xarici turistlərin sayında kəskin azalma qeydə alınıb. 

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Tur Operatorları Birliyinin məlumatına görə, ölkəyə gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 30–40 faiz azalıb. Ən böyük azalma isə mart ayında müşahidə olunub. 

Mütəxəssislər bildirirlər ki, azalmanın əsas səbəbləri arasında Yaxın Şərqdəki gərginlik, uçuş məhdudiyyətləri və səfərlərin ləğvi yer alır. Bölgədəki böhran xüsusilə Körfəz ölkələri üzərindən tranzit edən Cənub-Şərqi Asiyalı turistlərə təsir edib. 

Bundan əlavə, ən böyük bazarlardan biri olan Çindən gələn turistlərin sayında da ciddi azalma qeydə alınıb. Səyahət xərclərinin təxminən 20 faiz artması, hava limanlarında yaşanan problemlər və kommunikasiya çətinlikləri də bu geriləmədə rol oynayıb. Orta hesabla bir həftəlik tur paketinin adambaşına qiyməti 800–1200 dollar civarındadır.

Turizm sektoru nümayəndələri otel rezervasiyalarında da azalma olduğunu təsdiqləyir. “OneTwoTrip” məlumatlarına görə, ilin ilk üç ayında xarici turistlərin otel rezervasiyası tələbi 23 faiz azalıb. 

Çox sayda tur qrupunun səfərlərini ləğv etdiyi, yeni rezervasiyaların isə məhdud qaldığı bildirilir. Avropa Birliyi ölkələrindən gələn turistlərin sayı isə demək olar ki, yox səviyyəsinə düşüb. 

Bunun əsas səbəbi sanksiyalar və 2025-ci ildə Avropa Birliyinin tur operatorlarına Rusiyaya turların təşkilini qadağan etməsi olub. 

Sektor nümayəndələri 2026-cı il ərzində xarici turist sayında 10–15 faiz azalma gözlənildiyini, mövcud səviyyənin qorunmasının belə uğur sayılacağını qeyd edirlər. 

Chosen
13
1
cebheinfo.az

2Sources