EN

Elektromobillərin “su imtahanı”: Bu avtomobillər BAHALAŞACAQ

Son iki həftə ərzində Bakı və Abşeron yarımadası başda olmaqla, ölkə ərazisində müşahidə olunan aramsız yağışlar nəqliyyat sektorunda yeni və ciddi bir problemi gün işığına çıxardı. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə xüsusilə elektromobillərin su basmış küçələrdə hərəkət edərkən batareya sistemlərinə su dolması nəticəsində sıradan çıxması geniş müzakirələrə yol açıb. Yüksək texnologiyalı bu avtomobillərin rütubət və su qarşısında aciz qalması, həm mövcud sahibləri, həm də gələcəkdə elektromobil almağı planlaşdıranları ciddi şübhə qarşısında qoyub. Batareya blokunun zədələnməsi isə elektromobilin ən bahalı detalının yararsız hala düşməsi deməkdir ki, bu da bir çox hallarda avtomobilin bərpasını iqtisadi baxımdan səmərəsiz edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a nəqliyyat məsələləri üzrə ekspert Tale Ələddinzadə bildirib ki, yaşanan bu təbiət hadisəsi elektromobil bazarında psixoloji və iqtisadi təlatümlərə səbəb ola bilər: “Elektromobillərin Bakı infrastrukturuna uyğunluğu ilə bağlı yaranan bu mənzərə ikinci el bazarında ciddi durğunluq yaradacaq. Batareyasına su dolan avtomobillərin təmiri astronomik rəqəmlər tələb etdiyindən, yaxın müddətdə bu seqmentdə kəskin ucuzlaşma və alıcı inamının sarsılması qaçılmazdır. Alıcılar artıq risk etmək istəmir və texnoloji yenilikdən daha çox, Bakının yağışlı küçələrinə davamlılıq faktorunu üstün tuturlar”.

Onun sözlərinə görə, bu vəziyyət daxili yanma mühərrikli (ənənəvi) avtomobillərə olan tələbatı yenidən pik həddə çatdıracaq: “Vətəndaş gördü ki, ən kritik hava şəraitində ənənəvi mühərrikli avtomobillər daha etibarlı və dözümlüdür. Bu vəziyyət bazarda tələb-təklif balansını dərhal dəyişəcək. İnsanlar kütləvi şəkildə ənənəvi avtomobillərə üz tutduqca, həmin nəqliyyat vasitələrinin qiymətində ən azı 5-10 faiz artım gözlənilir”.

Ekspert qeyd edib ki, elektromobil satışı ilə məşğul olan salonlar və fərdi şəxslər alıcı cəlb etmək üçün böyük endirimlərə getmək məcburiyyətində qalacaqlar: “Elektromobillərin ‘su qorxusu’ artıq bazarda bir aksioma çevrilir. İnsanlar büdcəsini qorumaq üçün daha baha olsa belə, ənənəvi yanacaqla işləyən maşınlara üstünlük verəcəklər. Bu da o deməkdir ki, qarşıdakı aylarda ənənəvi avtomobil bazarında qiymətlərin bahalaşması, elektromobil bazarının isə ‘qızıl payız’ının sona çatması müşahidə ediləcək”.

Tunar,
NOCOMMENT.az

Chosen
25
nocomment.az

1Sources