EN

Azərbaycan elminə verilən yüksək qiymət

ain.az bildirir, 525.az portalına istinadən.

Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Fərhad Hüseynovun “International Cooperation in the Post-Soviet Space: Former Soviet Republics and Theories of International Politics” (“Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri”) adlı kitabı ABŞ-da işıq üzü görüb. Maraqlıdır ki, bir müddət əvvəl həmin kitabın Amerikanın Top-10 Universiteti siyahısına daxil olan Kolumbiya Universitetindəki beynəlxalq konfransda uğurlu təqdimatından sonra ölkənin çox nüfuzlu akademik nəşriyyatı Bloomsbury Academic müəllifə müraciət edərək kitabı nəşr etməyi təklif edib.

Kitab postsovet məkanında dövlətlərarası münasibətləri araşdıraraq regionda beynəlxalq əməkdaşlıq üçün mövcud imkanları və məhdudiyyətləri müəyyən etməyi qarşıya məqsəd qoyub. Tədqiqat çərçivəsində mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları təhlükəsizlik məsələləri kontekstində qiymətləndirilib. Müəllifin fikrincə, regional əməkdaşlıq üçün zəruri təhlükəsizlik yalnız dövlətlərin sülhyönümlü və təmkinli siyasət yürütməsi ilə təmin oluna bilər. Bu baxımdan kitabda Azərbaycanın regional siyasəti əməkdaşlıq və sabitlik baxımından nümunə kimi göstərilib.

Qeyd etmək lazımdır ki, kitab beynəlxalq akademik ictimaiyyət tərəfindən də diqqətlə qarşılanıb. Müasir Amerika siyasi elminin ən nüfuzlu nümayəndələrindən biri, Princeton Universitetinin professoru və beynəlxalq münasibətlər nəzəriyyəsinin aparıcı alimlərindən sayılan Robert O. Keohane müəllifin irəli sürdüyü nəzəri yanaşmanı yüksək qiymətləndirərək Fərhad Hüseynova şəxsi məktub ünvanlayıb. Bundan əlavə, nəşr ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib ki, bu da kitabın beynəlxalq akademik dövriyyədə yer almasının bariz sübutudur. Azərbaycan alimlərinin beynəlxalq akademik məkanda belə uğurları ölkənin elmi və intellektual potensialının mühüm göstəricisidir.

SEVİNC

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
525.az

1Sources