ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Qahirə, 11 aprel, AZƏRTAC
Sudanda 19 milyondan çox insan dünyada ən böyük humanitar aclıq böhranı ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.
Bildirilib ki, təxminən 45 milyon nəfər əhalisi olan ölkədə davam edən münaqişə ərzaq təhlükəsizliyinin kəskin pisləşməsinə səbəb olub.
Bundan başqa, açıqlamada qeyd olunub ki, paytaxt Xartumda Ümumdünya Ərzaq Proqramının ofisinin fəaliyyəti yenidən bərpa olunub. Qurum münaqişənin başlanmasından bəri fəaliyyətini Port Sudan şəhərindən həyata keçirirdi.
Proqramın icraçı direktorunun müavini Karl Skau Xartumda Sudan Baş naziri Kamil İdrislə görüşdən sonra verdiyi açıqlamada şəhərdə vəziyyətin əvvəlki aylarla müqayisədə nəzərəçarpacaq dərəcədə müsbət istiqamətdə dəyişdiyini bildirib: “Şəhərdə daha çox hərəkətlilik müşahidə olunur, hava limanı fəaliyyət göstərir, insanlar yavaş-yavaş evlərinə qayıdır və həyatlarını yenidən qurmağa başlayırlar”.
Bununla belə, Karl Skau ölkənin geniş ərazilərində silahlı qarşıdurmaların davam etdiyini vurğulayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.