EN

İransayağı “qələbə”: Hörmüz boğazını 6 milyard dollara “satdı”

Reuters-in məlumatına görə, ABŞ Qətər və digər xarici banklarda dondurulmuş İran aktivlərini sərbəst buraxıb. Bildirildiyinə görə, söhbət 6 milyard dollarlıq vəsaitdən gedir. İranpərəstlər bunu Tehranın Tramp üzərində ən böyük qələbəsi adlandırsalar da, reallıq fərqli mənzərəni ortaya qoyur.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Heydər Oğuz deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqtonun bu addımı qarşılıqsız deyil: “ABŞ ördək almadığı yerə toyuq verməz. ABŞ ordusunun Yaxın Şərq üzrə hərbi komandanlığı olan CENTCOM-dan gələn xəbərə görə, iki ABŞ gəmisi Hörmüz boğazını keçib və Fars körfəzində mina təmizləmə fəaliyyətinə başlayıb. Qısası, belə anlaşılır ki, İran dünyanın enerji mənbələrinin 20 faizini hasil edən bir coğrafiyanı ABŞ-a özünün halal pulu olan 6 milyard dollara satıb”.

Heydər Oğuz qeyd edib ki, Hörmüz boğazı İranın ən güclü strateji silahı sayılsa da, Tehran bu silahını məhz maliyyə böhranı səbəbindən “dəyər-dəyməzə” əldən verib: “ABŞ İranı təkcə hərb meydanında vurmayıb, hərb meydanından daha ağır zərbə maliyyə sahəsində endirilib. SEPAH-ın əməliyyatları davam etdirmək, proksi qüvvələri canlı tutmaq və sanksiyalardan yayınmaq qabiliyyəti üçün pul köçürmə imkanları açıq olmalıdır. Lakin ABŞ Xəzinədarlığının ardıcıl sanksiyaları nəticəsində bu sistem deqradasiyaya uğrayıb, SEPAH-ın maliyyə örtüyü kimi istifadə etdiyi Çin şirkətləri belə bloklanıb”.

Siyasi şərhçi əlavə edib ki, martın 31-də baş verən gərginlikdən sonra İranın Körfəz ölkələri ilə də əlaqəsi kəsilib: “Birləşmiş Ərəb Əmirliklərində SEPAH-a bağlı onlarla pul dəyişdiricisinin həbs edilməsi rejimin ən vacib maliyyə arteriyalarından birinin kəsilməsinə yol açıb. Operatorlarına pul ödəyə bilməyən şəbəkələr uzun müddət fəaliyyət göstərə bilməz. Məhz bu səbəbdən də İran özünün Qətərdə saxlanılan 6 milyard dollarını götürmək bahasına Hörmüz boğazını ABŞ-a təhvil verməli oldu. Bu da sizə İransayağı ‘qələbə’!”.

Sara,
NOCOMMENT.az

Chosen
20
nocomment.az

1Sources