EN

Vens: İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq

Yaxşı xəbər budur ki, artıq 21 saatdır iranlılarla bir sıra əsaslı müzakirələr aparmışıq. Pis xəbər odur ki, razılığa gələ bilməmişik.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens İslamabaddakı danışıqların nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu, Amerika Birləşmiş Ştatlarından daha çox, İran üçün pis xəbərdir.

“Beləliklə, razılığa gəlmədən ABŞ-a qayıdırıq. Qırmızı xətlərimizin nə olduğunu, hansı məsələlərdə onları qəbul etməyə hazır olduğumuzu və hansı məsələlərdə qəbul etməyə hazır olmadığımızı çox aydın şəkildə bildirmişik. Biz bunu mümkün qədər aydın şəkildə bildirdik və onlar şərtlərimizi qəbul etməməyi seçdilər”,- deyə Vens vurğulayıb.

ABŞ-ın Vitse-prezidenti deyib: “Biz İranın nüvə silahı əldə etməyə çalışmayacaqlarına və nüvə silahına tez bir zamanda nail olmağa imkan verəcək vasitələr axtarmayacaqlarına dair qəti öhdəlik götürmələrini görməliyik”. Onun sözlərinə görə, bu, Amerika Birləşmiş Ştatları Prezidentinin əsas hədəfidir və nümayəndə heyəti danışıqlar vasitəsilə buna nail olmağa çalışıb.

“Biz bütün məsələlər barədə danışdıq. Amma yenə də, iranlıların şərtlərimizi qəbul etməyə hazır olduqları bir vəziyyətə gələ bilmədik. Düşünürəm ki, biz kifayət qədər güzəştə getdik. Prezident bizə dedi ki, razılaşma əldə etmək üçün əlimizdən gələni etməliyik. Biz bunu etdik və təəssüf ki, heç bir irəliləyiş əldə edə bilmədik” ,- deyə Vens əlavə edib.

O bildirib ki, İslamabaddan sadə təkliflə - ABŞ tərəfinin ən son və ən yaxşı təklif olan anlaşma metodu ilə ayrılırlar.

“İranın bunu qəbul edib-etməyəcəyini görəcəyik”, - deyə Vitse-prezident vurğulayıb.

Chosen
10
9
yeniazerbaycan.com

10Sources