12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə sovet kosmonavtı Yuri Qaqarin “Vostok-1” kosmik gəmisi ilə Yer kürəsinin orbitinə çıxmaqla tarixə düşüb. Ümumilikdə 1 saat 48 dəqiqə davam etmiş bu uçuş Yer ətrafında tam bir dövrəni əhatə edib və kosmosa çıxış dövrünün başlanğıcı kimi qiymətləndirilib.
Azərbaycanın kosmik inkişafına ümumi nəzər
Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, müstəqillik dövründə Azərbaycanda kosmik sənayenin qurulması istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncamla ölkədə kosmik sənayenin yaradılması prosesi rəsmi olaraq başlanıb. 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib və Azərbaycanın ilk telekommunikasiya peyki – “Azerspace-1” 2013-cü ildə orbitə buraxılıb. Bu hadisə Azərbaycanın “kosmik klub” adlandırılan peyk sahibi ölkələr sırasına qoşulmasını təmin edib. 2014-cü ildə “Azersky” adlı Yerin müşahidə peyki orbitə buraxılıb. 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxıb.
2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərkosmos” publik hüquqi şəxsə çevrilib və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə verilib. Bu dəyişiklik onun fəaliyyət sahəsini daha da genişləndirib və beynəlxalq əməkdaşlıq imkanlarını artırıb.

Beynəlxalq tədbirlər: ev sahibliyi və iştirak
2023-cü ilin oktyabr ayında Bakı şəhəri 74-cü Beynəlxalq Astronavtika Konqresinə (IAC2023) ev sahibliyi edib. Konqresdə 106 ölkədən 7000-dən çox iştirakçı və 95 ölkədən təqdim olunan rekord sayda – 7000-dən artıq elmi məqalə ilə Bakı şəhəri Paris, Vaşinqton və Bremeni geridə qoyub. Eyni zamanda, Azərbaycan IAC2024 (İtaliya, Milan) və IAC2025-də (Avstraliya, Sidney) uğurla təmsil olunub.
Ötən il ölkəmiz Kosmik Texnologiyalar Konfransına (STC2025) da ev sahibliyi edib. Bu, Azərbaycanı regionda kosmik texnologiyalar sahəsində bilik mübadiləsinin və strateji tərəfdaşlığın mərkəzinə çevirərək ölkəmizin bu sahədə artan rolunu bir daha nümayiş etdirib.
Türk dövlətlərinin kosmik sahədəki birliyi
2025-ci ilin aprel ayında Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Kosmik Agentliklərinin Rəhbərlərinin 4-cü illik toplantısı keçirilib. Bu toplantı türk dövlətlərinin kosmik sahədə əlaqələrini gücləndirmək, regional innovasiya və elmi-texniki tərəfdaşlığı təşviq etmək məqsədilə təşkil olunub. TDT çərçivəsində möhkəmlənən əməkdaşlıq və Türk dövlətlərinin kosmik sahədəki birliyi müasir dövrdə sadəcə mənəvi bağları deyil, strateji maraqları da əks etdirir.
Dünyanın daha çox kosmosa ehtiyacı var
Azərbaycan Türkiyənin Antalya şəhərində keçiriləcək 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) çərçivəsində təqdim olunan elmi məqalələrin sayına (814) görə 108 ölkə arasında ikinci yeri tutub. Bu, ötən illə müqayisədə təxminən 29 faiz artım deməkdir.
Oktyabr ayında keçiriləcək bu konqres “Dünyanın daha çox kosmosa ehtiyacı var” mövzusuna həsr edilib. Mövzu bəşəriyyətin qarşısında duran qlobal çağırışlara kosmik texnologiyalar vasitəsilə həll yollarının tapılması, kosmosun bəşəriyyət üçün əhəmiyyətinin daha dərindən dərk olunması, həmçinin innovasiya, davamlı inkişaf, müxtəliflik və qlobal əməkdaşlığın təşviqi kimi istiqamətləri əhatə edir.
İlk Milli Kosmik Hakaton
Ötən ilin dekabrında ölkəmizdə ilk dəfə olaraq Milli Kosmik Hakaton keçirilib. Tədbir “Azərkosmos”un təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sabah.Hub və İsrailin “IAI” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan İnnovasiya Mərkəzində keçirilib. İştirakçı komandalar 24 saat ərzində Yerin müşahidəsi peykləri əsasında əldə olunan məlumatlardan və müasir texnologiyalardan istifadə edərək kənd təsərrüfatında məhsuldarlığın artırılması, şəhərsalma proseslərinin optimallaşdırılması, ətraf mühitin qorunması və fəlakətlərin idarə olunması kimi sahələrdə kosmik texnologiyalarının tətbiqinə dair həllər təqdim ediblər.
Ümumiyyətlə, kosmik sənayenin inkişafı Azərbaycanda strateji istiqamətlərdən biridir. Görülən işlər sayəsində ölkəmiz kosmos sahəsində regional əməkdaşlığın genişlənməsinə və qlobal elmi-texniki tərəqqiyə töhfə verən fəal iştirakçılardan birinə çevrilib.
Oxuməni.az