“Dünəndən etibarən İctimai televiziyanın efirində “Mikrorayon” serialı nümayiş olunmağa başladı. Həftənin şənbə günləri axşam saat 22:00-da yayımlanır. Bu ekran işində mən də rol almışam. 12 ildən sonra nəhayət ki, film və serial sahəsinə qayıtdım. Sonuncu dəfə təxminən 12 il əvvəl xalq artisti Vaqif Mustafayevin Ulu Öndər Heydər Əliyev haqda çəkdiyi “Gedirəm insanları xilas etməyə” filmində iştirak etmişdim. Bu filmdə Ulu Öndərimizin anası İzzət xanım obrazını canlandırmışdım. Daha sonra isə analıq məzuniyyətinə çıxdım və bütün gücümü sırf övladımın tərbiyəsinə, böyüməsinə yönəltdim. Bu müddətdə ara-sıra teatr və dublyaja da gedirdim”.
Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram teatrının aktrisası, Əməkdar artist Məsmə Aslanqızı deyib.
O daha sonra bildirib ki, bir neçə ekran işinə dəvət alsa da senarini bəyənməyib:
“Bu seriala dəvət almamışdan öncə iki seriala da təklif gəlmişdi. Oradakı senariləri də oxudum. Başa düşdüm ki, mənim obrazım deyil. Heç kəsin inciməyini istəmirəm, amma bilirdim ki, o rolların öhdəsindən gələ bilməyəcəm. Buna görə imtina etdim. Daha sonra “Mikrorayon” serialının quruluşcu rejissoru Qulu Əsgərov məni kastinqə dəvət etdi. Çəkəcəkləri serial haqda ümumi məlumat verdi. Birinci seriyanı oxudum və oxuyandan sonra Quluya baxıb dedim ki, bilmirəm siz bu obraza kimi təsdiq edəcəksiz, amma Bahar mənim rolumdur. Bir neçə gündən sonra Qulu zəng vurdu və həmin rola təsdiqləndiyimi bildirdi. Filmin baş prodüseri Sevinc Əliyevadır. Çox istedadlı, məsuliyyətli bir xanımdır. Bir az da zəhmi var deyə həm texniki heyət, həm də akyor heyəti ondan çəkinir. Məncə baş prodüser məhz bu cür olmalıdır. Hər kəs öz işinə məsuliyyətlə yanaşır. Orada bizim Orxan adlı səs rejissorumuz var idi. O 5-6 gün 40 qızdırma ilə çəkilişə gəldi. Baxmayaraq ki, halsız idi, amma bütün qüvvəsini serialın çəkilişinə səfərbər edirdi. O ki, qaldı senariyə.. Çox maraqlı bir senaridir. Hər seriyanı oxuyanda nə qədər həyəcan keçirmişəmsə bir Allah bilir”
.
Məsmə Aslanqızı deyir ki, bu sahədə kollektivin məsuliyyətli olması çox vacibdir:
“Tamaşalar da, filmlər də, seriallar da kollektiv işdir. Hər kəs ümumi işi düşünsə əlbəttə ki, nəticəsi yaxşı olacaq. Yox əgər bir aktyor belə olsun “mənəm-mənəm” deyərsə, onda sözsüz ki, filmin nəticəsi də yaxşı olmur və uğur qazanmır. Xüsusilə gənc aktyor və aktrisaları qeyd etmək istəyirəm ki, çox istedadlıdırlar. Etiraf edim ki, mən onları kifayət qədər tanımırdım, bu serialın çəkilişində tanıdım. Heyranlıqla onların ifasına baxırdım. Maşallah, həm xarici görünüşləri gözəldir, həm üzlərində bir nur var, həm də çox istedadlıdırlar. Çox istərdim ki, serialllarda da, filmlərdə də bu cür peşəkar aktyorlardan istifadə olunsun. Tamaşaçı onsuz da film və serialı izləyəndə qeyri-peşəkarla peşəkar aktyoru ayırd edə bilir. Tamaşaçını aldatmaq olmur”, - deyə əməkdar artist bildirib.