Albaniyanın "Eqnatiya" klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyev Sportal.az saytına müsahibə verib.
- "Eqnatiya" son matçında "Biliş"ə 3:0 hesabı ilə qalib gəldi. Demək olar ki, sizin üçün asan qələbə alındı?
- Bəli, demək olar. Oyun istədiyimiz kimi keçdi və biz rahat qələbə qazandıq. Təbii ki, qələbə bizi məqsədimizə daha da yaxınlaşdırır.
- Klubda hazırkı durumunuzdan razısan? Demək olar ki, indi daha çox oynayırsan?
- Bəli, hazırkı durumumdan razıyam. İkinci dövrə bütün oyunları əsas heyətdə stabil olaraq oynamışam. Burada olduğum müddətdə yalnız bu mövsüm ilk dövrəni az oynamışam. Şükür Allaha, indi yenidən əvvəlki kimi əsas heyətdəki yerimi qaytardım. Bu da sevindirici haldır.
- Ölkə xaricində oynayırsan, amma millinin son toplanışına dəvət edilmədin. Yəqin ki, millidən dəvət gözləyirdin?
- Hər bir futbolçu millidə oynamaq istəyir. Bu, məndə də belədir. Bundan əvvəl də, dəfələrlə vurğulamışam ki, millidə oynamaq, orada daimi olmaq mənim üçün həm şərəf, həm də ən böyük hədəflərdən biridir. Təbii ki, daim millidə olmaq, ölkəm üçün oynamaq istəyirəm. Ancaq qərarı mən vermirəm. Mən sadəcə öz işimə köklənmişəm. Hər bir qərara hörmətlə yanaşıram. Yəqin ki, ehtiyac olsa, yenidən dəvət alaram milliyə. Düşünürəm ki, stabillik və performansım yaxşı olduğu halda, yenidən dəvət də olacaq.
- Maraqlıdır, dəvət olmasa da millinin məşqçilər korpusu bu haqda səninlə söhbət edirdi, onlarla əlaqədəsiz?
- Xeyr. Sonuncu dəfə Fernandu Santuşun vaxtında əlaqə saxlayıblar. Ondan sonra mənimlə əlaqə saxlayan olmayıb.
- Azərbaycan milli komandasının qarşıda Litva və Lixtenşteynlə Millətlər Liqası oyunları gözləyir. Bu matçlar üçün milliyə dəvət ediləcəyinə inanırsan?
- Mənim inanıb-inanmamağım nəyisə dəyişmir. Dediyim kimi, mənim işim öz klubumda mütəmadi oynayıb, yaxşı performans göstərməkdir. Seçim isə baş məşqçinindir. Mən də hər bir qərara hörmətlə yanaşıram.
- "Eqnatiya"nın bu mövsüm çempionluq şanslarını necə dəyərləndirirsən? Səncə, bu, realdır?
- Təbii ki, realdır. Son illərin çempionu olaraq, bu il də hədəf növbəti çempionluqdur və bunun üçün əlimizdən gələni edəcəyik. Əslində, bu mövsüm çempionluq uğrunda daha gərgin mübarizə gedir. Üç komandanın da şansları bərabərdir. Birinci və üçüncü yer arasında xal fərqi cəmi 3-dür. Bizimlə lider arasında iki xal var və ona görə də son ana qədər gərgin mübarizənin gedəcəyini düşünürəm. Allah qoysa, sonda gülən tərəf biz olarıq.
Mirbağırağa
saytlarin hazirlanmasi