EN

Ayı borcla başa vuran vətəndaşlar Bir sorğuda acı reallıqlar üzə çıxdı...

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Sosial şəbəkədə aparılan sadə bir sorğu Azərbaycanda əhalinin real gəlir vəziyyəti ilə bağlı maraqlı mənzərəni ortaya çıxıb. Tanınmış texno-bloqer Fərid Pərdəşünas “Facebook”hesabında istifadəçilərə “Aylıq qazancınızın neçə faizini yığa bilirsiniz?” sualını ünvanlayıb.

Verilən cavablar isə gözləniləndən daha məyusedici və düşündürücü olub.

“Yığım deyil, borc yığırıq”

İstifadəçilərin böyük əksəriyyəti bildirib ki, yığım etmək bir yana, aylıq xərcləri qarşılamaq belə çətinləşib. Bir çoxu maaşın ayın ortasına qədər çatmadığını, bəziləri isə artıq növbəti ayın qazancını əvvəlcədən xərclədiyini qeyd edib.

Şərhlərdə “mənfi yığım” ifadəsi tez-tez işlədilib. İstifadəçilər bildirir ki, faktiki olaraq qazandıqlarından daha çox xərcləyir və fərqi borcla bağlayırlar. Hətta zarafatla deyilən “30% yığım edirəm – banka kredit kimi” fikri ümumi vəziyyəti açıq şəkildə əks etdirir.

Bahalaşma, kirayə və kreditlər əsas yükdür

Müzakirələrdə əsas problemlər kimi qiymət artımı, kirayə xərcləri və kredit ödənişləri göstərilir. Bir çox istifadəçi vurğulayıb ki, gəlirin böyük hissəsi gündəlik ehtiyaclara – ərzaq, yol pulu və kommunal xərclərə gedir.

Bəzi şərhlərdə qeyd olunur ki, əvvəlki illərlə müqayisədə yığım etmək imkanları xeyli azalıb. Xüsusilə son bir ildə bahalaşmanın bu imkanı demək olar ki, aradan qaldırdığı bildirilir.

Tək maaşla yığım mümkünsüz sayılır

Sorğuda iştirak edənlərin bir hissəsi hesab edir ki, indiki şərtlərdə yalnız bir maaşla yığım etmək çətindir. Onların fikrincə, ya ailədə bir neçə nəfər işləməli, ya da əlavə gəlir mənbələri olmalıdır. Əks halda, insanlar sadəcə “ayı aya calayaraq” yaşayır və hər ay yeni maliyyə çətinlikləri ilə üzləşir. Bəzi istifadəçilər ideal maliyyə bölgüsündən də danışıb. Onların fikrincə, normal şəraitdə gəlirin müəyyən hissəsi yığıma yönəldilməlidir. Lakin mövcud iqtisadi vəziyyət və artan xərclər bu modeli praktik olaraq mümkünsüz edir.

Sorğudan seçilmiş fikirlər

Sorğuda səsləndirilən bəzi fikirlər vəziyyətin nə qədər çətin olduğunu daha aydın göstərir:

“Vallah mən 350 manat müavinət alıram. 160 manatını “BirBank”-a, 100 manatını ABB-yə ödəyirəm. Kommunal xərcləri (işıqdan başqa) verə bilmirəm. Son 5 ildə köhnə paltar geyinirəm, bəzi xərcləri dostlarım qarşılayır”.

“Növbəti aylar qazanacağımızı da xərcləmişik”.

“Ayın ortası maaş bitir, sonra necə dolanıram, özüm də bilmirəm”.

“Mənfi 50 faiz yığım edirəm – banklarda kredit formasında”.

“Aydan aya güclə keçirəm”.

“Kirayə və digər xərclər imkan verir ki, bu ayı o aya ötürə-ötürə yaşayırıq”.

“Maaşımın 40 faizi qədər hər ay qohumlardan borc alıram”.

“Yığım? O nə olan şeydir?”

“Aldığımız gün maaş bitir”.

“Hazırda mənfidəyəm, kreditlər imkan vermir”.

“Sualı dəyişmək lazımdır”.

Müzakirələrin ümumi tonu onu göstərir ki, əhalinin böyük hissəsi üçün “yığım etmək” artıq real seçim deyil. İstifadəçilərdən biri bunu belə ifadə edib: “Sual belə olmalı idi – ayı başa vurmaq üçün nə qədər qənaət edirsiniz?”

Beləliklə, sosial şəbəkədəki bu sadə sorğu bir daha göstərir ki, hazırkı iqtisadi şəraitdə bir çox vətəndaş üçün əsas məsələ pul yığmaq deyil, borcsuz şəkildə növbəti aya çata bilməkdir. Bu da bahalaşan qiymətlərin əhalinin sosial rifahına vurduğu zərbənin bariz göstəricisidir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
azpolitika.info

1Sources