EN

Kremldən İrəvana “su müharibəsi” və ya “Sirkə nə qədər tünd olsa...” xəbərdarlığı

Rusiyalı müstəntiqlər 65 yaşlı kişinin bir stəkan “Cermuk” mineral suyu içdikdən sonra ölümü ilə bağlı işi yenidən açıb. Bu barədə Lenta.ru-ya Rusiyanın Şimali Osetiya-Alaniya Respublikası üzrə İstintaq Komitəsi məlumat verib.

Söhbət Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsinin 2-ci hissəsi (“İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən, ehtiyatsızlıqdan şəxsin ölümü ilə nəticələnən xidmətlərin göstərilməsi”) ilə cinayət işindən gedir. Bildirilir ki, istintaq yeni aşkar edilmiş hallara görə 2026-cı ilin martında yenidən açılıb.

“2024-cü il fevralın 11-də zərərçəkmiş Vladiqafqazdakı pərakəndə satış məntəqəsindən aldığı “Cermuk” mineral suyunu içib. Bundan sonra özünü pis hiss edib və vəziyyəti pisləşib. O, xəstəxanaya yerləşdirilib, lakin həkimlər təcili tibbi yardıma baxmayaraq, onu xilas edə bilməyiblər”, - nəşr yazır.

jermuk.jpg

Diqqətli oxucularımız yəqin xatırlayır, ötən il bu mövzuda yazmışdıq. Keçən ilin yanvarında məlumat yayıldı ki, “Cermuk” (Qərbi Azərbaycandakı İstisu - red.) mineral suyundan zəhərlənən vladiqafqazlı iş adamı Oleq Qusevin ailəsi içki istehsalçısına qarşı 1,5 milyard rubl iddia qaldırıb. O zaman da bu mövzuda Rusiyanın digər məşhur nəşri “Kommersant” yazmışdı. Bildirilirdi ki, 2024-cü ilin fevralında Vladiqafqaz sakini “Cermuk” mineral suyunu içdikdən sonra qida borusundan yanıq xəsarəti alıb və zərərçəkən daha sonra xəstəxanada dünyasını dəyişib.

Məsələnin müəmmalı tərəfi budur ki, butulkada mineral su əvəzinə... sirkə var olub. Ermənistanın ixracatında önəmli rol oynayan “Cermux”un su qablarının içərisinə sirkə hardan düşüb, kim onu Rusiyaya ötürüb, çox maraqlıdır. Hələ o zaman “Rospotrebnadzor” təhlükəsizlik tədbirləri çərçivəsində “Cermuk”un müəyyən partiyalarının satışını dayandırıb. Həmçinin “Cermuk” mineral suyunu istehsal edən Ermənistanın “Cermuk Group” QSC-yə, onun Rusiya Federasiyasındakı nümayəndələrinə və distribütoruna qarşı 1,5 milyard rubl təzminat davası açılmışdı. Üstəlik, Oleq Qusovun dul arvadı və iki qızının adından “Zərərin ödənilməsi haqqında” iddia Vladiqafqazın Sovetski rayon məhkəməsinə verilmişdi.

Üstündən bir ildən artıq vaxt keçib və yenidən “bir butulka sirkə” məsələsi qaldırılıb. Təsadüfdürmü? Şübhəsiz ki, yox. Özü də Ermənistandakı parlament seçkiləri ərəfəsində, Rusiya ilə münasibətlərin gərgin fazaya daxil olması fonunda Cermuk suyundan zəhərlənib ölən Rusiya vətəndaşı ilə bağlı söhbətin “dirildilməsi” sıradan məsələ sayıla bilməz. Düzdür, rəsmi məlumatda istintaqın gərgin keçən Vladimir Putin – Nikol Paşinyan görüşündən əvvəl yeniləndiyi bildirilir. Amma belə idisə, niyə bu barədə məlumat mart ayında açıqlanmamışdı? İkinci tərəfdən də hətta iddia olunduğu kimidirsə, bunun özü də Ermənistan rəhbərliyinə təzyiq məqsədi daşıyır.

48b13e8b-7683-37fd-bcc0-0c97f87fdfe3_1200.jpg

Rusiya Ermənistandan nə istəyir? Bu istəklər tarixdə heç vaxt olmadığı şəkildə, Kreml sahibi tərəfindən, nümayişkaranə şəkildə Paşinyanın nəzərinə çatdırıldı. Rusiya Ermənistan hakimiyyətində kimin olmasından asılı olmayaraq, onun Avropa İttifaqına yaxınlaşmasına imkan verməməkdə qərarlıdır. KTM, MDB, Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıqlarda “bir addım irəli, iki addım geri” siyasətinə təmkinlə yanaşılsa da, bunun əvəzində Avropaya can atılmasını birmənalı şəkildə qəbul etmir. Rəsmi Moskvanın İrəvana “Ya orda olmalısan, ya bizim yanımızda” şərti əslində onun alternativ seçmək hüququnu tanımamaqdır. Amma Paşinyanın Rusiya prezidenti ilə görüşdə “altı-beş danışması”, Rusiyada yaşayan ermənilərin 7 iyun seçkilərində iştirak etmək istəyinə qaneedici cavab verməməsi, Ermənistan pasportunu əsas arqument kimi önə çəkməsi, konstitusiyanı xatırlatması Kremli qəzəbləndirməyə bilməzdi. Məhz bu görüşdən sonra Ermənistandakı revanşistlərin hərəkətə keçməsi, cani Robert Köçəryanın iddialı danışması, Üçkilsədə çıxartdığı oyunları ifşa olunan Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin “nokdaun”dan ayılaraq, yenidən dirəniş göstərməsi, İrəvandakı aksiyalardakı dinamika məhz Rusiyadakı görüşün məntiqi nəticəsidir. Diqqət edin, erməni diasporu Fransanın paytaxtı Parisdə toplanıb və II Qareginin müraciəti konfrans iştirakçılarına çatdırılıb. Erməniləri “yad təsirlərdən uzaq durmağa” səsləyən baş keşiş diaspor təşkilatlarının vahid gücə çevrilməsi və “milli maraqların müdafiəsi” üçün birgə fəaliyyət göstərməsi ilə bağlı xitab edib.

Rusiyanın emissarı Samvel Karapetyanın donorluğu ilə hakimiyyətə qarşı çıxan kilsənin rəhbəri Avropadakı ermənilərdən kömək istəyir, bunun özü də absurddur. Paşinyan ölkəsini Avropaya tərəf aparmaq istəyir, Qaregin isə forpost olaraq Rusiyanın əlinin altında davam etməyi zəruri sayır. Karapetyanın patronajlığı altında təsis edilən “Güclü Ermənistan” partiyasının İrəvanda mitinq keçirməsi də Rusiyanın planlarında iştiraka hazırlıq ismarışı idi. Bütün revanşistlər fürsət və Rusiyadan işarə gözləyir.

f51af5f5af3f7711cebb51bd58868563.jpg

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusunun ağır yol-nəqliyyat hadisəsinə səbəb olması da təsadüf hesab edilmir. Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Bəlkə bu “təsadüfi” qəza elə Paşinyana xəbərdarlıqdır, yaxasına Ermənistanın xəritəsini taxıb, pirojki, qarğdalı yeyə-yeyə bölgələri gəzir, bir gün “təsadüfi” atəş də açıla bilər...

52a39ff1ceeee29183920fceb1fe0059.jpg

Rusiya rəhbərliyi Ermənistana qazı getmək istədiyi Avropadan dəfələrlə aşağı qiymətə satdığını xatırladıb. Həmçinin iki ölkə arasındakı ticarət dövriyyəsinin dəfələrlə artdığını diqqətə çatdırıb. Ermənistan büdcəsinin əsasını təşkil edən Rusiya şirkətlərinin fəaliyyəti də tez-tez başa qaxınc edilir. Belə bir məqamda qazın qiymətinin artırılması, məsələn, 177 dollara deyil, 600 dollara satılması erməni əhalisində anti-Rusiya ritorikasının artmasına səbəb ola, Paşinyanın əlini gücləndirə bilər. Ona görə də Kreml hələlik buna getmir və Ermənistana qarşı “su müharibəsi” elan edib. Bir şüşə su, daha doğrusu, bir şüşə sirkə kimin boğazını yandıracaq, bunu qarşıdakı aylarda görəcəyik...

 MsJzwNEOLiJuLst46Mu15MDQjdOMmv4V9l4qf46Q_1200.jpg

Ermənistan işğal dövründə taladıqları Kəlbəcərin İstisuyunu “Cermuk” adı altında dünya bazarına çıxarırdı. Mütəxəssislər əminliklə bildirir ki, Kəlbəcərdəki İstisu dağın o üzündəki İstisudan – Cermuxdakı sudan keyfiyyətçə çox irəlidədir. Amma istənilən halda, söhbət sudan gedir, sirkədən yox. Deməli, may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısı və ilk Ermənistan-Avropa İttifaqı sammiti ərəfəsində Kremldən Paşinyana edilən xəbərdarlığın mənası budur: “Sirkə nə qədər tünd olsa, qabını çatladar”. Yəni inadından əl çək, Avropa fikrini başından çıxar, yoxsa...

Chosen
29
musavat.com

1Sources