EN

Bakıda sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildi

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İlqar Əbilovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 2026-cı il yanvarın 12-də gecə saat 00:20 radələrində Bakı şəhəri Nərimanov rayonunda yerləşən fərdi yaşayış evində baş verib.

 

Belə ki, İlqar Əbilov kirayədə yaşadığı evin qonaq otağında onunla qeyri-rəsmi münasibətdə olan zərərçəkmiş Rəfiqə Səfərova (adı, soyadı şərtidir) ilə qısqanclıq zəminində mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs qadına qarşı zor tətbiq edərək əvvəlcə baş nahiyəsindən bir dəfə, daha sonra isə sağ sifət nahiyəsindən bir dəfə sillə ilə zərbə endirib. Hadisə nəticəsində zərərçəkmiş şəxs sağ gözaltı nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoma xəsarəti alıb.

 

Beləliklə, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib.

 

Məhkəmə iclasında İlqar Əbilov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib. O, zərərçəkmiş şəxslə barışdığını və vurduğu ziyanı tam şəkildə ödədiyini deyərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib. Bununla bağlı barışıq ərizəsi məhkəməyə təqdim olunub.

 

Məhkəmə iclasında iştirak edən Rəfiqə Səfərova da təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini təsdiqləyib. O da iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 13 Aprel 2026, 10:16   
Chosen
30
33
pravda.az

10Sources