EN

Orban niyə uduzdu?

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Macarıstan Baş naziri Viktor Orban aprelin 12-də keçirilən parlament seçkilərində sarsıdıcı məğlubiyyətə uğradı, onu nə manipulyasiyalar, nə də 15 ildən artıq hakimiyyətdə olması xilas edə bildi. Dostlarının, o cümlədən ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vensin açıq dəstəyi də ona kömək etmədi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşrin yazdığına görə, uzunmüddətli hakimiyyətin üstünlükləri olsa da, bu, zəif nöqtəyə də çevrilə bilir - Orbanın bu seçkilərdə başına gəldiyi kimi. Seçicilər zaman keçdikcə ondan və partiyasından (Fidesz) iqtisadi tənəzzülə səbəb olan qohumbazlıq və korrupsiyaya görə narazı qalmağa başlamışdılar. Amma Orban cəmiyyətin dəyişən əhval-ruhiyyəsinə reaksiya vermədi, əvvəlki üç seçkidə istifadə etdiyi strategiyanı davam etdirdi: özünü “Macarıstan maraqlarını qoruyan yeganə şəxs” kimi təqdim edir, xarici təhdidləri ön plana çıxarırdı. Bu kampaniyada o, rəqibini (ölkənin yeni lideri Peter Madyarı) ölkəni müharibəyə sürükləməkdə ittiham edir, bunu isə özünün yaratdığı “iki əsas təhlükə obraz” - Avropa İttifaqı və Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqələndirirdi. Amma geosiyasi qorxu ritorikası artıq işləmirdi. Bu səhv qiymətləndirmə isə onun rəqibi Peter Madyarın üstünlük qazanmasına zəmin yaratdı.

“Böyük populist öz nüfuzunu itirdi, onu zəiflədən problemləri - nəzarətsiz korrupsiya və qohumbazlıq, kleptokratik hakim sinif və pisləşən infrastrukturu görə bilmədi. Bütün bunlar Madyarın mövqelərini gücləndirdi”, - nəşr qeyd edib.

Mənbə vurğulayıb ki, Trampın komandasının üzvlərinin və Avropa populistlərinin Budapeştə gəlib Orbanı dəstəkləməsi də nəticə vermədi: “Onların səs-küylü çağırışları macar seçicilərə təsir etmədi. Çünki seçiciləri daha çox gündəlik problemlər - borcların ödənilməsi, iş tapmaq və keyfiyyətli tibbi xidmət maraqlandırırdı”.

“Politico” hesab edir ki, Viktor Orbanın Peter Madyara qarşı artıq yeni ideyası qalmamışdı. Madyar isə əvvəlki rəqiblərdən fərqli olaraq Orbanın qurduğu sistemi yaxşı anlayır, vətənpərvərlik mövzusunda geri çəkilmirdi. Onun sözlərinə görə, istər Vaşinqtondan, istər Brüsseldən, istərsə də Moskvadan gələn müdaxilə arzuolunmazdır, qərarı macarlar özləri verəcək. Nəşrin fikrincə, bu güclü patriotik xətt Orbanın ənənəvi xəttini üstələdi.

Madyar kampaniyasını əsas problemlərə fokuslamışdı: inflyasiya, iqtisadi geriləmə və geniş yayılmış korrupsiya. Bu isə ona ciddi üstünlük qazandırdı. Madyarın “müasir, Avropa tipli Macarıstan” vədi yalnız gəncləri deyil, həm də orta yaşlı kişiləri və işçiləri, Orbanın partiyasının ənənəvi seçici bazasını özünə cəlb etdi.

Orbanı illərdir izləyənlər hesab edirlər ki, o, seçki kampaniyasının əvvəlində artıq uduzacağını hiss etmişdi. Bu da onun Brüssel və Zelenski ilə münasibətlərdə gərginliyi artırmasını və rəqiblərə qarşı sərt çıxışlarını qismən izah edir.

Orabın bioqrafı Pal Daniyel Renyi “Politico”ya deyib:

“O, sadəcə ümid edirdi ki, nəsə onun xeyrinə dəyişəcək. Danışığı, dili, jestləri - hamısı fərqli idi. Depressiv görünürdü. Məncə, başa düşürdü ki, heç nə əbədi deyil”./Teleqraf 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
5
bakivaxti.az

6Sources