EN

Azərbaycanda hotellər kəskin ucuzlaşdı SƏBƏB

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Havaların qeyri-sabit və yağışlı keçməsi, eyni zamanda aprel ayında rəsmi istirahət günlərinin az olması bölgələrdə turizm sektoruna birbaşa təsir edib. Xüsusilə rayonlarda fəaliyyət göstərən hotellərdə müştəri axınının azalması qiymətlərin kəskin şəkildə aşağı salınmasına səbəb olub. Sahibkarlar doluluğu təmin etmək üçün endirimlərə getsələr də, bu addım gözlənilən nəticəni tam vermir.Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev Demokrat.az-a deyib ki, son zamanlar intensiv yağan yağışlar paytaxtdan bütün bölgələrə gedən turistlər üçün müəyyən çətinliklər yaradıb:“Yollarda sel sularının həddindən artıq olması, yolların qismən qəzalı vəziyyətə düşməsi bölgələrə gedən turistlərə ciddi təsir göstərib. Xüsusən şimal bölgəsində Şəki, Qax, Zaqatala, Balakən bölgələrində çox ciddi yağıntılar olub, normadan artıq yağıntı qeydə alınıb. Bu da həm bölgələrdə yaşayan sakinlərə, həm də orada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ciddi zərər vurub. Nəticə etibarilə turizm sənayesi də bundan zərər görüb. Bu dövr qeyri-mövsüm sayılır. Bu cür yağıntıların olması səyahət edənlər üçün əlavə çətinliklər yaradır. Amma eyni zamanda sahibkarlar bu istiqamətdə endirimlər və xüsusi kampaniyalar təklif etsələr, turistlər üçün daha maraqlı ola bilər. Çünki bu aylarda, hələ may ayının sonuna qədər, bölgələr qeyri-mövsüm hesab olunur. Mayın ikinci yarısından, təxminən 20-25-dən sonra isə bölgələrə axın daha da güclənəcək”.O bildirib ki, hazırda yaxın bir neçə ay üçün bölgələrdə hava şəraitinin müəyyən qədər qeyri-sabit olacağı, ara-sıra yağışların davam edəcəyi gözlənilir:“Amma bunun nə dərəcədə kəskinləşəcəyini indidən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Hər halda bu yağışlar müəyyən təsirlər göstərir. Oxşar hallar əvvəllər də yaşanıb. Hazırda isə yol infrastrukturu demək olar ki, yüksək səviyyədə bərpa olunur. Yaxın vaxtlarda Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı istiqamətində yol işlərinin tamamlanması, o cümlədən İsmayıllıda körpünün açılışı nəzərə alınsa, hesab edirəm ki, yol infrastrukturu tamamlandıqdan sonra bu istiqamətdə ciddi maneələr qalmayacaq. Bölgələrdə fəaliyyət göstərən hava limanlarının da gələcəkdə fəaliyyətini genişləndirməsi və daha aktiv işləməsi nəzərdə tutulur. Bu da vətəndaşların rahat şəkildə səyahət etməsi üçün əlverişli şərait yaradacaq. Həmçinin işğaldan azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanı, yəni Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanları fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala, Qəbələ və Lənkəran hava limanları da mövcuddur. Gələcəkdə hava nəqliyyatının daha da aktivləşməsi ilə vətəndaşlar yağıntılı hava şəraitində belə təyyarə ilə rahat şəkildə bölgələrə gedib-gələ biləcəklər”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
demokrat.az

1Sources