EN

Azərbaycan və Ermənistan birgə bacarır Qəbələdən gələn qələbə xəbəri

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub. Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb. Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqların ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir.

Prezidentin köməkçisi vurğulayıb ki, dünyada baş verən yeni təlatümlərin və müharibələrin fonunda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi olduqca vacibdir.

Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib ki, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Qəbələ şəhərində keçirilən görüş sayca dördüncüdür:

“Müzakirələr əsasən regiondakı proseslər, qonşuluqda baş verən müharibələr nəticəsində artan qeyri-müəyyənliklər, daxili və xarici amillərin sülh prosesinə təsiri ətrafında aparılıb. Ayrı-ayrı sessiyalar iştirakçıların öz ölkələrindəki fəaliyyəti, iki ölkə cəmiyyətlərinin sülh gündəliyini necə qəbul etməsi, sülh üçün maneələr və imkanlara həsr olunub. Eyni zamanda, sülh prosesinin növbəti mərhələsində əməkdaşlıq formatları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təbii ki, sülh gündəliyini müəyyən edən əsas amil iki ölkənin razılaşdırdığı siyasi legitimlikdir. İyunun əvvəlində bu legitimliyin nə dərəcədə dayanıqlı olacağı və vətəndaş cəmiyyətlərinin hansı şərtlər altında birgə fəaliyyətini davam etdirə biləcəyi aydın olacaq. Bu amil sülh prosesinin fundamental əsasını təşkil edir və prosesin geriyə dönüb-dönməyəcəyi, yaxud geri dönüşsüz xarakter alıb-almayacağı sualına cavab verəcək”.

Politoloq qeyd edib ki, belə görüşlər bir-birini anlamağa, reallıqlarla tanış olmağa və gələcək addımları müəyyən etməyə imkan yaradır:

“Bu gün demək olar ki, sülh gündəliyi daha dəqiq çərçivə qazanır və realist perspektivlər formalaşır. Müzakirələr çərçivəsində münaqişənin dərin travmaları, həssas mövzular və cəmiyyətlərin sülhə hazırlığı da nəzərdən keçirilir. Məhz bu cür səmimi və etimad əsaslı müzakirələr vasitəsilə hansı istiqamətdə irəliləməyin mümkün olduğu aydınlaşır.

Bu, uzunmüddətli yoldur və səbir, ardıcıllıq və dözümlülük tələb edir. Sülh prosesinin dinamikası yüksəkdir və mövcud şəraitdə mümkün olan bütün addımlar atılır. Vətəndaş cəmiyyəti də bu prosesin tərkib hissəsi kimi öz rolunu müəyyən etməyə çalışır, həm birgə fəaliyyət həyata keçirir, həm də öz ölkələrində fəaliyyətini davam etdirir”.

Erməni politoloq Garik Keryan da deyib ki, hər bir görüş böyük əhəmiyyət daşıyır:

“Ermənistan və Azərbaycan sülhü qoruyacaqlarını yüksək səviyyədə bəyan ediblər. Mən də bir vətəndaş və mütəxəssis kimi hesab edirəm ki, sülh və təhlükəsizlikdən vacib heç nə yoxdur.

Bu gün sülh prosesi iki istiqamətdə irəliləyir. İki dövlət arasında danışaqlar uğurla gedir. Xalqlar arasında mövcud olan etimadsızlıq və düşmənçilik münasibətləri də aradan qalxmalıdır. Bunun üçün isə zaman lazımdır.

Hesab edirəm, bu görüş və digər tədbirlər çox vacibdir. “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa davam etməlidir. Gələcəkdə iki xalq arasında ünsiyyət üçün başqa yollar da tapmaq mümkündür. Məsələn, sərhədyanı kəndlərin bir-biri ilə əlaqəsi və ya ticarət yarmarkalarının təşkil edilməsi yaxşı nümunə ola bilər”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
globalinfo.az

1Sources