EN

Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Əvəz Əli oğlu Rüstəmovun Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsinin bölmə rəisi, habelə həmin hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə qeyd olunan nazirlikdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ibtidai istintaqla Əvəz Rüstəmovun sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş qeyd olunan hissənin işçiləri və digər vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqaviləsinin tərtib edilməsi və onların qeydiyyata alınması müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə, habelə işlə təmin olunma ilə bağlı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvətalma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilməklə barəsində yaşı və səhhəti nəzərə alınmaqla, məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Chosen
2
41
sia.az

10Sources