ABŞ ilə İran arasında İslamabadda keçirilən 21 saatlıq görüşdə razılaşma əldə edilməyib, lakin diplomatiya qapısı bağlanmayıb.
Tərəflərin bir neçə gün içində yenidən görüşə biləcəyi bildirilir.
Hörmüz boğazı, uran proqramı və dondurulmuş aktivlər əsas mübahisə mövzuları olub, Vaşinqton prosesi İranın üzərinə qoyub. İran isə uğursuzluğun səbəbini ABŞ-nin həddindən artıq tələbləri ilə izah edib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, yeni görüş raundunun gündəmdə olduğu bildirilir. “Wall Street Journal”-ın mövzuya yaxın mənbələrə istinadən xəbərinə görə, region ölkələri iki tərəfi yenidən danışıqlar masasına oturtmaq üçün intensiv diplomatik fəaliyyət aparır.
Mənbələr bir neçə gün içində ikinci görüş raundunun keçirilə biləcəyini bildirir. Danışıqlarda ən böyük fikir ayrılıqlarının Hörmüz boğazının ödənişsiz açılması, İranın uran proqramının gələcəyi və Tehranın dondurulmuş aktivlərinin azad edilməsi olduğu qeyd edilir.
İran tərəfinin uranın zənginləşdirilməsini məhdud şəkildə davam etdirmək və ya ehtiyatları azaltmaq təklifləri verdiyi, lakin razılıq əldə olunmadığı bildirilir. ABŞ-nin vitse-prezidenti Vens 21 saatlıq görüşlərdən sonra tərəflərin razılığa gəlmədiyini təsdiqləyib.
O, “Bu vəziyyət ABŞ-dən çox İran üçün pis xəbərdir”,- deyib. İran mediası isə razılaşmanın olmamasının səbəbi kimi ABŞ-nin “həddindən artıq tələbləri”ni göstərir. Tərəflər bir-birini ittiham etsələr də, diplomatiya qapısının tam bağlanmaması diqqət çəkir.
Ekspertlər bildirirlər ki, Hörmüz boğazı ətrafındakı böhran və nüvə gərginliyi davam etsə də, tərəflərin tam şəkildə danışıqlardan çıxmaması yeni diplomatik proses ehtimalını saxlayır.