Bu gün saat 18:00: ABŞ Hörmüz boğazında blokadaya başlayır...
“Reuters” agentliyinin yaydığı məlumata görə, ABŞ hərbi qüvvələri İranla bağlı dəniz blokadası əməliyyatına bu gün – 13 aprel tarixində start verir. ABŞ Mərkəzi Komandanlığının açıqlamasına əsasən, əməliyyat Bakı vaxtı ilə təxminən saat 18:00-a (10:00 ET / 14:00 GMT) uyğun gələn vaxtda qüvvəyə minir və İran limanlarına daxil olan və ya oradan çıxan bütün dəniz nəqliyyatına tətbiq olunacaq.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu qərarı Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqların uğursuzluğa düçar olmasından sonra açıqlayıb. “Reuters” yazır ki, Tramp sosial media hesabında bildirib: “İranın tətbiq etdiyi qeyri-qanuni rüsumları ödəyən heç bir gəmi açıq dənizdə təhlükəsiz olmayacaq”.
Beynəlxalq medianın məlumatına görə, ABŞ-ın planlaşdırdığı blokada tam miqyaslı “boğazın bağlanması” deyil, daha çox İran limanlarına yönəlmiş gəmilərin qarşısının alınmasına hesablanıb. Bununla belə, əməliyyatın faktiki olaraq Hörmüz boğazı üzərində hərbi nəzarətin gücləndirilməsi anlamına gəldiyi vurğulanır.
Eyni zamanda Reuters-in enerji sektoruna dair məlumatında bildirilir ki, blokadanın başlanacağı xəbəri fonunda artıq tanker şirkətləri riskdən yayınmaq üçün marşrutlarını dəyişir, bəzi iri neft tankerləri isə Hörmüzə daxil olmaqdan imtina edir.
İran tərəfi isə bu addıma son dərəcə sərt reaksiya verib. SEPAH rəhbərliyinə yaxın mənbələr və rəsmi açıqlamalarda qeyd olunur ki, ABŞ hərbi gəmilərinin boğaza yaxınlaşması “atəşkəsin pozulması” kimi qiymətləndiriləcək və dərhal cavab veriləcək. İran rəsmiləri xəbərdarlıq edib ki, bölgəyə daxil olan hərbi qüvvələr “qətiyyətlə və sərt şəkildə qarşılanacaq”.
Qlobal medianın hazırda bütün diqqəti Hörmüz boğazına yönəlib. Çünki dünya neft tədarükünün təxminən 20 faizi məhz bu dar dəniz keçidindən keçir və burada baş verəcək hər hansı qarşıdurma qlobal enerji bazarlarına dərhal təsir göstərir.
Musavat.com-a görə vəziyyət artıq yeni mərhələyə keçib: müharibə quru və hava əməliyyatlarından çıxaraq dənizlərə – xüsusilə də Hörmüz boğazına daşınır. Qarşıdakı saatlar isə ABŞ və İran arasında qarşıdurmanın nə dərəcədə genişlənəcəyini müəyyən edəcək.
Hazırda dünya mediası, enerji bazarları və hərbi müşahidəçilər eyni nöqtəyə fokuslanıb – saat 18:00 və Hörmüz boğazı.
Musavat.com