EN

Evlənənlər narkoloji testdən keçirilməlidir?

Son zamanlar boşanmalar artım tempi ilə davam edir. Boşanmaların qarşısını almaq üçün müxtəlif təklif və fikirlər səslənir. Bu günlərdə deputat Göydəniz Qəhrəmanov  təklif edib ki, nikah bağlanarkən tibbi arayışla yanaşı narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəy də təqdim olunmalıdır: 

“Bəzi hallarda şəxsdə narkoloji asılılığın olduğu nikahdan sonra müəyyən edilir və bu da ailələrin dağılmasına səbəb olur. Bu hallar əvvəlcədən müəyyən edilərsə, boşanmaların sayı azala bilər”.

Qeyd edək ki, bu təklif birmənalı qarşılanmayıb. Sözügedən təklifi dəstəkləyənlərə yanaşı, tənqid edənlər də olub.

Bəs ailə qurmaq istəyənlərin narkoloji testdən keçirilməsi nə dərəcədə düzgündür? 

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova Hit.az-a açıqlamasında bildirib ki, cəmiyyətdə baş verən xoşagələn və xoşagəlməyən bütün hadisələr birbaşa ailə münasibətlərinə təsirsiz keçmir:

“Əsasən də, yeni ailə quran cütlüklərin yeni ailəyə alışana qədər müəyyən zamana ehtiyacları olur. Bəzən bu zamanı iradəsi zəif olanlar aşa bilmirlər. Üstəlik, bu zaman kəsiyində tərəflər arasında bəzi, hətta ciddi anlaşılmazlıqlar yaşanır. Bildiyimiz kimi, son illərdə ailə institutunun qarşılaşdığı əsas problemlərdən biri də nikahdan sonra üzə çıxan gizli asılılıqlardır. Xüsusilə də, narkoloji asılılıq bəzi hallarda yalnız ailə qurulduqdan sonra məlum olur və bu da ciddi sosial-psixoloji gərginliklərə, hətta boşanmalara səbəb olur”.

Ekspert qeyd edib ki, bu baxımdan “nikahdan əvvəl narkoloji yoxlama” məsələsi cəmiyyət üçün aktual müzakirə mövzusuna çevrilib:

“Problemin mahiyyətini araşdırdıqda rastlaşdığımız əsas məqam ondan ibarətdir ki, narkoloji asılılıq təkcə fərdin sağlamlığına deyil, onun ailə münasibətlərinə, sosial davranışına və iqtisadi vəziyyətinə də ciddi təsir göstərir. Ailə qurulduqdan sonra belə bir problemin üzə çıxması tərəflər arasında etimadın sarsılmasına, məişət zorakılığına, maddi çətinliklərə və psixoloji travmalara yol açır. Təbii ki, nəticədə bu kimi hallar çox vaxt boşanma ilə yekunlaşır.

Xoşagəlməz halların qarşısının alınmasını istəyiriksə, əvvəlcədən müəyyən etməyin mümkün təsirlərinin təhlil edilərək aşkarlanması vacib şərtdir. Nikahdan əvvəl şəxslərin narkoloji vəziyyəti rəsmi şəkildə yoxlanılarsa, bu bir neçə istiqamətdə müsbət nəticə verə bilər. Təhlil zamanı şəffaflıq və etimadın gücləndirilməsi əsas prioritet olaraq götürülərsə, tərəflər bir-birinin sağlamlıq vəziyyəti barədə əvvəlcədən məlumatlı olarlar. Cütlüklərin ailə qurmaqla bağlı daha məlumatlı və məsuliyyətli, şüurlu qərar qəbul etmələri onların gələcək xoşbəxt ailə həyatlarının təməli ola bilər”.

Lakin həmsöhbətimiz diqqətə çatdırıb ki, bəziləri riskləri nəzərə almaq istəmirlər və potensial problemlərin əvvəlcədən aşkarlanmasına mane olurlar:

“Onlar dərk etmək istəmirlər ki, əvvəlcədən qarşısı alınmayan risklər gələcəkdə daha böyük və ağla gəlməyən fəsadlar törədə bilər. Bu fəsadlardan biri və birincisi boşanma hallarının baş verməsidir. Ailədaxili konfliktlərin əsas səbəblərindən biri kimi bu problemin əvvəlcədən aşkarlanması, olub-olmadığı haqqında məlumatlılıq məişət zorakılığının başvermə riskini azalda bilər. Unutmayaq ki, təkcə testin tətbiqi bütün problemləri həll etmir, həmçinin asılılıq kompleks bir sosial və tibbi problemdir və onun aradan qaldırılması üçün reabilitasiya, psixoloji dəstək və sosial proqramlar da vacibdir. 

Qeyd etmək lazımdır ki, nikahdan əvvəl narkoloji testlərin tətbiqi ilə bağlı yanaşmalar birmənalı deyil. Bu məsələ həm hüquqi, həm də etik müstəvidə müzakirə olunur. Təbii ki, hər hansı yeniliklər həyata keçirilərkən onun mənfi təsirləri də nəzərə alınmalıdır. Çünki cəmiyyət bəzən bu yenilikləri birmənalı qarşılamır. Bu baxımdan bir çox mütəxəssis məcburi deyil, könüllü və maarifləndirici əsaslı yanaşmanı daha məqsədəuyğun hesab edir”.

Onun sözlərinə görə, milli-mənəvi dəyərlərimizə söykənərək beynəlxalq təcrübə və mümkün yanaşmaları da araşdırmağa ehtiyac var: 

“Bizim ölkə də olmaqla bəzi ölkələrdə nikahdan əvvəl tibbi arayışlar tələb olunur. Bu arayışlara əsasən yoluxucu xəstəliklər, genetik risklər və digər sağlamlıq göstəriciləri yoxlanılır. Narkoloji yoxlamaların əlavə edilməsi isə daha həssas məsələdir və adətən tövsiyə xarakteri daşıyır. Təbbi ki, Azərbaycan reallığında da bu məsələyə mərhələli və balanslı yanaşma aparılarsa, nəticə daha effektiv ola bilər. 

Həmçinin, daha yaxı və effektiv ticə almaq üçün maarifləndirmə kampaniyalarının gücləndirilməsinə, reabilitasiya xidmətlərinin əlçatanlığının artırılmasına, nikahdan əvvəl psixoloji məsləhət xidmətlərinin tətbiqinə böyük ehtiyac var. Biraz əvvəl də qeyd etdiyim kimi, nikahdan sonra üzə çıxan narkoloji asılılıq halları ailələrin dağılmasına ciddi təsir göstərən əsas amillərdəndir. Bu problemlərin əvvəlcədən müəyyən edilməsi, şübhəsiz ki, müəyyən dərəcədə boşanmaların azalmasına kömək edə bilər. Xüsusilə yanaşma hüquqi və etik prinsiplər nəzərə alınmaqla həyata keçirilməlidir. Ən optimal versiya maarifləndirmə, könüllülük və sosial dəstək mexanizmlərinin gücləndirilməsidir. Bu halda həm fərdi hüquqlar qorunar, habelə sağlam və dayanıqlı ailələrin formalaşmasına real töhfə verilə bilər”.

Günel Cəlilova

Chosen
3
hit.az

1Sources