EN

Praqmatik və qərbpərəst Madyar: Macarıstan hara gedir?

“Macarıstanın yeni baş naziri Peter Madyarın açıqlamalarına fikir versək, belə qənaətə gəlmək olar ki, o, daha praqmatik və qərbpərəst kursu həyata keçirəcək”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Viktor Orbanın siyasəti həm Avropa İttifaqında, həm də ümumiyyətlə Qərbdə birmənalı qarşılanmırdı:

“Çünki Orban daha müstəqil siyasət aparır və onun addımları, qərarları Avropa İttifaqının siyasətinə uyğun gəlmirdi. O, Ukrayna-Rusiya müharibəsində, Çinlə əməkdaşlıqda daha sərbəst xarici siyasət yürüdürdü ki, bu da Avropa ölkələrində, ümumən Aİ rəhbərliyində qəzəb yaradırdı. Bu da Aİ-nin Macarıstanla bağlı iqtisadi layihələri məhdudlaşdırmasına yol açmışdı”.

Artıq neçə il idi ki, Aİ tərəfindən Macarıstana maliyyə yardımının edilmədiyini deyən müsahibimiz qeyd edib ki, bu, çox vacib məqamlardan idi. Dediyinə görə, Macarıstanın ÜDM-sinin böyük hissəsi məhz Aİ-dən gələn investisiyalar təşkil edirdi. Bu yatırımların bir neçə il ərzində verilməsi Macarıstanda iqtisadi çətinliklərə, inflyasiyanın artmasına səbəb olmuşdu.

Analitik vurğulayıb ki, hazırda Madyarın əsas vəzifəsi Brüssellə əlaqələri düzəltmək olacaq:

“Artıq indidən Aİ ilə münasibətlərin düzəldilməsi ilə bağlı açıqlamalar var. Digər tərəfdən, Çin və Rusiya ilə münasibətlərə yenidən göz gəzdiriləcək”.

İlqar Vəlizadə: Yeni hakimiyyətin siyasəti Macarıstanın siyasətinə təsirsiz ötüşməyəcək

İ.Vəlizadəyə görə, Ukrayna ilə münasibətlər də normala dönəcək:

“Lakin bu əlaqələr də praqmatik əsaslara dayanacaq. Yəni Rusiya ilə enerji sahəsində əməkdaşlıq tam kəsilməyəcək. Bunu hazırda etmək mümkün deyil. Əlbəttə, yeni hakimiyyətin siyasəti Macarıstanın siyasətinə təsirsiz ötüşməyəcək. Lakin mənfi nəsə gözləmək olmaz”.

Siyasi şərhçinin fikrincə, Macarıstanın yeni rəhbərliyi dövründə türk dövlətləri ilə münasibətlərə heç bir zərbə dəyməyəcək:

“Münasibətlər inkişaf mərhələsində olacaq. Aİ-nin Mərkəzi Asiya regionuna marağı artmaqdadır. Budapeşt üçün Azərbaycanla münasibətlər önəm kəsb edir. Bu da Macarıstanın enerji təhlükəsizliyi üçün çox vacib şərtdir. Həmçinin, Azərbaycanda Macarıstana məxsus onlarla şirkət fəaliyyət göstərir”.

Aydın Baxış

Chosen
12
1
bakivaxti.az

2Sources