EN

TDT nin gələcək inkişafı Azərbaycanın uzunmüddətli strategiyasında mühüm sırada dayanır ŞƏRH

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 aprel, AZƏRTAC

Dünyada artan gərginliklər, sürətlə dəyişən proseslər fonunda milli dövlətlərin, eləcə də bu dövlətlərin təmsil olunduğu birlik və təşkilatların daha çevik, gələcəyə hesablanmış və etibarlı əsaslara söykənən addımlar atması artıq zərurətə çevrilib. Bu çərçivədə təhlükəsizlik və müdafiə məsələlərinə daha çox diqqət ayırmaq, bu sahədə vahid platforma ətrafında koordinasiyalı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir. Bu, həm də onunla bağlıdır ki, hazırda qlobal məkanda bir-birini əvəz edən müharibələr təkcə münaqişə bölgələrini deyil, eyni zamanda, uzaq və yaxın regionları da ciddi təhlükə altına salır.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

Onun sözlərinə görə, bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) da öz fəaliyyətində qeyd olunan amilləri daha dərindən nəzərə almalıdır.

“Türk Dövlətləri Təşkilatı adi bir qurum deyil. Bu təşkilat üzv dövlətlərin maraqlarını qoruyan, hüquqlarını müdafiə edən və təhlükəsizlik baxımından onları birləşdirən strateji platformadır. Prezident İlham Əliyevin ötən il Qəbələdə keçirilən TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə irəli sürdüyü birgə hərbi təlimlər təşəbbüsü də bu baxışın davamı kimi qiymətləndirilir. Bu, həm də yeni formalaşan dünya nizamında türk dövlətlərinin qlobal aktora çevrilməsi məqsədinə xidmət edir. Çünki qlobal aktor olmaq üçün yalnız siyasi-iqtisadi addımlar kifayət deyil. Bu, eyni zamanda güclü hərbi və müdafiə sistemi, effektiv diplomatik mexanizmlər və koordinasiyalı strateji proqramlar tələb edir”, - deyə siyasi şərhçi vurğulayıb.

Nadir Azəri onu da əlavə edib ki, TDT-nin gələcək inkişafı Azərbaycanın uzunmüddətli strategiyasında mühüm sırada dayanır. Bakıda keçirilən tədbirlər də bunu bir daha təsdiqləyir: “Məlum olduğu kimi aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşü, aprelin 9-da isə Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Kuzey Kıbrıs Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin 3-cü iclası keçirilib. Bütün bunlar Türk dünyasının daha dərin inteqrasiyasına xidmət edir. Hesab edirəm ki, bu kontekstdə gələn ay Qazaxıstanın Türküstan şəhərində keçiriləcək növbəti sammit xüsusi əhəmiyyət daşıyır. Arzuediləndir ki, bu sammitdə xüsusilə regional təhlükəsizlik və müdafiə sahəsində mühüm qərarlar qəbul olunsun”.

N.Azərinin ehtimalına görə, ötən il Azərbaycanın ev sahibliyi ilə Bakıda və Naxçıvanda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində təsis edilən TDT-yə üzv ölkələrin QHT Platformasının gələcək fəaliyyəti də gündəmdə olacaq.

“Bir sözlə, sadaladığımız amillər Türk Dövlətləri Təşkilatının daha güclü, daha monolit və qlobal səviyyədə təsirli bir aktora çevrilməsi istiqamətində atılan və atılmalı olan strateji addımlar kimi qiymətləndirilir. Nəticə etibarilə, bütün bu addımlar Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsinə, bu isə öz növbəsində TDT timsalında regionda yeni siyasi blokun formalaşmasına təkan verə bilər”, - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
azertag.az

2Sources