ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı ziddiyyətli addımları yeni suallar doğurur.
Musavat.com xəbər verir ki, CNN telekanalının analitiki Devid Qoldmanın yazısında bununla bağlı təhlil aparılıb.
Məqalədə bildirilir ki, Donald Tramp sosial şəbəkədə etdiyi paylaşımda ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına daxil olan və çıxan bütün gəmiləri blokadaya almağa başlayacağını açıqlayıb. Halbuki, o, daha əvvəl dəfələrlə bu strateji su yolunun açıq saxlanılmasının vacibliyini vurğulamışdı.
Analizdə qeyd olunur ki, İran faktiki olaraq boğazı tam bağlamayıb, lakin tankerlərin keçidinə müəyyən məhdudiyyətlər tətbiq edir və bəzi hallarda gəmilərdən yüksək məbləğdə ödəniş tələb edir. Eyni zamanda İran müharibə dövründə də öz neft ixracını davam etdirə bilib.
CNN-in təhlilinə görə, Trampın mümkün blokada qərarı İranın əsas maliyyə mənbələrindən birini – neft ixracını kəsməyə yönəlib. Lakin bu addımın ciddi riskləri də var. Belə ki, Hörmüz boğazının bağlanması qlobal enerji bazarına ağır zərbə vura və neft qiymətlərinin kəskin artımına səbəb ola bilər.
Məqalədə vurğulanır ki, məhz bu səbəbdən ABŞ indiyədək İran tankerlərinin müəyyən dərəcədə hərəkətinə göz yumub. Çünki regiondan neft axınının tam dayanması dünya bazarında qiymətləri daha da yüksəldə bilər.
Bununla yanaşı, ABŞ administrasiyası son aylarda neft qiymətlərini sabit saxlamaq üçün müxtəlif addımlar atıb, o cümlədən ehtiyat neft buraxılışı həyata keçirib və bəzi hallarda sanksiyaları yumşaldaraq İran neftinin satışına imkan verib.
Lakin CNN analitikinin fikrincə, Tramp İrana təzyiqi artırmaq üçün daha sərt addımlar atmağa hazır görünür və bu, enerji bazarında yeni dalğalanmalara səbəb ola bilər.
Musavat.com