EN

Peskovla Vens Donbasın "tam işğalı üzrə razılaşdılar"...



Azər Həsrət: "Müharibəni hansısa şəkildə bitirmək lazımdır, amma bu hələ sülh demək deyil"

Dmitri Peskov bildirib ki, Rusiya ilə Ukrayna arasındakı əsas ərazi mübahisələri Donetsk vilayətinin kiçik bir hissəsi, təxminən 17-18 faizi ilə bağlıdır və bu ərazilər hələ tam nəzarətə götürülməyib.

Vladimir Putinin məlumatına görə, Ukraynanın nəzarətində qalan ərazilərin payı zamanla azalır.

Rusiya sülh razılaşmasının Ukrayna qüvvələrinin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən çıxarılması şərti ilə mümkün olduğunu bildirir və bu əraziləri özünə aid hesab edir.

Volodimir Zelenski isə ərazi güzəştlərini qəbul etmədiyini və bunu ölkə üçün təhlükəli saydığını deyib.

Eyni zamanda Kirill Budanov hesab edir ki, müharibə uzun çəkməyəcək, çünki tərəflər onun bitməsini istəyir və kompromisə doğru yaxınlaşırlar.

O, həmçinin qeyd edib ki, müharibənin Rusiya üçün böyük maliyyə xərcləri də sülhə təzyiq yaradan amillərdən biridir.

Peskov J.D. Venslə razılaşdı: Moskva və Kiyev Ukraynanın yalnız kiçik əraziləri üzərində mübahisə edir. Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov sülhün uzaqda olmadığını düşünür.

Məgər Ukrayna Donetskin Rusiyanın nəzarətində ola hissəsindən imtina edib ki, Venslə Peskov "kicik ərazilər üstündə müzakirələr edir"?

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp, eləcə də Rusiya tərəfi indiki status-kvonu saxlamaqla müharibəni bitirməkdə maraqlı görünür. Onun fikrincə, Donald Trampın Rusiyaya loyal münasibəti artıq dünyada qəbul edilir: "Digər tərəfdən, Rusiya həqiqətən müharibədən çox yorulub. Yəni üç günə hesablanmış müharibə artıq beşinci ildir ki, davam edir. Əlbəttə, belə bir şəraitdə Rusiyanın həm maddi-texniki, həm də insan resursları tükənir, xalq yorulub. Eləcə də ən yüksək səviyyəli məmurlar, dövlət rəsmiləri də yorulublar. Yəni müharibəni hansısa şəkildə bitirmək lazımdır. Müharibəni bitirmək dedikdə isə, əlbəttə, indiki şəraitdə söhbət atəşkəsdən gedir. Tərəflərin sülh müqaviləsi bağlamasından danışmaq hələ çox tezdir. O cümlədən Kiril Budanovun müharibənin tezliklə bitə biləcəyi ilə bağlı fikirləri də əslində atəşkəsi nəzərdə tutur. Yəni bu, hələ müharibənin sülh yolu ilə tam başa çatması demək deyil".

Siyasi şərhçinin fikrincə, Dmitri Peskovun dilə gətirdiyi 17–18 min kvadrat kilometr ərazi məsələsinə gəldikdə, Ukrayna heç bir ərazisini Rusiyaya güzəştə getmək fikrində deyil: "Bunu dəfələrlə Ukrayna prezidenti və digər rəsmilər də dilə gətiriblər. Yəni Ukrayna güzəştə gedəcəkdisə, beşinci ildir davam edən müharibəyə nə ehtiyac var idi? Ukrayna xalqı öz torpağından vaz keçəcəkdisə, niyə mübarizə aparır, niyə müqavimət göstərir, yüz minlərlə itki verirdi? Mən düşünürəm ki, Zelenski və Peskov səslərini uzlaşdıraraq ictimai rəyi manipulyasiya edirlər. Onlar belə bir rəy yaratmaq istəyirlər ki, guya Ukrayna xalqı müharibənin indiki şəraitdə bitməsinə razıdır. Amma bu, mümkün deyil"

Dəniz NƏSİRLİ.

Chosen
10
baki-xeber.com

1Sources