EN

Professor Könül Bünyadzadənin “Sufi fenomenologiya” adlı monoqrafiyası nüfuzlu Springer nəşriyyatında çapdan çıxıb

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadənin “Sufi fenomenologiya” adlı monoqrafiyası nüfuzlu Springer nəşriyyatında çapdan çıxıb.

Əsər Azərbaycan və ümumilikdə Şərq fəlsəfi düşüncəsində qadın müəllif tərəfindən irəli sürülmüş ilk sistemli fəlsəfi konsepsiyalardan biri kimi dəyərləndirilir.

Dörd hissə və 15 paraqrafdan ibarət olan monoqrafiyada sufilik və fenomenologiya ənənələrinin sintezi əsasında şüur, həqiqət və varlıq problemlərinə yeni fəlsəfi yanaşma təqdim olunur. Müəllif Şərq və Qərb düşüncə ənənələrinə istinad edərək mənəvi idrakla rasional təhlili birləşdirən vahid metod irəli sürür və bunu insanlığın əbədi həqiqət axtarışı kontekstində əsaslandırır.

Qeyd edilir ki, əsərdə əksini tapan ideyalar nəşrdən əvvəl yüksək impakt faktorlu elmi jurnallarda dərc olunub, nüfuzlu beynəlxalq konfranslarda müzakirə edilib. O cümlədən, 2024-cü ildə İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş XXV Dünya Fəlsəfə Konqresində təqdim olunub.

“Sufi fenomenologiya” Dünya Fenomenologiya İnstitutunun təsisçisi, amerikalı filosof Anna-Tereza Timieniçka tərəfindən əsası qoyulmuş “İslam fəlsəfəsi və Qərb fenomenologiyası dialoqda (IPOP)” seriyasının 9-cu cildi kimi nəşr edilib. Bildirilir ki, əsasən kollektiv müəlliflərin iştirakı ilə hazırlanan bu seriyada sözügedən əsər tək müəllif tərəfindən yazılmış nadir monoqrafiyalardan biridir.

Əsər ilk dəfə 2023-cü ildə Azərbaycan dilində iki cilddə nəşr olunub, elmi ictimaiyyət tərəfindən geniş müzakirə edilib. Kitab haqqında müxtəlif elmi rəylər yazılıb, Azərbaycan Milli Elmlər Akademiyasında təqdimatı keçirilib, Rəyasət Heyətində, ali təhsil müəssisələrində və beynəlxalq konfranslarda müzakirə olunub.

Hazırda monoqrafiyada irəli sürülən konsepsiya Türkiyə tədqiqatçıları tərəfindən də araşdırılır, beynəlxalq konfranslarda təqdim edilir və magistratura səviyyəsində elmi tədqiqat mövzusu kimi öyrənilir.

Əsərin elmi əhəmiyyəti nəzərə alınaraq Springer nəşriyyatı onu çap versiyası ilə yanaşı, elektron kitab formatında və görmə məhdudiyyətli oxucular üçün uyğunlaşdırılmış şəkildə də təqdim edib. Monoqrafiya artıq dünya kitabxanalarına, həmçinin beynəlxalq kitab sərgiləri və satış şəbəkələrinə göndərilib.

Qabil YUSİFOĞLU
XQ

Chosen
15
1
xalqqazeti.az

2Sources