EN

“BU ADAMLARI İŞDƏN ÇIXARMAQ GÜNAHDI...” “İdarəetmədə kosmetik dəyişikliklər etməklə problemlər həll olunmur”

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vahid Əhmədov: “Yeni gələnlər köhnə, təcrübəli kadrları tam sıxışdırır, halbuki, həmin kadrlar dövlət sisteminin əsasını təşkil edir”

“Sahibkar böyük əziyyət çəkir, müxtəlif mərhələlərdən keçir, amma…”

“İxtisarlar elə aparılmalıdır ki, ciddi sosial problemlər yaranmasın”

İstiqlalçı millət vəkili, tanınmış ictimai-siyasi xadim, iqtisadçı alim Vahid Əhmədov “AzPolitka”ya müsahibəsində İrana qarşı ABŞ-İsrail koalisiyasının apardığı 40 günlük müharibənin nəticələri, dünya və Azərbaycan iqtisadiyyatındakı yeni tendensiyalar, sosial-iqtisadi sahədəki problemlər, onlardan çıxış yolları kimi mövzularla bağlı sualları cavablandırıb.

Müsahibəninin ikincihissəsini təqdim edirik:

(Əvvəli burada)

- Vahid müəllim, regionlarda əsas problemlərdən biri də tikintilərlə bağlı icazələrin mərkzələşdirilməsidir. İndi ən ucqar kənddə də sahibkar nəsə tikmək istəsə, gərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alsın. Bu da kifayət qədər vaxt itkisi və bürokratik əngəl deməkdir…

-Mən bu barədə dəfələrlə danışmışam, hətta məsələni Milli Məclisdə də müzakirə edirdik. Əvvəla, bütün səlahiyyətlərin bir mərkəzə verilməsi, eləcə də tikinti və şəhərsalma ilə bağlı bütün səlahiyyətlərin mərkəzdə cəmləşdirilməsi düzgün deyil. Yerlərdə də səlahiyyətlər olmalıdır. Çünki regionlarda bu sahəni bilən kifayət qədər peşəkar insanlar var. Əlbəttə, aydın məsələdir ki, bunu hər şeyin bir mərkəzdən idarə olunması üçün edirlər. Çünki görürük ki, vaxtilə neft, qaz, su kəmərlərinin, kollektorların üzərində sənədsiz evlər tikilib, torpaqlar zəbt olunub və s. Harada gəldi, lazım oldu-olmadı tikintilər aparılıb. İndi Azərbaycanda təxminən beş yüz minə yaxın sənədsiz ev var.

-Bu rəqəm təkcə Bakıətrafı qəsəbələrə aidddir…

-Mən burada təkcə sıravi vətəndaşları günahlandırmıram. Bələdiyyələr faktiki olaraq torpaqları bölüb satırlar. Onlar bunu qanuni şəkildə yox, çox vaxt qeyri-rəsmi yollarla edirlər. Yəni mərkəzləşmənin səbəblərindən biri də budur.

- Bu, problemin həlli yoludurmu?

- Xeyr, bu da problemi tam həll etmir. Mərkəzləşdirilmiş formada bütün problemləri yoluna qoymaq mümkün deyil. Məsələn, kimsə öz həyətində kiçik bir tikinti aparmaq istəyirsə, gərək, gəlib mərkəzdən icazə alsın. Hətta indi həyətində adi bir hasar çəkmək istəyəndə belə gəlib soruşurlar ki, nə tikirsən, necə tikirsən və s. Ona görə də bu səlahiyyətlərin müəyyən hissəsini yerlərə vermək lazımdır. Mən dəfələrlə demişəm ki, bələdiyyələrin statusunu artırmaq lazımdır. Bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir, artıq 27 il keçib. Amma onların fəaliyyəti əsasən torpaq satmaqdan ibarət olub. Hansı bələdiyyə yol çəkdirib? Ola bilər bir-iki nümunə var… Hansı bələdiyyə məktəb, uşaq bağçası tikdirib?

-Gərək, bələdiyyənin də gəliri, səlahiyyəti olsun…

-Demək olar ki, yoxdur. Əlbəttə, buna görə bələdiyyələri günahlandırmaq olmaz. Çünki onların səlahiyyətləri çox məhduddur, kifayət qədər imkan verilməyib. Ona görə vergilərin müəyyən hissəsini bələdiyyələrin sərəncamında saxlamaq, statuslarını gücləndirmək lazımdır.

- Vahid müəllim, hazırda icra hakimiyyətlərində kütləvi ixtisarlar aparılır, yəqin bu sahə də mərkəzləşdiriləcək…

-Bəli, icra hakimiyyətlərində ixtisarlar gedir. Amma bu ixtisarların kimə nə faydası olacaq? Bu prosesin konkret nəticəsi olmalıdır. Sadəcə strukturu dəyişməklə problem həll olunmur. Ölkədə 14 iqtisadi rayon var. Mən demişəm ki, hər iqtisadi rayona bir prezident nümayəndəsi təyin olunsun və kompakt idarəetmə sistemi qurulsun. Yoxsa, hər rayonun ayrıca icra başçısı və onun böyük aparatının olması effektiv deyil. Bunlara yenidən baxmaq lazımdır.

- İxtisarlar əsasən büdcə vəsaitlərəinə qənaət məqsədi ilə aparılır...

-Qanunvericilikdə dəyişikliklər edilməlidir. Sadəcə “qənaət edirik” deməklə iş bitmir. Qənaətin real nəticəsi olmalıdır. Son vaxtlar kadr islahatları gedir, gənclər vəzifəyə gətirilir. Mən həmişə bunun tərəfdarı olmuşam. Gənclər gəlsin, işləsin, öyrənsin. Amma bir problem var: yeni gələnlər köhnə, təcrübəli kadrları tam sıxışdırır. Halbuki həmin kadrlar dövlət sisteminin əsasını təşkil edir. Onlar idarəetməni yaxşı bilirlər. Yeni gələnlər isə bu təcrübəyə malik olmur. Ona görə də o təcrübəli insanları saxlamaq, onların biliklərindən istifadə etmək lazımdır. Yeni təyin olunan rəhbər - istər şirkət rəhbəri olsun, istər nazir həmin kadrlarla işləməlidir. Onların təcrübəsindən 5-10 il istifadə etməlidir. Sonra artıq yeni nəsil tam formalaşa bilər.

-Şəhərdə subasmalar zamanı təcrübəli kadrların yeri göründü...

-Əlbəttə, təbii fəlakətlər zamanı müəyyən hadisələr baş verə bilər. Amma bizdə problem odur ki, bu cür hallar tez-tez təkrarlanır.

Bu məsələləri birdəfəlik həll etmək lazımdır. Əgər bu qədər tikinti aparılırsa, yeni evlər, obyektlər tikilirsə, paralel olaraq şəhərin su və kanalizasiya sistemi də yenilənməlidir. Bu, planlı şəkildə həyata keçirilməlidir. Sovet dövründə, məsələn, Hövsanda böyük kanalizasiya kollektoru tikilmişdi. Amma indi baxırsan ki, həmin kollektorun üstündə evlər tikilib. Bu necə baş verib? Heç kim özbaşına gedib orada ev tikmir. Deməli, kimlərsə buna icazə verib.

Məncə, Azərbaycanda, xüsusilə Bakıda və regionlarda su və kanalizasiya sisteminə çox ciddi vəsait ayrılmalıdır. Bu, kiçik məbləğlərlə - 5-10 milyonla aradan qaldırılası problem deyil.

– Sizcə, paytaxtda yağış sularının yaratdığı fəsadlara Nazirlər Kabinetinin reaksiyası adekvat idimi?

– Azərbaycan Prezidenti məsələ ilə dərhal maraqlandı. Daha sonra Nazirlər Kabineti də prosesə qoşuldu. Məsələn, müvafiq qurumların rəhbərliyi bölgələrə getdi - Quba, Qusar və digər yerlərdə yaranmış problemlərə baxış keçirdi, vəziyyət qiymətləndirildi. Sonra icra başçıları da ərazilərə gedib vəziyyətlə tanış oldular. Daha sonra bu məsələ Nazirlər Kabineti səviyyəsində müzakirə olundu, iclaslar keçirildi. Bu cür hallarda əsas məsələ odur ki, konkret qərarlar qəbul olunsun və vəsait ayrılsın. Təbii fəlakət tamamilə ayrı bir məsələdir - bu, qaçılmazdır və onu əvvəlcədən tam proqnozlaşdırmaq mümkün deyil. Amma əsas məsələ odur ki, fəlakətdən sonra operativ tədbirlər görülsün. Zərər aradan qaldırılmalı, infrastruktur bərpa olunmalı və bunun üçün kifayət qədər vəsait ayrılmalıdır. Yuxarıda qeyd etdiyim kimi Prezidentin yanında keçirilən müşavirəni mən də diqqətlə izləmişəm. ADSEA-nın rəhbəri Zaur Mikayılovun yaranmış vəziyyətlə bağlı çıxışı tam çılpaqlığı ilə Bakı şəhərinin kanalizasiya sistemində yaranmış kritik vəziyyəti açıb göstərdi. Müsbət haldır ki, o, problemin həlli ilə bağlı öz təkliflərini də verdi.

Bakıda əsas problem kanalizasiya sistemidir. Bu məsələ köklü şəkildə həll olunmalıdır. Nə qədər vəsait tələb olunursa, ayrılmalıdır. Çünki tikinti davam edir və şəhər genişlənir. Digər tərəfdən, plansız tikinti də əlavə problemlər yaradır.

Çayların vəziyyətinə də baxmaq lazımdır. Məsələn, Qudyalçay, Vəlvələçay və digər çayların yataqları ciddi problemlərlə üzləşir. Bu çayların yataqları daraldılır, ətraf ərazilər qeyri-qanuni şəkildə istifadə olunur. Nəticədə sel gələndə yaxın kəndlər su altında qalır.

Belə məsələlərə ciddi nəzarət olunmalıdır. Bu gün tikilən bir obyektin sabah dağılıb getməsi qəbuledilməzdir. Yəni, ümumi vəziyyət bəllidir: problemlər var və onların həlli üçün daha sistemli və uzunmüddətli addımlar atılmalıdır.

– Vahid müəllim, Siz və bəzi həmkarlarınız uzun illərdir ictimai çıxışlarınızda müxtəlif problemləri qaldırırsınız - sosial məsələlər, iş yerləri, infrastrukturla bağlı və s. Amma bu məsələlərin bir çoxu həllini tapmır, sanki divara dəyib geri qayıdır. Halbuki onlar sistemli şəkildə həll olunmalıdır…

–Dövlət iqtisadi inkişafı sürətləndirmək üçün bir neçə proqram həyata keçirib və bu proqramlara yüz milyarddan çox vəsait ayrılıb. Bu, çox böyük məbləğdir. Düzdür, görülən işlər də var və bunu inkar etmək olmaz. Kifayət qədər layihələr icra olunub. Amma bəzi məsələlər yarımçıq qalır. Mən özüm dəfələrlə müxtəlif problemləri qaldırmışam, əgər bu məsələlər düzgün şəkildə təqdim olunursa, onların çoxu həllini tapır. Məsələn, yolların çəkilməsi, dağlıq ərazilərdə infrastrukturun yaxşılaşdırılması, kənd yollarının bərpası kimi işlər görülüb. Quba və digər bölgələrdə də müəyyən layihələr həyata keçirilib. Amma problem ondadır ki, bəzi nazirlər bu məsələləri lazımi şəkildə təqdim etmək istəmirlər. Halbuki bunun üçün müəyyən qədər zəhmət çəkmək lazımdır. Əgər məsələ düzgün təqdim olunarsa, onun həlli mümkündür.

Digər tərəfdən, idarəetmə sistemi daha çevik olmalıdır. Müasir dövrdə bunun üçün kifayət qədər nümunələr var, onlardan istifadə etmək lazımdır. Sadəcə ad dəyişməklə heç nə dəyişmir. Dövlət müəssisəsini publik hüquqi şəxsə çevirmək, amma mahiyyətcə eyni idarəetməni saxlamaq problemi həll etmir.

-Yeri gəlmişkən publik hüquqi şəxlərin yarıdan çoxu ləğv olunur və ya birləşdirilir…

-Əsas məsələ struktur və yanaşmanın dəyişməsidir. Bu baxımdan, hesab edirəm ki, struktur islahatlarına ciddi ehtiyac var. Qurumların statusuna yenidən baxılmalıdır.

Məsələn, Prezident İlham Əliyev tərəfindən təyin olunan regional nümayəndəliklər artıq fəaliyyət göstərir - Qarabağ və Naxçıvan istiqamətində. Bu nümayəndəliklərin səlahiyyətləri artırılmalıdır. Onlar üçün daha kompakt və effektiv idarəetmə aparatı yaradılmalıdır ki, regionlarda prosesləri daha yaxşı idarə edə bilsinlər.

Əsas məsələ isə regionlardır. Regionlarda real iş aparılmalıdır.

Sadəcə idarəetmədə kosmetik dəyişikliklər etməklə problemlər həll olunmur. Yerli icra strukturlarına da real səlahiyyət və vəsait verilməlidir. Orada konkret proqramlar hazırlanmalı və həyata keçirilməlidir. Mən xatırlayıram ki, Prezident İlham Əliyev icra başçılarını təyin edərkən onlara konkret tapşırıq verirdi: regionlara investisiya cəlb edin. Bu, çox vacib məsələdir. Regionlar inkişaf etməsə, bütün yük Bakının üzərinə düşəcək.

– Amma investisiyalar kəskin azalıb.

– Bəli, investisiyalar çox aşağı düşüb. Niyə düşüb? Çünki hamı gözləyir ki, maliyyə yalnız dövlət büdcəsindən gəlsin. Halbuki hər bir rayon rəhbəri özü də bunda maraqlı olmalıdır. Xarici təşkilatlarla, digər ölkələrlə əlaqə qurmalı, investisiya cəlb etməyə çalışmalıdırlar. Bəzi rayonlarda bu cəhdlər var - çalışırlar, investor tapırlar. Amma ümumi yanaşma yenə də dövlət büdcəsinə bağlı qalır.

-Əsas məsələ investisiyanın təhlükəsizliyidir.

-Əlbəttə, investor pul qoyanda əmin olmalıdır ki, sabah dövlət qurumları ona problem yaratmayacaq. Burada məhkəmə-hüquq sisteminin rolu çox böyükdür. Bu sahədə müəyyən problemlər var və islahatlara ehtiyac qalır.

Ən əsas məsələlərdən biri sahibkarın əmlakının toxunulmazlığıdır. Sahibkar o əmlakı yaratmaq üçün böyük əziyyət çəkir, müxtəlif mərhələlərdən keçir. Ona görə də bu əmlakın qorunmasına çox ciddi yanaşmaq lazımdır. Digər mühüm məsələ kreditlərdir. Sahibkarlığın inkişafı üçün kredit mexanizmi düzgün işləməlidir.

Kreditlər əlçatan, şərtlər normal olmalıdır. Əgər sahibkar işləyirsə və dövlətə, cəmiyyətə fayda verirsə, onun qarşısında süni maneələr yaradılmamalıdır. Faizlər və digər maliyyə şərtləri də uyğun səviyyədə olmalıdır. Azərbaycanın kifayət qədər iqtisadi potensialı var və bu potensialdan düzgün istifadə etmək lazımdır.

– Vahid müəllim, bəs bu qədər ixtisarlar, işdən çıxarmalar nə dərəcədə doğrudur? Xüsusilə minimum əməkhaqqı alan insanların işdən çıxarılması məqbuldurmu?

– Ümumiyyətlə, belə insanları işdən çıxarmaq günahdır. Çünki onlar əsasən çox az maaşla dolanan insanlardır. Bəzən ixtisarlar elə aparılır ki, insanlar birbaşa zərər çəkir. Bu da yenə struktur islahatlarına bağlıdır. İxtisarlar düşünülmüş şəkildə aparılmalıdır ki, ciddi sosial problemlər yaranmasın. Bəli, bəzən islahatlar çətin olur və müəyyən dövrdə ağrılı nəticələr verir. Amma uzunmüddətli perspektivdə yaxşı nəticə də verə bilər. Məsələn, devalvasiya dövrünün əvvəlində çətinliklər oldu, amma zamanla müəyyən sabitlik yarandı.

-Devalvasiya riskləri yenə aktualdırmı?

-İndi əsas məqsəd milli valyutanın sabitliyini qorumaqdır. Amma bunun üçün qeyri-neft sektoru inkişaf etməlidir. Çünki biz neftdən asılılığı azaltmalıyıq. Dünya artıq alternativ enerji mənbələrinə yönəlir. Bərpa olunan enerji, yeni texnologiyalar inkişaf edir və biz də bu prosesdən geri qalmamalıyıq. Son dövrlərdə süni intellekt sahəsində də inkişaf var. Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılır, fərmanlar verilir, layihələr həyata keçirilir.

Digər vacib məsələ informasiya texnologiyalarıdır. Bu gün dünya məhz bu sahə üzərində qurulub və gənclər də əsasən bu istiqamətdə fəaliyyət göstərirlər. Azərbaycanda da bu sahəyə maraq artır, müəyyən işlər görülür. Amma bunu daha da genişləndirmək lazımdır.

Süni intellektə xüsusi diqqət yetirilməlidir. Çünki dünyanın gələcəyi məhz bu texnologiyalar üzərində qurulur. Dövlətlər inkişaf etməyə davam edir. Ona görə də, nə qədər çətin olsa da, çalışmalıyıq ki, insanların həyat səviyyəsi yaxşılaşsın. Son dövrlərdə maaş artımları da həyata keçirilir…

– Minimum maaşla və ya orta əməkhaqqı ilə yaşayan insanların sosial vəziyyəti necə tənzimlənməlidir? Çünki bəzi sahələrdə yüksək maaşlar verilir, bir çoxunda isə minimum əməkhaqqı… Yəni balans qorunmur. Məsələn, müəllimin orta maaşı təxminən 700 manatdır.

– Amma müəllimlər arasında da yüksək maaş alanlar var.

– Ümumi orta göstərici yenə də aşağıdır.

- Mən özüm də bir neçə dəfə təhsil rəhbərləri ilə görüşmüşəm və onların yeniliklər tətbiq etməyə çalışdıqlarını görmüşəm. Təbii ki, bu prosesdə problemlər də yaranır. Amma islahat aparılmadan müasir dövrdə dövləti inkişaf etdirmək mümkün deyil.

Eyni vəziyyət səhiyyə sahəsində də keçərlidir. İcbari tibbi sığorta sistemi tətbiq olunarkən də müzakirələr oldu. Mənim fikrim belə idi ki, səhiyyə sistemi vahid formada idarə olunmalıdır. Hazırda TƏBİB fəaliyyət göstərir və bu sahədə müəyyən işlər görür.

Eyni zamanda, icbari tibbi sığorta İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vasitəsilə həyata keçirilir. Bu sahəyə kifayət qədər vəsait ayrılır. Əsas məsələ bu vəsaitin ədalətli və effektiv bölüşdürülməsidir.

Yəni, kiməsə daha çox, kiməsə daha az vəsait ayrılması kimi hallar aradan qaldırılmalıdır. İcbari tibbi sığorta sistemi, məsələn, Türkiyə kimi ölkələrdə geniş şəkildə tətbiq olunur və əhali tərəfindən aktiv istifadə edilir. Azərbaycanda da bu sistemi daha da inkişaf etdirmək lazımdır. Amma ümumi yanaşma belə olmalıdır: səhiyyə sistemi vahid şəkildə idarə olunmalıdır. Özəl sektor fəaliyyət göstərə bilər, amma əsas idarəetmə dövlətin əlində cəmlənməlidir.

E.Rüstəmıi

E.Bəyməmmədli

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
azpolitika.info

1Sources