Hər üç ildən bir müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə sertifikasiya imtahanı keçirilir. Bəzən müəllimlər bu imtahanda iştirak etməkdən yayınmaq üçün əmək müqavilələrinə xitam verilməsini istəyirlər. Bununla da yenidən müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edərək pedaqoji fəaliyyətə başlamağa cəhd edirlər.
Bəs sertifikasiya imtahanında iştirak etmək müddətinə çatmış müəllim MİQ imtahanında iştirak edə bilərmi?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, sertifikasiya müddəti çatmış müəllimin MİQ imtahanında iştirak edib-edə bilməməsi məsələsi qanunvericiliyin həm tələbləri, həm də məqsədi baxımından qiymətləndirilməlidir:
"“Təhsil haqqında” Qanuna və müvafiq normativ-hüquqi aktlara əsasən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər müəyyən dövrlərlə məcburi sertifikasiyadan keçməlidirlər və bu proses onların peşəkar yararlılığının qiymətləndirilməsinə xidmət edir. Digər tərəfdən, MİQ imtahanı əsasən müəllim işləməyən və ya yenidən işə qəbul olunmaq istəyən şəxslər üçün nəzərdə tutulmuş seçim mexanizmidir. Bununla yanaşı, qüvvədə olan normativ-hüquqi sənədlərdə sertifikasiya müddəti çatmış müəllimin əmək müqaviləsinə xitam verdikdən sonra MİQ imtahanında iştirakını birbaşa qadağan edən konkret norma mövcud deyil. Bu baxımdan, formal hüquqi yanaşmaya görə belə şəxs MİQ imtahanında iştirak edə bilər. Lakin məsələ yalnız formal hüquqla məhdudlaşmır. Çünki sertifikasiya müəllimin peşə uyğunluğunu müəyyən edən məcburi qiymətləndirmə mexanizmidir və bu prosesdən yayınmaq məqsədilə əmək münasibətlərinə xitam verilməsi hüququn məqsədinə uyğun hesab olunmur və hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər".

Millət vəkili vurğuladı ki, təhsil siyasətinin əsas məqsədi keyfiyyətin yüksəldilməsi olduğundan praktik tətbiqdə bu kimi hallara qarşı məhdudlaşdırıcı yanaşmalar tətbiq oluna bilər:
"Nəticə etibarilə, sertifikasiya müddəti çatmış müəllim əmək müqaviləsinə xitam verildikdən sonra MİQ imtahanında iştirak edə bilər, çünki buna dair birbaşa hüquqi qadağa yoxdur. Lakin bu yol sertifikasiyadan yayınma vasitəsi kimi nəzərdə tutulmadığından, belə halların hüquqi və inzibati baxımdan qiymətləndirilməsi və məhdudlaşdırılması müvafiq qanunvericiliyə dəyişikliklər olunmaqla aradan qaldırıla bilər".
Aytəkin TOFİQQIZI